9 Mart 2019 09:34
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkilatçılığı ilə “Azərbaycanın dünəni, bu günü və sabahı” adlı konfrans təşkil edilib.

Teleqraf.com xəbər verir ki, konfransda çoxlu sayda tələbə, ziyalı və elm adamı iştirak edib.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin rəhbəri Rəşid Həsən Mustafazadə dünyanın dörd bir yanına səpələnmiş türkdilli xalqların problemlərinin xüsusən gənclər arasında gündəmə gətirilməsinin vacibliyini vurğulayıb.

İstanbul Universitetinin müəllimləri Halim Kazan və Ömər Kulun mövzu ilə bağlı məruzələri dinlənilib.

İsveçdən gələn Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin İranda yaşayan azərbaycanlıların hüquqları, hazırki durumu və ümumilikdə bölgədə gedən proseslərə diqqət çəkib. O, Cənubi Azərbaycanda öz hüquqları uğrunda mübarizə aparan soydaşlarımızın qarşılaşdıqları çətinliklərdən söz açıb.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Dilavər Əzimli Azərbaycanın dövlətçilik tarixi və Cənubi Azərbaycanda tarixən mövcud olmuş dövlətlər haqqında geniş məlumatlar verib. Tarixçi alim Cənubi Azərbaycanın bütövlükdə türk dünyası üçün olan önəmini dilə gətirib.

İstanbul Universitetində ilk dəfə olaraq fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin əsas məqsədi azərbaycanlı kökənli gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, “Bir millət, iki dövlət” şüarını əsas tutaraq qardaş ölkə gənclərinin əməkdaşlığını, qaynaşmasını təmin etməkdir.

Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim ali məktəbidir, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olub.

Universitet iki Nobel mükafatçısını yetişdirib.


Müəllif: Cavad

Oxşar xəbərlər