Son zamanlarda Azərbaycana qarşı təhdid xarakterli bəyanatlar səsləndirən Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı sərt cəza tədbiri seçilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu professor Dilavər Əzimli deyib.
Onun sözlərinə görə, Paşinyana işğal altında olan Azərbaycan ərazilərini geri qaytarmaqla cavab vermək olar:
“Əslində Paşinyan müəyyən dövr üçün hakimiyyətə gətirildi. Digər yandan, Dağlıq Qarabağ üçüncü bir dövlətin birbaşa iştirakı ilə ermənilər tərəfindən işğal edilib. Gələcəkdə Dağlıq Qarabağı əldə saxlamaq üçün ətraf rayonlar da işğal edildi. Bu üçüncü dövlətin generalitetinin planı idi. Bununla da Ermənistana böyük şans verdilər. İndi hakimiyyətə gətirilən Paşinyan da sülhdən danışır. Hansı sülhdən? Təbii ki, Dağlıq Qarabağı çıxmaq şərtilə ətraf rayonların qaytarılması ilə nəticələnəcək sülhdən danışır”.
Dilavər Əzimli təklif edir ki, danışıqlarda “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ” ifadəsini çıxarmaq lazımdır: “Azərbaycan unitar dövlətdir və Dağlıq Qarabağ da kənar qüvvələrin yardımı ilə Ermənistan tərəfindən işğal olunub. Söhbət yalnız Azərbaycan-Ermənistan münaqişəsindən gedə bilər və Ermənistan da işğalçı dövlət statusundadır. Biz yalnız bir halda danışığa gedə bilərik ki, Ermənisatn işğal edilən bütün ərazilərdən, o cümlədən Dağlıq Qarabağdan rədd olub gedir. İndi də görürük ki, Ermənistan öz xoşuyla torpaqlarımızı qaytarmaq istəmir. Buna görə də, müharibəyə hazır olmalıyıq”.