15 Aprel 2019 18:59
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ilə Rusiya arasında hərbi və mülki sahədə əməkdaşlığın tamamilə dayandırılması dünya ağalığı uğrunda gedən mübarizənin növbəti təzahürüdür. Amerika dünyanın ağası olmaq istəyir. Rusiya itaət etməyə hazırdır, amma bir şərtlə ki, müəyyən məsələlərdə Rusiyanın hakim zümrəsinə öz bildiyi kimi etmək imkanı verilsin. Amma Amerika deyir ki, “yox, mən deyən olmalıdır”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.

Onun sözlərinə görə, o şeyi ki, NATO edir, – məsələn, beynəlxalq qanunlara rəğmən ölkələrə hücum edir, dağıdır, – onu qanuni sayır:

“Ancaq Rusiya edəndə bunu təcavüz və pis davranış nümunəsi sayır, ona sanksiyalar tətbiq edir. Rusiyanın Qərbə sanksiya tətbiq etmək imkanı yoxdur. Amma Qərbin var və o da edir. Buna görə də münasibətlər hədsiz pis vəziyyətə gəlib çıxıb. İndi də hər iki tərəf qarşılıqlı düşmənçiliyi inkişaf etdirməklə məşğuldur. Amerikanın imkanları Rusiyanınkından daha çoxdur. Amerikanın müttəfiqlərinin sayı çoxdur. Amerika Rusiyadan qat-qat varlı və güclüdür. Ona görə də o get-gedə Rusiyanı üzük qaşı kimi mühasirəyə alır. İndi də Polşada hansısa hərbi obyektlər inşa etmək istəyir. Vaxtilə – “Soyuq müharibə” bitəndən, SSRİ məğlub olandan sonra Amerika öz strateji qüvvələrinin çoxunu Avropadan çıxarmışdı. İndi isə yavaş-yavaş geri qaytarır. Hazırda Polşa da bu məqsədlə öz ərazisini verməyə hazırdır. Amerikalılar Trampın şərəfinə Polşada “Tramp Fort” adlı böyük hərbi baza qurmaq istəyirlər. İstəyirlər ki, bir amerikan diviziyası Polşada otursun. Guya Polşaya təhlükə var, bu təhlükəni yalnız amerikan qoşunları aradan qaldıra bilər”.

Z.Əlizadə qeyd edib ki, bu həm də daxili siyasi mübarizənin təzahürüdür:

“Daxili siyasi mübarizə zamanı da hansısa siyasi qüvvə özünü vətənin yeganə xilaskarı və sahibi elan edir. Baş verənlər həm də bundan xəbər verir”.

NATO ilə Rusiya arasında hərbi və mülki sahədə əməkdaşlığın tamamilə dayandırılmasına dair Rusiya XİN-in müavini Aleksandr Qruşkonun açıqlamasına gəldikdə isə politoloq bildirib ki, bu, həqiqətdir:

“Vaxtilə NATO-Rusiya xüsusi komitəsi mövcud idi. NATO bu komitəni Rusiyaya xüsusi önəm, hörmət əlaməti olaraq təsis etmişdi. Amma Gürcüstana təcavüzdən sonra NATO-Rusiya komitəsi zəiflədi, donduruldu, indi isə yox dərəcəsindədir. Bütün sahələrdə NATO-Rusiya münasibətləri tam tənəzzülə uğrayıb”.
Bununla belə Z.Əlizadə “isti müharibə”nin olacağına inanmır:

“Çünki hərb işindən az-çox başı çıxan adam kimi anlayıram ki, nə Amerika, nə də Rusiya rəhbərliyi ölmək istəmir, yaşamaq istəyir. Yer üzündə nüvə silahının sayı o qədərdir ki, hətta bir günlük müharibədən sonra yer üzündə həyat məhv olacaq. Ola bilsin hardasa siçovullar, tarakanlar, okeanda kilkələr qalacaq. Ancaq bəşəriyyət məhv olacaq. Ona görə də heç kim ölmək istəmir, Lotuluq edirlər, bir-birlərini hədələyirlər, vədlər verirlər ki, belə edərik, elə yıxarıq və sair, amma heç kim ölmək istəmir. Mən düşünmürəm ki, “qaynar müharibə” olacaq”.

Qeyd edək ki, Rusiya XİN-in müavini Aleksandr Qruşko NATO ilə Rusiya arasında hərbi və mülki sahədə əməkdaşlığın tamamilə dayandırıldığını bildirib. Nazir müavini qeyd edib ki, Rusiya NATO ilə hərbi qarşıdurmanın bütün bəşəriyyət üçün fəlakətə çevriləcəyi üçün bunun baş verməyəcəyinə ümidvardır.


Müəllif: Səxavət Həmid