“Azadlıq” radiosu, “Azadlıq” qəzeti, Meydan TV niyə bugünkü yürüşdən nəinki canlı yayım, ümumən reportaj vermədi? Xocalıdakı vəhşəti, erməni terrorunu, günahsız insanların, köməksiz ahılların, 3-5 yaşlı körpələrin qətlini dünyaya göstərmək, tanıtmaq onların iş planına uyğun gəlmirmi?
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Elşən Musayev deyib.
Onun sözlərinə görə, dərd-səri yalnız qisas hissi ilə alışıb yanmaq, hakimiyyətə gəlmək olan radikal müxalifət və eyni zehniyyət sahibləri əsla və əsla xalq və millət mənafeyini qoruma xəttinə, arzusuna köklənə bilməz:
“Belələri əsla Azərbaycanı cani dildən, dərindən, doğrudan düşünə bilməz. Əli Kərimli özünü elə aparır, sanki təqvimdə 26 fevral yoxdur. Sanki həmin gün siyasi fəaliyyət şəxsi tərəfindən dondurulur. Sanki milli faciələrlə bağlı sözü, fikri, yazını, çıxışı yalnız bizlər dilə gətirməliyik.
Cəmil Həsənli bir dəfə də olsun tarixçi kimi milli faciələrimiz haqda danışmayıb, Qarabağ həqiqətlərini incələməyib. İlişib-qalıb daş dövrünün oxunmaz yazıları arasında…”.
Elşən Musayev qeyd edib ki, qaragüruh dediyimiz təbəqənin bir üzvü Xocalı ilə bağlı tədbirlərdə yoxdur, iştirak etmir:
“Brüsseldə düzənlənən “Qarabağ” mitinqində bircəciyi də gözə dəymədi. Halbuki bir addımlıqlarında keçirilirdi. Türkiyədəki, Avropadakı universitetlərdə soyqırım tanıtımı müzakirələri, təbliğatı sadəcə mövcud hakimiyyətin nümayəndələri tərəfindən aparılır. Amma bitsin bu gün, ötsün bu gün, olacaqlar yenə “qəhrəman”, “millət fəadiləri”. Üfürəcəklər boğazdan yuxarı cümlələri. Heç olmasa adınızdan – “Milli Şura”dan milli sözünü çıxarın. Qalsın Şura. Bilək ki, millətə dəxliniz, aidiyyətiniz yoxdur”.