9 İyun 2018 09:28
3 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı (Şahdust Mirzayi) Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

– Babək bəy, İran yenidən dünya siyasətinin diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Tramp düz bir ay öncə – mayın 8-də İranla imzalanmış nüvə sazişinmdən çıxdığını və Tehrana yeni sanksiyalar tətəbiq ediləcəyini bəyan etdi. Bilmək istərdik, hazırda İranda sosial-iqtisadi durum necədir?
– Nüvə sazişinin əsas iştirakçı dövləti bir tərəfdən İran idisə, digər tərəfdən ABŞ idi. Bu mənada Avropa ölkələri sazişdən çıxmasalar da onların orda iştirakı müəyyən mənada formal xarakter daşıyırdı. Avropa şirkətlərinin İran bazarını bir-birinin ardınca tərk etmələri də bunun bir göstəricisi sayıla bilər. Yəni, məsələn Fransa, yaxud Almaniya sazişdən çıxmasalar da, o ölkələrin şirkətləri bir-birinin ardınca İrandan çıxırlar. Beləliklə, əslində sazişin ləğv olunduğunu söyləmək mümkündür.
İndi bu sazişin ləğv edilməsindən sonra İranın hər yerində, o cümlədən Güney Azərbaycanda bahalıq, bütün şəhərlərdə əhalinin etirazları baş alıb gedir. Xüsusən TIR sürücülərindən yığılan sığorta haqlarının və digər ödənişlərin məbləği 4 dəfə artırılması insanların səbrini daşırıb. Təsəvvür edin ki, dollar 2700 tüməndən 8500 tümənə qalxdı. Hal-hazırda isə 1 dollar 6300 tüməndir. Bundan əlavə İrandan xaricə səfər edənlərdən “torpaqbasdı” deyilən bir rüsum alınır ki, bunun da məbləği 27 min tümən idisə (10 AZN), indi onu 200 min tümən (100 AZN-dən artıq) ediblər. İkinci dəfə səfər edənlərdən isə 300 min tümən alınır. İran vətəndaşlarından kimsə ölkəni qısa müddətli də olsa, tərk etmək istəyirsə, dövlətə bu qədər rüsum ödəməlidir ki, bu da az pul deyil. Yəni, İran xalqları istisadi cəhətdən çox böyük sıxıntı içindədir.

Əhalinin banklarda soyğunçuluq etməsi hallarına tez-tez rast gəlinir. İranın dondurulmuş 170 milyard dollar pulunun xaricdə hərbi əməliyyatlara, o cümlədən terror aktlarının təşkilinə sərf edilməsi, həmçinin bir hissəsinin ayətullahların, yüksək vəzifəli şəxslərin “ağazadə” adlandırılan övladları vasitəsilə mənimsənilərək, yenidən ölkədən kənara çıxarılmasından, bir müddət öncə “Telegram” messencer xidmətinin bağlanmasından xalqın xəbəri var. Bu gün Ramazan ayının sonuncu cümə günüdür. İranda həmin gün Qüds günü kimi qeyd olunur. Cümə namazından sonra bütün şəhərlərdə nümayişlər çağrılmışdı. Ancaq saytlara baxdıqda görmək olur ki, nümayişə çıxanlar yoxdur. Aksiyalar çox zəif keçirilir. Əvvəllər isə şəhərin küçələri dolurdu. İndi isə o günlərdən əsar-əlamət qalmayıb.

– Güney Azərbaycandakı vəziyyətlə bağlı bir qədər ətraflı bilgi verməyinizi istərdik…
– Hansı hökumətin olmasının fərqi yoxdur, Güney Azərbaycanla bağlı heç nə dəyişməyib. Həmin siyasət – assimilyasiya, tutqular, basqılar, hər yerdə qadağalar davam edir. Dünən rəsmi dövlət orqanı olan “İran” qəzetininin – hansı ki, bu qəzet bir neçə il öncə azərbaycanlıları təhqi etmiş, onları tarakana bənzətmişdi – manşetində yazılır ki, dövlət milləti himayə etməlidir. Etiraz edən qövmlərin sözləri doğrudur, onlara əhəmiyyət verməli, yerinə yetirməliyik. Ancaq zindanlar yenə də doludur. Doğma qardaşım oğlu Siyamək Mirzayiyə 12 il zindan cəzası veriblər. Guya mütəşəkkil dəstə yaradıbmış. O da deyir ki, mən dəstə yaratmışamsa, müavinim kimdir, maliyyəsi hardan gəlir? Tək adamla təşkilat olmaz axı… Bir sözlə, Güney Azərbaycanda həmin proseslər davam edir, İranda da vəziyyət çox acınacaqlıdır.

– Sözün düzü, xaricə çıxmaq üçün ölkə vətəndaşlarının dövlətə rüsum ödəməli olduğu bir qədər təəccüb doğurur…
– Bunlar hamısı büdcənin kəsirlərini örtmək üçündür. Büdcənin kəsirlərini camaatın cibindən kəsdikləri pullarla doldururlar.

– Daxildəki siyasi qüvvələrin bir-birləri ilə münasibətləri necədir?
– Hakimiyyətdə təmsil olunan böyük siyasi qrupların bir-biri ilə çəkişməsi mövcuddur. Bu yaxınlarda keçmiş prezident Mahmud Əhəmdinejadın ali dini lideri tənqid edən bir çıxışı olmuşdu. O Əli Xamneyiyə xitabən dedi ki, sən ağa deyilsən, bu millətin söz demək haqqı var. Siz kimsiniz ki, təkbaşına milləti idarə edəsiniz. Yəni, bunun özü də daxildəki cinahların bir-birləri ilə ixtilaflarının olmasından xəbər verir. Vəziyyət hazırda bu cürdür.

Ancaq bu qruplar hər vasitə ilə xalqın başını aldatmağa çalışırlar. Xalq isə hər şeyi çox yaxşı bilir. O rejim çöküş vəziyyətindədir. “Lukoil”, “British Petroleum”, Çin şirkətləri, əsasən də Avropa şirkətləri İranı tərk edirlər. Avropanın həmin şirkətləri himayə etməyə gücü çatmadığı üçün onlar bu ölkə ilə imzaladıqları müqavilələri ləğv edib ordan çıxırlar. Yaponiya, Hindistan neft almaq üçün başqa ölkələrə üz tutur. Baxmayaraq ki, sazişdə iştirak edən aparıcı Avropa ölkələri bunun əleyhinədirlər. Onlar bu sazişi qoruyub saaxlayacaqlarını deyirdilər. Ancaq onların bu sazişi qoruyub saxlamağa gücü çatmadı. Ona görə də bütün xarici şirkətlər – hansılar ki, İranla neft-kimya, sənaye sahələrində böyük müqavilələr bağlamışdılar – onların hamısı Tehranla müqavilələrini ləğv edib, bir-bir İrandan çıxırlar.

– Hazırda Prezident Həsən Ruhaninin durumu necədir? Yəqin ki, onun mövqeləri zəifləyib, mühafizəkarlarınkı güclənib…
– İranda prezident heç kimdir. Vilayəti-fəqih (ali dini lider) olan yerdə prezidentin heç bir icra gücü yoxdur. Bu, konstitusiya ilə də belədir. Prezident bir danışan vasitədir. Onun danışıqlarını da kəsə bilərlər, imza atdığı sənədləri də məhv edə bilərlər. Əsas söz sahibi vilayəti-fəqihdir. Prezident, islami şura məclisinin (parlament) sədri, Məclisi-Xubreqan (ali dini lideri seçən ayətullahlardan ibarət məhdud şura) boş-boş şeylərdir. Orda yeganə bir qüvvə var, o da vilayəti-fəqih və ona yaxın olan insanlardır. Onların arasında da ayrı-seçkilik var. Əsas Xamneyidir. Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilməyib. O adamın xalq arasında da heç bir etibarı qalmayıb. İndi də islahatçılara deyirlər ki, siz nüvə sazişini imzalamaqla İran xalqına xəyanət etmisiniz. Ruhaninin yalançılıqdan başqa heç nəyi qalmayıb. Ruhani qeyri-fars xalqlarından ibarət bir şura yaratdı, onun başına İnqilab Keşikçiləri Korpusunun belə deyək, KQB-sinin rəisi Yunisi soyadlı birini qoydu. Bütün xalqların – kürdlərin, ərəblərin, bəlucların, türklərin başına gətirdiyi adamın özü fars şovinistidir. Ruhani o cümlədən Azərbaycan xalqına verdiyi vədlərin heç birinə əməl etmədi. O, təkcə Azərbaycan xalqının deyil, bütün xalqların gözündən düşüb.

– “Telegram”ın bağlanması nə bağlı idi?
– İrandan xaricə çox güclü informasiya ötürülür. Ona görə də hökumət bu messencer xidmətini bağlamaq istəyirdi. Ancaq sərt etirazlarla üzləşdi və istəyinə nail ola bilmədi. Ümumiyyətlə, İranda baş verən neqativ proseslər təkcə Güney Azərbaycan xalqına deyil, bütün İran xalqlarına neqativ təsir edir. Əvvəlki dövrün sanksiyalarına baxmayın, bu dəfə sanksiyalar rejimin çökməsinə gətirib çıxaracaq.

– Ən azı sanksiyaların tətbiq olunması bizi hərbi-təhlükəsizlik baxımından əvvəlki gərgin dövrə qaytarır…
– İranın bu sanksiyalar qarşısında iki yolu var idi. Birincisi, silahı qüvvələrini xaricdən – Suriyadan, Yəməndən, İraqdan geri çəkməlidir. İkincisi, nüvə silahı əldə etmək istiqamətində çalışmalarını tam dayandırmalıdır. Avropa ölkələrinin liderləri də İrana deyirlər ki, silahlı qüvvələrini həmin ölkələrdən çıxar. Rusiya da bu yaxınlarda bəyan etdi ki, Suriyadakı bütün xarici qüvvələr çıxmalıdır. İran vaxtında bu iki yolu seçməli və geri qayıtmalıdır. Tehran sivil dünya ictimaiyyətinin yanına normal dövlət kimi qayıtmasa, İranın aqibəti çökməkdir. Bəli, budəfəki sanksiyalar əvvəlkilərdən çox fərqlidir. Ötən dəfəki sanksiyalar o qədər də sərt deyildi. Bu dəfə tətbiq edilən sanksiyalar dəfələrlə sərtdir. Ötən sanksiyalar dövründə Qərb İranın Suriyada və digər ölkələrdə hərbi varlığının üzərindən səthi keçmişdi. Ancaq bu dəfə nüvə silahının əldə edilməsi üzrə işlərin dayandırılması ilə yanaşı İran qüvvələrinin xaricdən çıxarılmasını, terror əməllərinə son qoyulmasını, İranın normal dövlətə çevrilməsini istəyirlər. İran xalqının milyardlarla dollar pulunu xalqın boğazından kəsib Suriyada, Yəməndə, İraqda və ya başqa yerlərdə sərf etməyə dəyməz. O pullar hamısı xalqa xərclənməli idi. Sanksiyalardan sonra İranın üzərinə həbs qoyulmuş 170 milyard dollar pulu azad oldu və nağd şəkildə Tehrana qaytarıldı. Onlar xalqa qaytarılmadı, hamısı terror və Qasım Süleymani kimi hərbçilərin xaricdə apardığı hərbi əməliyyatlara xərcləndi. Həmin puldan İran xalqına bir qəpik də xərclənmədi. Bu da xarici dövlətlərin göz yumması və böyük xəyanətləri nəticəsində mümkün oldu.

– Ötən ilin sonu, bu ilin əvvəlində İranın bir sıra şəhərlərində xalqın kütləvi etirazları oldu. Bu baxımdan yenidən xalq etirazlarının baş qaldıracağını gözləmək mümkündürmü?
– Bilirsiniz ki, hicri-şəmsi tarixi ilə 1396-cı ildə, yəni 2017-ci ilin qışında İranın yüzlərlə şəhəri ayağa qalxdı. İndi də banklar camaatın pullarını mənimsəyib vermirlər, altı aylarla insanların maaşları ödənilmir. Sanksiyalar bir qədər də davam etsə, İranda böyük bir inqilab gözlənilir. Xalqın da bütün bunlardan qeyd etdiyim kimi xəbəri var.


Müəllif: Səxavət Həmid