14 Fevral 2019 13:35
1 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesi faktiki olaraq bərpa olunub. Vaxtilə Ermənistanın Baş naziri Nikol Paşinyan ziddiyyətli bəyanatlarla çıxış edirdi və separatçı rejimin Azərbaycanla danışıq aparmalı olduğunu söyləyirdi. Bu təşəbbüs sabun köpüyü kimi bir şey idi. Nəticədə Ermənistan stol arxasına əyləşməyə məcbur oldu”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov Münhen konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda saat yarım Paşinyanla danışıq apardığını xatırladan politoloq qeyd edib ki, görüş qeyri-rəsmi olsa da, Azərbaycanın qəti və prinsipial mövqeyi Ermənistan tərəfinə çatdırılıb: “Hazırda danışıqlar xarici işlər nazirləri səviyyəsində gedir. Münhendə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın nəzərdə tutulan görüşü danışıqlar prosesi formatının çərçivəsindədir. Hansısa sıçrayışın baş verəcəyini, qeyri-adi qərarların qəbul olunacağını düşünmürəm. Bu görüş xarici işlər nazirləri üçün dövlət rəhbərlərinin görüşünün təşkili, onların qəbul edəcəyi qərarların hazırlanmasına zəmindir”.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən yalnız Rusiyanın XİN rəhbəri Sergey Lavrovun iştirakına toxunan Fikrət Sadıqov bildirib ki, Rusiya həmsədr dövlət, Ermənistanın müttəfiqi, Azərbaycanın strateji partnyoru kimi Qarabağ məsələsində maraqlıdır:

“Bir çox qərarların qəbul olunması onun rolu və iştirakından, bu prosesə təzyiqindən asılıdır. Lavrovun görüşdə iştirakı təsadüfi deyil. Bu, ona işarə edir ki, Rusiyanın regionda müəyyən maraqları var və məsələ bu maraqlar çərçivəsində həllini tapmalıdır. Əlbəttə, ilk növbədə biz öz maraqlarımızı nəzərdə tuturuq. Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi görüşdə iştirakı müəyyən müsbət fon yarada bilər”.

Fikrət Sadıxov hesab edir ki, Azərbaycanın əsas məqsədi ilk növbədə işğal olunmuş 7 rayonun boşaldılması ilə bağlıdır:

“Ermənistanın yeni rəhbərliyi bunu dərk etməlidir. Ondan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın statusu ilə bağlı danışıqlar davam edə bilər. Bunu dəfələrlə bəyan etmişik və qəti mövqeyimizdir”.

Qeyd edək ki, 53-cü illik Münhen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər