Son günlər əhalinin elektrik enerjisi və su ilə təminatında, habelə bundan qaynaqlanaraq bir sıra digər kommunal sferalarda yaranmış problemlər artıq öz həllini tapmaqdadır. Ajiotaj üçün heç bir əsas yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib.
O qeyd edib ki, həllini gözləyən bütün məsələlər Prezident İlham Əliyevin tam nəzarətindədir:
“Bununla bağlı xüsusi dövlət komissiyası da yaradılıb. Yaranmış problemlərin səbəb və motivləri araşdırılır və bundan irəli gələn təxirəsalınmaz tədbirlər görülməkdədir. Heç şübhəsiz, günahkarlar cəzalandırılacaq. Bu həqiqəti bir aksiom kimi qəbul etmək lazımdır. Mən başqa bir məsələyə mövqe bildirmək istəyirəm. Bəzi radikal ünsürlər baş vermiş bu kommunal problemlərə siyasi don geyindirmək istəyir, rəngləri tündləşdirir, özləri üçün dividentlər əldə etməyə çalışırlar. Hətta bəziləri bir qədər də irəli gedib Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə də manipulyasiya etməyə cəhd göstərirlər. Əvvəla, onu xüsusi olaraq vurğulamaq istəyirəm ki, belə antimilli ünsürlərin Azərbaycanı xaosda görməklə bağlı arzuları həmişə olduğu kimi, yenə də gözlərində qalacaq”.
E.Nəsirov qeyd edib ki, ölkəmizdə səfərbər olunmuş cəmiyyət var, vətəndaş həmrəyliyi mövcuddur:
“Xalq-hakimiyyət birliyi sarsılmazdır. Xalq öz prezidentinin arxasındadır. Prezident də yalnız öz xalqına güvənir və onun mənafeyindən çıxış edir. Sabitliyimizin əsasında duran əsas amil də məhz bununla bağlıdır. Özü-özlüyündə ciddi narahatlıq doğuran son kommunal problemlər belə, məlum həqiqəti bir daha təsdiqlədi ki, xalq dövlətimizin başçısına inanır, güvənir və onun iradəsini müdafiə edir”.
E.Nəsirov daha sonra deyib:
“Elmar Vəliyevi hədəf seçənlər isə unutmasınlar ki, onlar tarixdə qara ləkə olaraq qalacaq, layiqlı cəzalarını alacaqlar. İctimai qinaq obyekti olacaqlar. Gəncəni inkişafdan yayındıra bilməyəcəklər. O inkişafdan ki, onun təminatında Elmar Vəliyevin müstəsna xidmətlərinin olduğu danılmaz həqiqətdir. Elmar müəllimə cansağlığı diləyir və yenidən sevərək xidmət göstərdiyi işinin başında olmağı arzulayıram”.