Suriyada artıq 7 ildir hökm sürən müharibə vəziyyəti normallaşmaq əvəzinə daha da gərginləşir.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Rusif Məmmədov bildirib.
O qeyd edib ki, Suriya məsələsi ilə bağlı Qərblə Rusiya və İranın mövqeyini uzlaşdırmaq heç cür mümkün olmurdu. İndi isə problemin həllində əməkdaşlıq etdikləri görüntüsü olan Rusiya ilə Türkiyənin münasibətlərində problem yaranıb:
“Rusiya Türkiyənin Afrində hərbi əməliyyat aparmasına məcburən razılaşmışdı. Yəni, bu əməliyyat Moskvanın ürəyincə deyildi. Bu da onunla bağlı idi ki, Rusiya ilə Türkiyə son illərdə əməkdaşlıq etsələr də, Kreml Ankaranın bölgədə güclənməsini istəmir. Bildiyiniz kimi, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti hələ Afrini tərk etməyib. Rusiya isə bundan ciddi şəkildə əndişələnir. Bir neçə gün öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun açıqlaması bunun bariz nümunəsidir. Yada salaq ki, Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrini işğal etmək istədiyini heç vaxt dilə gətirməyib. Rusiya xarici siyasət idarəsinin başçısı əlavə edib ki, artıq Afrində vəziyyət normallaşıb və Türkiyə qarşısına qoyduğu əsas məqsədə nail olub. Ona görə də bu ərazi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır”.
R.Məmmədov əlavə edib ki, S.Lavrovun açıqlaması olduqca maraqlı, eyni zamanda qalmaqallı açıqlamadır:
“Çünki Türkiyə bu açıqlamadan 5 gün öncə Rusiya ilə iqtisadi, hərbi və sair sahələrdə əməkdaşlığını daha da genişləndirdi. Eyni zamanda iki dövlət başçısı Suriyada birgə fəaliyyətə dair İran da daxil olmaqla üçtərəfli görüş keçirdilər. O zaman sual yaranır: Sergey Lavrovun bu açıqlaması nəyə hesablanmışdı? Hesab edirəm ki, Rusiya əslində bununla Türkiyəyə mesaj göndərdi. Mesajı isə belə oxumaq olar: sizinlə hansı müstəvidə əməkdaşlıq etməyimizdən asılı olmayaraq, bizim bu regionda həyati vacib maraqlarımız var və onu heç bir halda güzəştə getmərik. Yəni, Afrin keçilməz qırmızı xəttdir”.
Siyasi şərhçi hesab edir ki, bundan sonra Rusiya tərəfindən belə açıqlamaları tez-tez eşidə bilərik:
“Bu da Rusiyanın Türkiyə üzərində təzyiqini daim saxlamaq istəyi ilə bağlıdır. Çünki hazırki vəziyyətdə Türkiyənin Afrindən çıxacağını gözləmək olduqca absurd yanaşmadır. Heç şübhəsiz, Türkiyənin məsələyə dair reaksiyası vacib idi ki, bu da özünü çox gözlətmədi. Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bildirib ki, Afrində terror təhlükəsi qalır, işimiz bitənə qədər orada qalmağa davam edəcəyik. Əlavə edib ki, bölgədə terror təhlükəsi tamamilə aradan qalxandan sonra Afrini seçilmiş hökumətə təslim edəcəklər. Nazirin fikrində diqqət cəlb edən əsas ifadə isə məhz “seçilmiş hökumət” ifadəsi oldu. Nurəddin Canikli bununla Rusiyaya bir növ xatırladır ki, Suriyada vəziyyətin tənzimlənməsinin əsas təminatçısı məhz Türkiyədir və seçilmiş hökumətin işə başlaması birbaşa Türkiyənin iştirakı ilə baş tuta bilər. Zənnimcə, Türkiyə rəsmisi “seçilmiş hökumət” haqqında fikirləşirsə, bununla Bəşər Əsədin hakimiyyətdə qalmasının mümkünsüzlüyünü demək istəyir. Təbii ki, bu proses o qədər də asan olmayacaq. Bölgədəki əsas aktorlardan olan Rusiya və ABŞ amilini də ikinci plana atmaq sadəlövhlük olardı”.