İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
Hörmətli cənab Prezident, əziz dostum.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə ardıcıl olaraq dördüncü dəfə seçilməyiniz münasibətilə İsrail hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin.
İsrail ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək üçün bundan sonra da Sizinlə əlaqələrimizi davam etdirmək niyyətindəyik.
Bu xoş fürsətdən istifadə edərək Sizə münasib olan vaxtda İsrailə səfər etməyiniz barədə təklifimi yenidən ali diqqətinizə çatdırıram. 2016-cı ilin dekabrında Bakıya unudulmaz səfərim zamanı Sizin mənə göstərdiyiniz səmimi münasibətə və qonaqpərvərliyə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.
Zati-aliləri, Sizi ən qısa zamanda yenidən görməyə ümidvaram.
***
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Ölkə rəhbəri kimi yüksək vəzifəyə yenidən seçilməyiniz təkcə Azərbaycan xalqının Sizə bəslədiyi etimadın göstəricisi deyil, eyni zamanda, Azərbaycan Respublikasının inkişafı naminə verilmiş mandatdır.
Pakistan və Azərbaycan strateji tərəfdaşlar olmaqla yanaşı, onlar həm də aralarında qədim mədəniyyət bağları və ortaq adət-ənənələri olan qardaş dövlətlərdir. Zati-aliləri, Sizin ötən ilin mart ayında Pakistana səfəriniz ölkələrimiz arasında mövcud olan dostluq və xeyirxah münasibətlərə əlavə stimul verdi. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələri Pakistan və Azərbaycan xalqlarının ortaq maraqları naminə bundan sonra da möhkəmləndirmək istiqamətində Sizinlə yaxından işləmək niyyətindəyik.
Yaranmış imkandan istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və yüksəliş arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".