Ermənistanda iqtisadi durum, həqiqtən də acınacaqlı vəziyyətdədir. Bu ölkənin iqtisadi potensialı iflasa uğramış durumdadır. Regiondakı bütün qlobal layihələrdən kənarda qalan, yalnız xaricdəki erməni lobbisinin yardımları hesabına dövlət büdcəsini alayarımçıq formalaşdıra bilən Ermənistan hakimiyyəti ac-yalavac yaşayan erməni xalqının ümidlərini puç edib.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, vəziyyətin dözülməz olduğu, maaşlarını və pensiyalarını aylardır ala bilmədikləri üçün Ermənistan vətəndaşları İrəvanın küçələrində etiraz aksiyalarına başlayıblar:
“Hətta, aksiyalarda çıxış edənlər açıq şəkildə Nikol Paşinyanın daxili və xarici siyasət kursunu pisləyirlər. Çünki onlar Paşinyanın inqilab öncəsi verdiyi iqtisadi və siyasi vədləri yerinə yetirmək iqtidarında olmadığını yaxşı anlayır. Ermənistandakı siyasi və iqtisadi xaosun digər səbəbi bu ölkədəki klanlararası mübarizənin gərginləşməsidir. Eks-prezidentlər Robert Köçəryan özünün və Serj Sərkisyanın ətrafının və qohumlarının korrupsiya və rüşvət ittihamları ilə həbs edilmələri, ordudakı qətl və cinayətlərə görə keçmiş generalların zindanlara atılması “Qarabağ klanı” ilə “İrəvan klanı” arasında az qala müharibə həddinə çatıb. Dərin böhran içərisində olan Ermənistan və onun baş naziri Paşinyan Qərbdən umduğu 10 milyonlarla avronun da itirildiyi reallığını qəbul etdilər. Belə ki, Avropa İttifaqı növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına qərar verilib. Halbuki, Paşinyan bu rəqəmi ən azı 15-20 milyon avro həcmində gözləyirdi. Maraqlısı odur ki, Avropa İttifaqı 2017-ci ilin aprelində keçirilmiş parlament seçkilərinin təşkili üçün vaxtilə 7 milyon avro ayırmışdı”.
E.Aşırlı deyib ki, Avropa İttifaqının Ermənistana göstərəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaltması ittifaqın Nikol Paşinyanın demokratiya nağıllarına inanmamasının göstəricisidir:
“Bu bir daha göstərir ki, Ermənistan, o cümlədən Paşinyan artıq Avropa üçün önəm kəsb etmir”.
Qeyd edək ki, oktyabrın 17-18-də Avropa İttifaqının xarici fəaliyyət xidmətinin yüksək vəzifəli rəsmisi Tomas Mayr Hartinq və Avropa İttifaqının yardımlarını əlaqələndirən Vasillis Maraqos Ermənistanda səfərdə olub. Səfərin nəticəsi kimi Avropa İttifaqı növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına qərar verib.