3 Sentyabr 2018 18:23
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə bir araya gəldi. Olduqca müsbət atmosferdə keçən görüşdə iki ölkə arasında müxtəlif sferaları əhatə edən 15 sənəd imzalandı. Liderlər siyasi və iqtisadi əməkdaşlığın yüksək olduğunu, bundan sonra əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması da xüsusi müzakirə olundu.

Rusiya prezidenti Vladimir Putin bundan sonra da münaqişənin nizama salınmasında səylərini davam etdirəcəklərini bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev isə Rusiyanın münaqişənin həllində öz səylərini əsgirməyəcəyinə ümid etdiklərini bəyan etdi.

Soçi görüşü Azərbaycan və Rusiya münasibətlərində yeni mərhələ də hesab olunur. Xüsusilə Ermənistanda yeni hakimiyyətin Moskvaya diş qıcaması fonunda ruslar üçün regionda ən etibarlı tərəfdaş Azərbaycandır.

Publika.az xəbər verir ki, rusiyalı ekspertlər Soçi görüşünün iki ölkə arasındakı münasibətlərdə böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Rusiyalı ekspert Dmitri Verxoturov bildirib ki, Rusiya və Azərbaycan liderlərinin danışıqlarında enerji layihələrinə də xüsusi diqqət ayrılıb.

“Düşünürəm ki, danışıqlarda Transxəzər neft-qaz layihəsi müzakirə olunub. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalanandan sonra bu layihə aktuallaşdı. Fikrimcə, Azərbaycan və Rusiya neft-qaz layihələri ilə iki ölkə arasındakı əmtəə dövriyyəsini 10 milyard dollara qədər çatdıra bilər. Putin və Əliyev bu layihənin hər iki ölkənin maraqlarına uyğun olmasına çalışacaq. Moskva Xəzərdə özünün iştirakı olmayan layihələrə qarşı çıxırdı. İndi isə Rusiya bu layihənin mümkünlüyü haqqında danışır”, - deyə o bildirib.

Rusiyalı ekspert hesab edir ki, görüşdə Dağlıq Qarabağ məsələsinə də xüsusi diqqət ayrılıb: “Hesab edirəm ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ən azı müşahidəçi status alarsa, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni imkan yaradacaq”.

Rusiyalı politoloq Aleksey Fenenko hesab edir ki, hazırda Azərbaycan üçün yaxşı şanslar yaranıb.

“Rusiya və Ermənistan arasında problemlər getdikcə artır. Azərbaycan üçün bu vəziyyət sərfəlidir və Bakı bu vəziyyətdən istifadə edərək, Dağlıq Qarabağ məsələsini həll edə bilər. Soçi görüşündə liderlər şübhəsiz bu məsələni müzakirə ediblər. Hesab edirəm ki, Soçi görüşü münaqişənin həlli üçün danışıqların canlanması ilə nəticələnəcək”, - deyə o vurğulayıb.

Politoloq Aleksandr Karavayev isə deyib ki, Soçi danışıqlar daha çox iqtisadi meyilləri ilə yadda qaldı: “Ölkələr arasında 2024-cü ilə qədər iş planı imzalandı. Lakin Qarabağ məsələsi daha çox qapalı qaldı. Prezidentlər danışıqların bütün detallarını açmadılar. Lakin müəyyən ehtimallar irəli sürmək mümkündür”.

Karavayev hesab edir ki, Ermənistanla Rusiya arasında problemlər Bakının səsinin daha çox eşidilməsi ilə nəticələnəcək.

“Digər tərəfdən, Azərbaycan Ermənistanla müqayisədə Rusiya ilə iqtisadi əməkdaşlığını artırır. Yəni Azərbaycan və Rusiya münasibətlərinin perspektivləri ilə bağlı ciddi gözləntilər var, lakin Rusiya-Ermənistan münasibətlərində bunu demək çətindir. Rusiyanın Azərbaycana silah satışı da davam edəcək. Hazırda hərbi sferada 5 milyard dollarlıq əməkdaşlıq var və bu daha da böyüyəcək”, - deyə o bildirib.

Rusiyalı politoloqun fikrincə, Rusiya Qarabağ məsələsində balansı dəyişəcək və Azərbaycana doğru mövqe sərgiləyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər