“Həmişə elə düşünmüşəm ki, Mirzə Cəlil bu dünyadan, bu cəmiyyətdən küsülü köçüb getdi. Yolunda yanıb kül olduğu cəmiyyətindən, anlamaq problemi olan insanlardan, milli mənafeyi yad təsirlər hesabına fövtə verən siyasətçilərdən... Onun Azərbaycan dili uğrundakı mübarizəsi və praktik fəaliyyətinin özü bir milli ədəbi dil məktəbinin nizamnaməsidir”.
Ədəbiyyatşünas-alim İradə Musayeva belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- İradə xanım, klassiklərin vaxtaşırı hədəfə alınmasını nə ilə əlaqələndirərdiniz? Görünən budur ki, yaşayanlara bir elə dəyib-dolaşan yoxdur. Sizcə, əsas məqsəd həqiqətən sağlam müzakirə açmaqdır, yoxsa?..
- Klassikləri tənqidolunmaz hesab etmirəm. Amma tənqid edənin konkret nəyi qəbul etmədiyini və nədən narazı olduğunu bilsəm... Həm də tənqid edənin ədəbiyyat bilgisi, intellekti və ədəbi zövqü, ədəbiyyatşünas kimi mövqeyi anlaşılan və qəbulediləndirsə, tənqiddə problem yoxdur.
2000-ci illərdən etibarən, öz ədəbi portretini formalaşdıra bilməyən müəlliflər diqqəti vaxtaşırı özlərinə yönəltmək üçün bu cür üsullardan istifadə edib. Təbii ki, bunu ötəri qıcıq kimi qəbul etsək, reaksiya verməmək də olar. Lakin bilgisi az olan, klassikləri oxumayan adamları belə ədəbi dəyərlərdən uzaqlaşdırmaq tendensiyası təhlükəlidir. Bu baxımdan məcburuq ki, ötəri də olsa bütün bunlara fikir bildirək.
Doğru buyurursunuz, bu adamlar hazırda fəaliyyətdə olan və əslində daha ciddi tənqidlərə məruz qalmalı şəxsləri, müəllifləri tənqid etmirlər. Halbuki o adamların 90 faizi məsələn, elə Cəlil Məmmədquluzadə təsiri ilə yazırlar. Bu cür imtiyazlı müəllifləri məqsədli şəkildə tərifləyib onların cızma-qaralarını şedevr kimi təlqin edirlər, Cəlil Məmmədquluzadənin 125 il öncə yazdığı əsərləri isə mənasızcasına “ekspertizadan” keçirməyə cəhd edirlər.
- Məqsəd nədir?
- Tutaq ki, onlar Cəlil Məmmədquluzadənin 1 və ya 2 əsərini araşdırıb orada təsirlənmə elementləri “kəşf etdilər”, bəs qalan külliyyatını nə edəcəklər? “Molla Nəsrəddin” kimi 25 il müxtəlif hakimiyyətlərlə vuruşa-vuruşa çap elətdirdiyi əsərlərin möhtəşəmliyini necə gözdən salacaqlar? Mənasız oyunlardır...
Bu adamların qlobal labirintli bir dünyanın ədəbi təsirlənmə qaçılmazlığını anlamaq problemləri var. Dünya ədəbiyyatından nə qədər misal çəkmək olar? İstər tənqidi realizm estetikası baxımından, istərsə də problemləri eyni məkanda və eyni zamanda yaşayan müəlliflərin oxşar süjet labüdlüyü baxımından... Məsələn, Cəlil Məmmədquluzadə və Yekaterina Qabaşvili müqayisəsində olduğu kimi.
Qafqaz mühiti, eyni ictimai-siyasi problemlər, oxşar cəmiyyətlər və eyni estetika ilə yazan adamlar... Bu məqamda süjet, obraz, nüans oxşarlığına görə klassik dəyərə hücumu qeyri-məqbul hesab edirəm.
- Qabaşvili məsələsinə toxundunuz. Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” və “Danabaş kəndinin məktəbi”ni gürcü yazıçı Yekaterina Qabaşvilinin “Maqadanın Lurcası” və “Kənd müəllimi” əsərlərindən təsirlənərək yazdığı iddia olunur. Hətta bu təsirlənmənin plagiat səviyyəsində olduğunu deyənlər də var. Bildiyim qədər siz də bu ittihamlara etiraz etdiniz...
- Kimlərin tənqidə cəhd etdiyini hamı görür. Əminliklə deyə bilərəm ki, onların məqsədi sağlam müzakirə şəraiti yaratmağa hesablanmayıb. Elə niyyətləri olsaydı, bu mövzuda elmi əsərlər yazıb təqdim edərdilər. Fakt odur ki, elm adamlarının yazdıqlarını publisist kimi, replikalarla və hay-küylü çıxışlarla inkar edirlər.
Yekaterina Qabaşvilidən təsirlənmə və hətta plagiat məsələsini ortaya atmaq əsassızdır. Xüsusilə belə bir ehtimalla ittiham etmək ki, Cəlil Məmmədquluzadə Yekaterina Qabaşviliyə görə “Danabaş kəndinin əhvalatları”nı öz sağlığında çap etdirməyib... Bu, ümumiyyətlə, yanlış iddiadır.
Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” əsərini 1894-cü ildə yazır. Bilirik ki, Cəlil Məmmədquluzadə seminariyanı bitirib pedaqoji fəaliyyətə başlamış, 1887-1897-ci illər arasında İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen və Nehrəm kəndlərində müəllimlik etmişdi.
Bu əsər onun müəllimlik fəaliyyəti dövründə dərs dediyi kəndlərdə, xüsusən də Nehrəmdə gördükləri, yaşadıqları, təsirləndiyi hadisələrin məcmusu kimi ortaya çıxmışdı. Cəlil Məmmədquluzadənin yaradıcılıq yolunu və əsərlərinin çapı ilə bağlı xronologiyanı izləyən adamlar bilir ki, o, heç vaxt əsərlərini yazan kimi çap etdirmək cəhdində olmayıb.
- Maraqlıdır...
- Məsələn, “Çay dəsgahı” əsəri 1889-cu ildə yazılsa da, dərs dediyi məktəbdə tamaşaya qoyulsa da, çapa məsləhət bilməyib. “Danabaş kəndinin əhvalatları” (əvvəl “Eşşəyin itməkliyi” adlanıb əsər) povestini oxumaq üçün dostlarına göndərib. Yekaterina Qabaşvili qorxusu olsaydı (onunla da dost olublar), bu addımı atmazdı. Və bir az sonra yenə “Danabaş kəndi” məsələsinə qayıdır, “Danabaş kəndinin məktəbi” hekayəsini də yazır, bir müddət yarımçıq saxlayır və daha sonra o əsəri pyes şəklində yazmağa davam edir.
Yəni, “Danabaş kəndinin əhvalatları” bu və ya digər məzmunda və müxtəlif janrlarda davam edir. Hətta ilk dəfə 1894-cü ildə bu mövzuya başlayanda silsilə yazacağını qət edir. Digər hekayələrində, publisisttik məqalələrində, felyetonlarında həmin povestin ideyasını davam etdirir.
Onu da diqqətdən qaçırmayaq ki, həmin dövrdə (1890-cı illərdə) ilk qələm təcrübələrinə qarşı tərəddüdlü idi, hətta bu əsərdən 8-9 il sonra yazdığı hekayələri də mətbuata tərəddüdlə təqdim edirdi. “Danabaş kəndinin əhvalatları” povestindəki kəskin satiraya görə (o satira ki, ifşa olunanların hamısı ətrafındakı adamlar idi) hər an hücum edə bilərdilər – bu povestin çap məsələsini bu da əngəlləyə bilərdi.
Məlumdur ki, Cəlil Məmmədquluzadənin həyatı daima (“Molla Nəsrəddin” nəşrə başlayandan son günlərədək) təhlükə altında olub. Onun həm xarici, həm də daxili düşmənləri başının üstündə idi.
- Söhbət siyasətdən düşmüşkən, İradə xanım, onun Azərbaycan mövzusundakı düşüncələri hansı ideyaya bağlı idi?
- Azərbaycan mövzusunda onun düşüncələri müstəqil siyasət ideyasına söykənirdi. “Anamın kitabı” əsərini də 1918-ci ilin dekabrında bu ideyanı bəyan etmək məqsədilə yazmağa başlayır. Təbrizdə yaşayanda (1921-ci il) onu bolşevik casusu kimi izləyirdilər. “Danabaş kəndinin əhvalatları” povestindən çox sonralar da bu mövzularda yazdığı məqalələrə görə (məsələn, siğə, qadın istismarı və sair mövzularda) onu həmişə daşqalaq ediblər.
Həmidə xanım xatirələrində yazırdı ki, “Faiq əfəndi Mirzə Cəlilə bildirdi ki, evdən kənara çıxmasın, onu öldürmək istəyirlər. Şəhərin müsəlman hissəsi böyük həyəcan keçirirdi. Camaat mollaların başçılığı ilə məscidə toplanıb Mirzə Cəlilə lənət oxuyur, “islama rəxnə yetirən o dinsiz”in qətlinə fərman verirdi. Başqa yerlərdən avamlar Mirzə Cəlilə söyüş və hədələrlə dolu məktublar göndərmişdilər”.
1921-ci ildən sonra isə artıq “ümid edirəm ki, oralarda azad söz mühiti var” – ehtimalı ilə hücum təhlükəsinin sovuşduğunu zənn eləyib və bir müddət keçəndən sonra həmin povesti çapa təqdim edib. Həmin zamanda da Yekaterina Qabaşvili sağ idi, yəni plagiat qorxusu olsa, bu addımı atmazdı.
İkincisi və daha təəccüblüsü odur ki, Yekaterina Qabaşvilinin “Maqdananın Lurcası” adlı hekayəsi Cəlil Məmmədquluzadənin bu povestinin sadəcə bir fraqmenti hesab edilə bilər. Daha primitiv şəkildə düşünülmüş, nağılvari sadəliklə ifadə edilən fraqment...
Cəlil Məmmədquluzadənin çap problemi vardı, senzura sonrakı illərdə də daim onu izləyirdi. Deməli, çar zamanında bu qorxu daha aktual olub. Və 1890-cı illərdə çap haqqında düşünməyib.
Cəlil Məmmədquluzadə məhz həmin dövrdə yazırdı: “Yazmaq istəyirdim. Çox istəyirdim yazmaq. Amma bilmirdim niyə yazım və kimdən ötrü yazım. Çünki ümidvar deyildim ki, yazdıqlarımı çap etməyə və intişarə qoymağa hökumət icazə verəcək”.
- Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”nı gizlətməsi məsələsinə toxundunuz. Bu iddia ona qarşı ittihamları bir qədər də dərinləşdirir... Sizcə, bu iddialara yol açan əsas səbəblər nədir?
- “Danabaş kəndinin əhvalatları” əsərini gizlətdiyini, Yekaterina Qabaşvilidən çəkindiyini deyənlərin diqqətinə çatdıraq ki, 1901-ci ildə İrəvandan Naxçıvana Məhəmməd Tağı Sidqiyə göndərdiyi məktubunda Mirzə Cəlil yazırdı ki, “Məhəmmədhəsən əminin eşşəyi”ni (“Danabaş kəndinin əhvalatları”) istəyirəm yazib göndərəm, senzor izn versin, İrəvanda çap elətdirəm. Hərçənd ağlım kəsmir ki, camaat oxusun”.
1921-ci ildə əsəri çap olunmaq üçün Bakıda Maarif Komissarlığına təqdim edir, povest Maarif Komissarlığında itdiyindən öz sağlığında onu çap etdirə bilmir. Beləliklə, povest ilk dəfə yazıçının ölümündən sonra, 1936-cı ildə “Azərnəşr”də çap olunub.
Onun ilk mətbu əsəri “Poçt qutusu” Məhəmməd ağa Şahtaxtlı vasitəsi ilə çap olunmasaydı, yəqin ki, o əsəri də eyni aqibəti yaşayardı. Bu hekayə ümumiyyətlə, Cəlil Məmmədquluzadənin ədəbi taleyində xüsusi rol oynayır. Onun Tiflis mühitinə düşməsi, oradakı davamlı fəaliyyətinin əsas səbəbi bu hekayə olur. Yazıçı yazırdı ki, “mən “Poçt qutusu”nu ondan ötrü oxucuların nəzərinə gətirirəm ki, mənim bu hekayəm ədəbi həyatımda bir əhəmiyyətli rol oynayıbdır. Bu da odur ki, bəlkə bu hekayəmin səbəbindən mən bu müsafirətimdə Tiflisə azarlını apardıqda dəxi İrəvana qayıdıb gəlmədim və Tiflisdə qalıb sonra da həmişəlik tiflisli oldum”.
1921-ci ildə qələmə alınan “Danabaş kəndinin məktəbi” pyesi əvvəlcə hekayə şəklində olub, sonralar müəllif tərəfindən səhnələşdirilib. Burada da hadisələr 1895-ci illər dövrünə aiddir. 1928-ci ildə əsəri tamaşaya qoyulmaq üçün Dövlət Türk Akademik Dram Teatrına “Danabaş kəndinin müəllimi” adı ilə təqdim edib. Yəni, hardasa əsərin ideyası və yazılması ilə tamamlanıb təqdim olunması arasında 20 ildən çox zaman fərqi var idi.
Diqqət edək. Müəllif daha çox dramlarını təqdim etməyə üstünlük vermişdi. Maarifləndirmə, əyani göstərmə üsulunu daha aktual sayırdı. Bakıda, Təbrizdə bununla bağlı cəhdləri də bu səbəbdəndir.
- Mirzə Cəlilin yaradıcılığı ilə bağlı ciddi araşdırmalar aparılması fikrinə münasibətiniz necədir?
- Bütün bu ittihamlar əslində daha ciddi tədqiqatlar aparmağa sövq etmir. Sadəcə hər bir oxucu bu qarışıqlığa aydınlıq gətirmək üçün çox sadə dildə bizimlə danışan Cəlil Məmmədquluzadəni və həmin dövrün ədəbi mətbuatını oxumalıdır. Doğrudan da narahatlıq varsa...
- Cəfər Cabbarlının Cəlil Məmmədquluzadəni “Ölülər” əsərinə görə tənqid etməsinə münasibətdə bildirmisiniz ki, “erməni sevgisinə” “1905-ci ildə” pyesi kimi abidə qoyan Cəfər Cabbarlını istədiyiniz qədər tənqid edə bilərsiniz. Mövzunu bir qədər aça bilərdinizmi? Xüsusən “erməni sevgisinə abidə qoyan” Cəfər Cabbarlı” ifadəsinə aydınlıq gətirməyinizin istərdik.
- Mirzə Cəlilin həm ədəbiyyatda, həm də siyasətdə, dil və digər milli məsələlərdə tamailə öz orijinal yolu vardı. O, bütün sahələrdə, diqqət olunsa, görəcəksiniz ki, ilk söz deyənlərdən, məktəb, estetik baxış, cərəyan yaradanlardan olub. Hərçənd indi Qabaşvilidən təsirlənmə kimi gülünc bir müzakirəyə qoşulmuşuq...
Üzeyir Hacıbəyov, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev kimi ustad sənətkarların ideya müəllimi, cərəyan, məktəb yaradıcısı olub.
- Amma Üzeyir Hacıbəyovdan fərqli olaraq, Mirzə Cəlil müstəqil Azərbaycan Xalq Cümhuriyyəti ideyasına qarşı bir qədər soyuq yanaşıb...
- Cümhuriyyət proqramını, məramnaməsini 1917-ci ildə bəyan edən insan bu tarixi hadisəyə laqeyd qala bilməzdi. Onun həmin illərdəki həyatı, fəaliyyəti və məhz “Anamın kitabı” əsərini yazması tam aydın cavab deməkdir.
Mirzə Cəlil, görünür, hadisələrin bu şəkildə cərəyan etməsi ilə barışmadı. Türkçülük, Türkiyə ilə bağlı siyasət, Turançılıq və ya İrançılıq, Rusiya himayəsi və sair... Bütün bunların hamısı onun imtina etdiyi siyasət idi. Necə ki, sonralar sovet hökumətini də qəbul etmədi və mövqeyini çox kəskin şəkildə qoydu.
Məsələn, Mirzə Cəlil “Molla Nəsrəddin”lə bağlı 1927-ci ildə çox əsəbi bir bəyanat verir: “Molla Nəsrəddin” məcmuəsinin Moskvaya heç bir dəxli yoxdur. “Molla Nəsrəddin”i nə Moskva yaradıbdır, nə də Şura hökuməti yaradıbdır. Bu, bitərəf vərəqədir ki, iyirmi iki il bundan qabaq şahlar, sultanlar və krallar ilə söhbət etməyə adətkərdə olubdur”.
Bax bu cür cəsarət sovet dramaturqu Cəfər Cabbarlıda olmadı. Amma o, “Ölülər” kimi bir tragikomediyanı tənqid edirdi...
Həmişə elə düşünmüşəm ki, Mirzə Cəlil bu dünyadan, bu cəmiyyətdən küsülü köçüb getdi. Yolunda yanıb kül olduğu cəmiyyətindən, anlamaq problemi olan insanlardan, milli mənafeyi yad təsirlər hesabına fövtə verən siyasətçilərdən. Onun Azərbaycan dili uğrundakı mübarizəsi və praktik fəaliyyətinin özü bir milli ədəbi dil məktəbinin nizamnaməsidir.
Mirzə Cəlil bəlkə də bilərəkdən daşqalaqçılar ordusu yaradırdı. O daşqalaqçılar ki, onların üzünə ayna tutmaq, onları təqdim etmək elə cəmiyyəti tanıtmaq demək idi. Elə bir diaqnoz qoymuşdu ki, hər güzgüyə baxan cahil mütləq əlini daşa atmalı olurdu. Və deyəsən, vəziyyət hələ də bir o qədər dəyişməyib...
Mirzə Cəlil bizim maarif və mədəniyyətimizi silaha çevirdiyi qələmilə inkişaf etdirən, modern dünya mədəniyyəti, siyasəti və ədəbi estetikası tezislərini bizə aşılayan ədəbi düha idi. Mirzə Cəlil bir ədəbi nəslin görə biləcəyi işi təkbaşına yerinə yetirdi. Mətbuatda, teatrda, dil və siyasət, milli kimlik məsələlərində həm də ictimai xadim mövqe nümayiş etdirdi.
Mirzə Cəlil bu cəmiyyətin xasiyyət və davranışlarından yox, xislətindən yazdı həmişə. Xislət isə maya, cövhər deməkdir. Dəmadəm bu xislət özünü biruzə verəcək, necə ki indi özünü yenidən göstərir. Deməli, Mirzə Cəlil də daim diri qalacaq.