9 Avqust 2018 15:34
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı ilə müsahibəni təqdim edir:

- Fəzail müəllim, Ermənistanda ciddi proseslər baş verir. Baş nazir Paşinyanın keçmiş erməni siyasətçiləri və hərbçilərini həbs etməsini necə şəhr edərdiniz?

- Məncə, Ermənistanda qeyri-müəyyənlik var. Paşinyan bir tərəfdən Rusiya ilə münasibətlərin əvvəlki ənənəyə söykənərək, inkişaf etdirilməsində guya maraqlı olduğunu deyir, bəyanatlar verir. Putinlə görüşü zamanı üzünə təbəssüm verərək, ona sadiq olduğunu büruzə verir, digər tərəfdən də ətrafına Rusiyaya nifrət edən və daha çox qərbyönlü insanları toplayır.

Eyni zamanda Qarabağ klanına qarşı ciddi mübarizə mövqeyi nümayiş etdirir. Xüsusilə, Rusiyaya yaxınlığı ilə seçilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin həbsi haqda göstəriş verir. Beləliklə, həm də Rusiyanı qıcıqlandırır. Paşinyan faktiki öz fəaliyyətində istər Rusiya, istər Qərb, istərsə də Azərbaycana qarşı riyakarlıq nümayiş etdirir. Azərbaycanla münasibətlərin yoluna qoyulması üçün danışıqlar masası ətrafında oturmasından ilk günlər imtina edir və deyir ki, mənim mandatım yoxdur. “Exo Moskva” radiosuna verdiyi müsahibədə isə müxbirdən prezidentimiz İlham Əliyevin telefonunu soruşur. Bu da qeyri-ciddi təsir bağışlayır. Bu adamın uzun müddət Ermənistanda hakimiyyətdə olacağı şübhə yaradır.

Paşinyanın indiki siyasəti proseslərin Azərbaycanın xeyrinə dəyişməkdə olduğuna stimul yaradır. Bizim diplomatiyamız bundan səmərəli istifadə etməlidir, necə ki, edir. Biz Ermənistanda gedən prosesləri, eləcə də Ermənistan-Rusiya, Ermənistan-Qərb münasibətlərini diqqət mərkəzində saxlamalı, buna uyğun addımlar atmalıyıq.

Mən dəfələrlə söyləmişəm ki, danışıqlar heç bir məna verməyəcək. Biri gedir, digəri gəlir. Levon getdi, Köçəryan gəldi, o getdi Sərkisyan gəldi. İndi də Paşinyan gəlib və sabah da Paşinyan gedəcək, Mkrtıçıyan gələcək. Məncə, biz əlverişli şəraitdən istifadə edərək torpaqlarımızın azad edilməsi üçün qətiyyətli addımlar atmağa hazır olmalıyıq. Hesab edirəm ki, buna hazırıq. Biz işğal edilən torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun hücumu və qəhrəmanlığı nəticəsində azad edə bilərik.

İndiki halda dediyim kimi, Ermənistanda qeyri-müəyyənlik hökm sürür. Bu bir növ bizə sərf etmir. Çünki nə danışıqlar var, nə də dünyanın, Rusiyanın mövqeyini bilmirik. Konkret olaraq Lavrov səviyyəsində yumşaq fikir ifadə olundu. Moskvaya yaxın ayrı-ayrı politoloqlar müəyyən bəyanatlar verir, Paşinyanı yerində oturtmağa çalışır. Yığışıb bir dəstə nümayəndə heyəti Rusiyadan Azərbaycana gəlir, CocuqMərcanlıda çıxış edərək 5 rayonunun işğaldan azad edilməsi haqda danışırlar. Nədən 5 rayon? Azərbaycanın işğala məruz qalan torpaqlarının hamısı azad edilməlidir. Məqsəd, niyyət və hədəf budur.

- Bu gün bəlli olub ki, Ermənistanın keçmiş baş naziri Ovik Abramyan istintaqa dəvət edilib, qardaşı isə həbs olunub. Sizcə, nəyə görə, Paşinyan həm Qarabağ klanını, həm də Rusiyaya bağlı siyasətçiləri həbs etdirir?

- Mənə belə gəlir ki, Paşinyan Ermənistanı çox fəlakətli vəziyyətə salan Qarabağ klanından birmənalı xilas olmaq istəyir. Məncə, Paşinyan Qərbə doğru yol götürür. Sadəcə olaraq, o, Rusiyanı açıq şəkildə qıcıqlandırmamaqla tədricən Miskvadan uzaqlaşıb qərbyönlü siyasətə hədəflənmək istəyir. Niyyəti də Ermənistanı Rusiyanın təsir dairəsindən, onun orbitindən çıxararaq onun Gürcüstan xarakterli yol tutmasına nail olmaqdır. Paşinyanın niyyətində, fəaliyyətində məncə, başlıca məqsəd budur.

- Paşinyan Ermənistanı Rusiya təsirindən çıxara bilərmi?

- Paşinyanın tutduğu bu yol kifayət qədər problemlidir. Ən azı Ermənistanın üzərində Azərbaycan kimi “Demokl qılıncı” asılıb. Bu “Demokl qılıncı”nın öz funksiyasını yerinə yetirməsi üçün Rusiyanın göz yumması lazımdır. Biz, bu zamanı gözləməliyik. 2008-ci ildə Saakaşvilinin Cənubi Osetiyaya hücumu, Abxaziya və Osetiyanı Gürcüstana birləşdirmək məqsədilə atdığı addım gürcü dövlətçiliyinə ciddi zərbə vurdu. Üstəlik Abxaziya və Osetiyanı Gürcüstandan uzaqlaşdırdı, faktiki olaraq onlar müstəqil dövlət kimi Rusiya və bir neçə dövlətlər tərəfindən tanındı. Biz bu kimi nümunələri nəzərə almalıyıq. Fikrim belədir ki, Rusiya ilə konfrontasiyaya getmək olmaz. Ən azı Rusiyanın Ermənistanda ordusu var, rus sərhədçiləri Ermənistanın sərhədlərini mühafizə edir, Rusiya Ermənistanda iqtisadi, hərbi və siyasi gücə malikdir. Rusiya Ermənistanla bağlı hazırladığı layihələri hərəkətə gətirməyib. Ona görə də Paşinyanın Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarmaq planı İrəvan üçün böyük problemlər yaradar və əlbəttə ki, bu xətt bizə xeyirdir. Mən düşünürəm ki, Paşinyan Rusiya ilə qarşıdurmaya getsə və Qərbə doğru müəyyən etdiyi xətdə ardıcıl olsa, bu, bizim xeyrimizə olacaq.

- Ermənistanın sabiq prezidenti Sərkisyan İtaliyadan birbaşa Qarabağa gedib, İrəvanda qalmağı arzu etməyib. Sizcə, niyə?

- Onun əsas dayağı Qarabağ erməniləridir. Xankəndində bir xunta yaradıb. Bu xunta əslində Ermənistanda yaradılan xuntanın analoqu idi. Yadınıza gəlirsə, Sərkisyana qarşı mitinqlər olduğu zaman işğal edilən torpaqlarımızdan ona sadiq olan qüvvələr İrəvanda mitinqə qarşı durmağa çalışırdı, hazır vəziyyətdə idilər. Sadəcə Sərkisyan cəsarət edib əmr vermədi. Ona görə bu gün də işğal edilən torpaqlarımızda yaradılan qondarma respublikanın siyasi və hərbi rəhbərliyi birmənalı olaraq Sərkisyanın arxasındadır. Fikrimcə, Xankəndindən Paşinyan hakimiyyətinə qarşı proses başlana bilər. Hesab edirəm ki, belə bir ssenari bizim xeyrimizə olardı. Arzu edirəm ki, işğal edilən torpaqlarımızda yaradılan qondarma respublikanın rəhbərliyi ilə Paşinyan arasında böyük qarşıdurma əmələ gəlsin. Bu Azərbaycan üçün uzun illərdən bu yana gözlədiyimiz şərait olardı.

- Düşünürsünüz ki, indi regionda yaranan situasiya və onun inkişaf meylləriAzərbaycanın xeyirinədir?

- Bəli, mən belə düşünürəm. Hesab edirəm ki, bu qeyri-müəyyənlik işğal edilən torpaqlarımızın azad olunmasına qədər gətirib çıxarmalıdır.


Müəllif: Cavad