“ABŞ-ın İranı içinə saldığı “halqa” getdikcə daralır. Hesab edirəm ki, İranı ABŞ-ın hədəfinə gətirən əsas amil Tehranın Yaxın Şərqdə gedən geosiyasi proseslərdə aktiv rol almasıdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ABŞ İrandan ballistik raketlərin istehsalını və sınağını, həmçinin nüvə fəaliyyətini ləğv etməyi, Suriya, İraq və digər münaqişəli ocaqlarda silahlı qruplaşmalara verdiyi dəstəyi dayandırmağı tələb edir:
“Göründüyü kimi, hər iki ölkə arasında dərin “uçurum” var. Bu da regionda yeni hərbi-siyasi qarşıdurmalara yol açır.
Qeyd edim ki, son aylarda Əhvaz və Bəllucistan regionlarında İran təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumların sayı artıb. Bu onu göstərir ki, ölkə daxilində müəyyən silahlı quruplar fəaliyyətini genişləndirərək, mütəşəkkil terror hücumlarını genişləndirmək niyyətindədir”.
Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-ın da əsas məqsədi İranın başını öz daxilində qatmaq və Yaxın Şərqdən çıxarmaqdır:
“Qənaətimə görə, qeyd etdiyim silahlı qrupların maliyyələşdirilməsi Körfəzdən idarə olunur. Məqsəd İranı daxili problemlərə cəlb etmək, diqqətini Yaxın Şərqdən çıxarmaqdır Bu istiqamətdə İsrail və Rusiya arasında intensiv danışıqlar aparılır. Rusiyanın özü də İranın Suriyada möhkəmlənməsində maraqlı deyil. Hesab etmək olar ki, İsrailin Suriyadakı İran obyektlərinə artan hava hücumları da Rusiyanın razılığı ilə həyata keçirilir. Hesab edirəm ki, Rusiya sanksiyaları yumuşaltmaq şərti ilə İrana qarşı ABŞ və İsraillə əməkdaşlıq barədə danışıqlar aparır. Razılıq əldə olunsa, Rusiya müttəfiqlərin İrana qarşı təzyiqlərini səssiz izləyəcək. Artıq iranlı rəsmilər də Rusiyanın Suriyada İranın müttəfiqi olmadığını deyirlər. Fikrimcə, İrana qarşı qorxunc ssenarilər hazırlanır”.