19 Mart 2018 22:57
2 756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sabiq dövlət müşaviri, politoloq Rasim Ağayevlə müsahibəni təqdim edir.

- Rasim müəllim, Rusiyada prezident seçkilərinin nəticələri açıqlanıb. Rus siyasətinə bələd olan bir politoloq kimi seçki prosesini necə qiymətləndirirsiniz?

- Bu məsələyə obyektiv yanaşmaq və bir məqamı nəzərə almaq lazımdır: Rusiya təkamül prosesi yolundadır. Bizim demokratlar meydana çıxanda, Ali Soveti “götürəndə” deyirdim ki, balam, tarixi tələsdirməyin. Nə tarixi, nə də ictimai prosesləri tələsdirmək olar. Zavodun tikintisini başa çatdırmağı tələsdirmək olar, demokratiya zavod deyil axı... Demokratiya daha çox insan şüuru, onun ənənələri, cəmiyyətin tarixi, inkişafı və s. ilə bağlıdır. Təəssüflər olsun ki, Qorbaçov bunu anlamırdı, heç Yeltsinin də bundan anlayışı yox idi. Bizim o vaxtkı demokratlardan danışmağa dəyməz, çünki bu məsələni başa düşən az oldu. Rusiyada da eyni vəziyyətdir. İndi yaxşı haldır ki, Putinin hakimiyyətə gəlməsi sanki bu prosesi tənzimlədi. Bəli, Putin 18 ildir hakimiyyətdədir, amma rus tarixində daima belə olub. Əvvəllər çarlar idi. Bəzi çar 15, digəri 20 və ya 5 il çarlıq edib. Nəhayət, kommunistlər gəldi, onlar da gördüklərini düzəltdilər. Hələ kommunistlər təzə güclənirdi ki, Adolf Hitler müharibəyə başladı. O zaman təkamül prosesi gedirdi, amma Qorbaçovun gəlməsi bütün işləri korladı. Çünki Qorbaçov çox savadsız və mənasız, boş adam idi. Nəticədə ABŞ hər şeyi nəzarətə götürdü. İndi Putin nisbətən prosesləri yoluna qoyub. Fikrimcə, ictimai-siyasi və iqtisadi istiqaməti tədricən sahmana salacaq. Güman edirəm ki, Rusiyada ayrı proseslər baş verməsə, yəni qiyam olmasa, gələcək 15-20 ildə Rusiya iqtisadi və demokratikləşmə prosesində ciddi addımlar atacaq. Və belə davam etsə, 30 ildən sonra Rusiya nəhayət ki, Avropa yoluna düşəcək.

- Belə məlum oldu ki, Rusiyada keçirilən seçkilərdə ikinci yerə kommunistlər çıxdı...

- Bu təbiidir. Əsas məsələ ondan ibarətdir ki, Rusiyada Sankt-Peterburq kimi şəhər var. Bu, Avropa şəhəridir. Eyni zamanda şimalda evenk xalqı, üstəlik Sibir xalqları və digərləri var. Yəni etnik palitra çox zəngindir. Belə vəziyyətdə tam demokratik seçki məsələsi çətindir. Üstəlik siyasi ənənələr də var. Orada aparıcı siyasi qüvvələr prosesə qarışmaq, nəyisə saxtalaşdırmağa meyillidir. Amma bu saxtalaşdırmalar Yeltsin dövründə müşahidə edilən saxtakarlıqdan deyil. Yeltsin avara idi, onu söyürdülər. Amma o da deyirdi ki, mənə 80 faiz səs verilib.

Kommunistlərin ikinci yerə çıxması isə təbiidir. Mənə elə gəlir ki, əslində, kommunistlər daha çox səs toplayıb. Məsələn, kommunistlərin namizədi Pavel Qrudin təxminən 15 faizə qədər səs alıb. Rəsmi xəbər budur. Ancaq Rusiyada kommunist namizədin real elektoratı 25-30 faizdir. Təhlillər bunu deyir. Putinin real səs faizi 45-60 faiz civarındadır. Kseniya Sobçak isə heç nədir. Təsəvvür edin ki, Putin ümumiyyətlə, yoxdur. Bu halda camaat Sobçaka səs verəcək? Demokratiyada həm də real siyasi qüvvə olmaq önəmlidir. Ortaya şəxsiyyət də çıxmalıdır. Axı şəxsiyyət yoxdur. Sobçakdan prezident olar? Ruslar 5 dəqiqə ərzində onu qovar.

Məncə, yaranan iqtisadi vəziyyət və Putinin uzunmüddətli hakimiyyətdə qalması bir tərəfdən obyektiv haldır, Rusiyanın xeyrinədir, digər tərəfdən kommunistlərin vəziyyətini yaxşılaşdırır. Kənardan demokratik proses görünür, kommunistlər tənqid edir, deyirlər ki, bu qədər olmaz, iqtisadiyyat pisdir və s. Amma reallıqda Rusiyanın iqtisadi vəziyyəti ağırdır və insanlara təsir edir. Lakin Putin təbliğatını yaxşı qurdu, Rusiyanın vahidliyi və bütövlüyündən bəhs etdi, inandırdı ki, 5-10 ilə inkişaf gedəcək, Rusiya heç kimdən qorxmayacaq və qorxmur da. Yəni Putin rusları ruhlandırır. Ruslarda da keçmiş qüdrət məsələsi var, tarixi missiyaya daima inanırlar, nostalji var və s. Bütün bunları nəzərə aldıqda Putinin qələbəsi şübhə yaratmamalıdır. Söhbət yalnız səs faizlərindən gedə bilər.

- Seçkidən sonra Rusiyada hər hansı bir dəyişiklik gözlənilirmi?

- Mən dəyişiklik gözləmirəm. Fikrimcə, yaxın 3-4 ildə ciddi dəyişiklik olmayacaq. Amma Rusiya çalışıb Suriya problemini həll etməlidir. Əgər, Rusiya Suriya problemini həll etməsə, bu onun üçün II Əfqanıstana çevriləcək. Bu halda, ciddi narazılıq yarana, Putinin vəziyyəti ağırlaşa, o, çıxıb getmək məcburiyyətində qala bilər. Ukrayna və digər məsələlər ciddi deyil. Ukraynada axmaq vəziyyət yaranıb və oranın gələcəyi yoxdur. Lakin Suriya məsələsi olduqca ciddidir, xüsusilə nəzərə almaq lazımdır ki, Qərb Suriyaya stavka edir. Bu saat Qərb və ABŞ çalışır ki, Rusiyanı zəiflətsin. Bu da prinsipial mövqedir. Bu baxımdan hesab edirəm ki, indi Putinin əsas işi Suriya münaqişəsinin mümkün qədər tez həll edilməsinə nail olmaqdır.

- Rusiya daxilində ciddi qarşıdurma yarana bilərmi?

- Bunun yaranması üçün rəqib olmalıdır. Bu saat Rusiyada siyasi qarşıdurma üçün Putinin ciddi rəqibi yoxdur.

- Artıq Putin legitim prezident oldu. Bundan sonra Putinin siyasəti necə olacaq, ələlxüsus ABŞ və Avropa ilə münasibətlər sərtləşəcəkmi?

- Məncə, yaranan vəziyyətdə Rusiya daxilində hücum ritorikası olsa da, xaricdə vəziyyət o qədər də kirtik deyil. Nəzərə almaq lazımdır ki, indi Rusiya ətrafında yaranan durum Avropanın özünün də xeyrinə deyil. Qərbi Avropanın ticarəti, nefti əsasən Rusiya ilə bağlıdır. Özü də, bu 1-5 ilin məsələsi deyil.

ABŞ-la qarşıdurma mövcuddur. Amma ABŞ indiyə qədər ciddi müharibə aparmayıb. Vyetnamda müharibə aparıb, sonra məcbur olub çıxıb. Əfqanıstana girişib, indi də bilmir neçə qurtarsın. Bir dəfə ABŞ II Dünya müharibəsində iştirak edib, o da qısa müddətli. Bəli, ingilisləri, fransızları, almanları götürsək, onlar müharibə aparıb. Amma onların daxili siyasi sistemi elə qurulub ki, Rusiya ilə müharibəyə girməzlər. Sözsüz ki, onlar Rusiyaya yuxarıdan aşağı baxır. Amma siyasətdə ciddi müharibə dönüşü gözlənilən deyil.

- Yəni Qərb-Rusiya münasibətlərində sərtləşmə olmayacaq?

- Aqressiv sərtləşmə olmayacaq. Sözsüz ki, siyasətdə ritorika olacaq, iqtisadi qarşıdurma baş verəcək. Amma müharibə olmayacaq. Çünki bu həm də Rusiyaya qarşı kampaniyadır. Rus xalqı həmişə ac olub, kolbasa, kartof və çörəklə vəziyyətdən çıxıb. Avropa və ABŞ xalqları tox olub, həmişə istəyiblər ki, imkanları yaxşı olsun. İctimai vəziyyətdə bu xalqların tələbləri yüksək səviyyədədir və bir balaca vəziyyət pisləşəndə görürsən ki, İngiltərədə hökumət dəyişdi. Məncə, Rusiya seçkilərindən sonra Avropa ölkələrinin siyasətində dəyişiklik və ya çeviklik görəcəyik. Ümumiyyətlə, Avropa sanksiyalara tərəfdar çıxaraq özünü də blokadaya salır. Avropada bu saat nağd pul yoxdur, belə pul ancaq Rusiyadadır. Bu saat ABŞ-ın öz durumu yaxşı deyil. Qısaca, bütün həngamələr, sanksiyalar ona hesablanırdı ki, Putini biabır etsinlər, seçkiləri qarışdırsınlar. Amma bu məqsədə çatılmadı. Putin seçildi və mövqelərini gücləndirdi. Bundan sonra Qərb və Avropa ilə diplomatik dialoqa keçəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər