İrana qarşı tətbiq olunan sanksiyaların müəyyən dəyişikliklərə - devalvasiya və ya qiymət artımına səbəb olması tamamilə mümkündür.
Bu sözləri politoloq Fikrət Sadıqov İrana tətbiq edilən sanksiyaların nəticəsini Teleqraf.com-a şərh edərkən deyib.
Bu ölkəyə ilk sanksiyanın 1979-cu ilin fevral inqilabından sonra tətbiq olunmağa başladığını xatırladan siyasi şərhçi əlavə edib ki, İran daim sanksiyalar altında yaşamağa məcbur qalıb: “Hazırda İran ona qarşı yeni sanksiyaların dalğasını müşahidə edir. Təbii ki, bu da öz təsirini göstərməyə bilməz. Sözsüz ki, belə situasiyalarda İranda iqtisadi, sosial durum mürəkkəbləşir. Dövlət özü daha da gərgin olur. Bütün bunlar bir reallıqdır.
İran bu vəziyyətdən çıxmaq üçün bir sıra Avropa ölkələri ilə neft və qaz sahəsində əməkdaşlıq edir. Bəzi ölkələr var ki, İrana qarşı sonuncu sanksiyalara qoşulmayıb və Tehranla əməkdaşlığı davam etdirir.
Bütün bunlarla bərabər aydındır ki, sanksiyaların gerçək nəticələri İran üçün arzuedilən deyil. Düşünürəm ki, belə mürəkkəb durum hələ bir müddət davam edəcək”.
Politoloq hesab edir ki, İran daxilində iqtisadi və sosial durumun pisləşməsi siyasi atmosferə müəyyən təsir edə bilər. İranda vaxtaşırı gənc nəslin nümayəndələrinin hakimiyyətə qarşı çıxışlar edib tələblər irəli sürdüyünü xatırladan Fikrət Sadıqov əlavə edib ki, buna rəğmən İranda təşkilatlanmış müxalifət yoxdur: “Üstəlik narazı elektoratı ətrafında birləşdirə biləcək xarizmatik lider də yoxdur. Bu mənada hesab edirəm ki, yaxın dördə hakimiyyətə və onun siyasətinə qarşı kəskin etirazlar baş verməyəcək”.
Qeyd edək ki, son zamanlar İranda qiymət artımı müşahidə olunur. İranın Statistika Mərkəzinin iqtisadi məsələlər üzrə direktor müavini Cavad Hüseynzadə deyib ki, qoyun əti 490 min rialdan (təxminən 11,6 dollar) 995 min riala (təxminən 23,6 dollar) artıb.
10-cu ayda 475 məhsulla bağlı araşdırmalar inflyasiyanın orta hesabla 39,6% olduğunu göstərib. İnflyasiya ərzaq məhsulları üçün 57,5%, qeyri-ərzaq məhsulları üçün 32%, məişət texnikaları üçün 82% olub. Pomidorun qiyməti 200%-dən çox, su, elektrik və enerjinin qiyməti isə 14%-dən çox artıb.