Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov KİV-in sualını cavablandırıb.
Teleqraf.com Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən həmin sual-cavabı təqdim edir.
Sual: Bir sıra Azərbaycan kütləvi informasiya vasitələrində Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş xarici işlər nazirlərinin toplantısı zamanı görüşün nəticələrini əks etdirən yekun sənədə ölkəmizin razılıq verməməsi haqqında məlumatlar yayılıb və Azərbaycanın veto hüququndan istifadə etməsi sənəddə ərazi bütövlüyünə istinadların olmaması ilə əlaqələndirilib. Digər tərəfdən, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Moqerini tərəfindən imzalanmış sənədə istinadən erməni mətbuatı canfəşanlıqla “Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanımadığını, tanımaq istəmədiyini və ölkəmizin təklikdə qalmasını” vurğulamağa çalışır. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Öncə qeyd etmək istərdim ki, bu məsələ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilmiş yüksək səviyyəli konfrans zamanı ətraflı şəkildə cavablandırılıb.
Öz tərəfimdən bildirmək istərdim ki, bu məlumatlar tamamilə təxribat xarakteri daşıyır. Belə ki, Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş xarici işlər nazirlərinin görüşü ilə bağlı yekun sənədin qəbul edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdı. Habelə, Şərq Tərəfdaşlığının və Avropa İttifaqının bütün üzv dövlətləri, eləcə də Avropa institutlarının vahid sənədinin qəbul edilməsi ilə bağlı təklif irəli sürüldüyü zaman aparılmış müzakirələr prosedur xarakteri daşıyıb. Qəbul edliləcək sənədin yığcam, yoxsa əvvəlki sammitlərdə olduğu kimi geniş, əhatəli və bütün məqamlara diqqət yetirən bir sənəd olması ətrafında müzakirələr aparılıb.
Azərbaycan yekun sənəd qəbul ediləcəyi təqdirdə, sözügedən bəyannamədə Avropa İttifaqının bütün üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin prinsipial məsələlərinin tam şəkildə əks etdirilməsinin tərəfdarı olub. Bu xüsusda, bütün Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü məsələsi Azərbaycan, eləcə də Gürcüstan və Moldova tərəfindən birlikdə təklif edilib. Sadəcə sənədi müəyyən qədər qısaltmaq məqsədilə Şərq Tərəfdaşlığı dövlətlərinin Avropa İttifaqının institutları, eləcə də Avropa İttifaqının üzv dövlətləri ilə müzakirələri zamanı əvvəlki sammitlərin sənədlərinə istinadlar olunması və bununla da sözügedən prinsiplərin sənəddə öz əksini tapması barədə razılıq əldə edilib.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Moqerini tərəfindən imzalanmış “sədrin yekun qeydləri” adlı sənəddə bütün əvvəlki sammitlərə istinadlar yer alır. Bir daha qeyd etmək istərdim ki, bütün Şərq Tərəfdaşlığı sammitlərində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi birmənalı şəkildə tanınır.
Sözügedən sənədlə bağlı Azərbaycan tərəfindən Gürcüstan və ya Ukrayna tərəfi ilə xüsusi müzakirələr aparılmayıb. Yekunda bəyannamə olmayan bu qısa sənədin “sədrin yekun qeydləri” kimi öz əksini tapması ilə bağlı razılıq əldə edilib.
Yuxarıda sadalanan faktlara rəğmən, Azərbaycanın “ərazi bütövlüyünün tanınmamasının” erməni mətbuatında canfəşanlıqla bayram edilməsi tamamilə gülünc bir məsələdir. Qarşı tərəf sənədi diqqətlə oxuyarsa, aydın şəkildə əvvəlki sammitlərdə qəbul edilmiş sənədlərə istinadları birmənalı şəkildə görə bilər.
Digər tərəfdən, 6 may tarixində Slovakiya Respublikasının sədrliyi ilə Vışeqrad Qrupunun xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı ölkələrinin Bratislava şəhərində keçirilmiş görüşündən sonra Vışeqrad Qrupu ölkələri tərəfindən bəyanat verilmiş və bu bəyanatda bir daha, hər zaman olduğu kimi Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı şəkildə tanınıb. Siz bu məlumatı Slovakiya Xarici İşlər Nazirliyinin internet səhifəsindən də əldə edə bilərsiniz. Sual oluna bilər. Necə ola bilər ki, bir neçə gün öncə qəbul edilmiş sənəddə Avropa İttifaqının üzvü olan 4 dövlət – Polşa, Macarıstan, Çexiya və Slovakiya bunu açıq və konkret şəkildə bildirir?!
İlk dəfə deyil ki biz bu kimi təxribat xarakterli və yanlış məlumatlarla üzləşirik. Çünki ermənilərin bütün Avropa institutlarında və beynəlxalq platformalarda fəaliyyəti yalnız yalana və qısa müddətli təxribat xarakterli təsirlərə və yalançı köklərə əsaslanır.
Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanın xarici siyasəti dövlətimizin milli maraqlarına və beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə hazırkı səfəri bu yanaşmanın ən bariz nümunəsidir. Məlum olduğu kimi, səfər zamanı bir sıra yüksək səviyyəli görüşlər keçirildi və hal-hazırda da Şərq Tərəfdaşlığı üzrə onun 10 illiyinə həsr olunmuş tədbirlər davam edir. Bildiyiniz kimi, Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş tədbirlərdə xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir və aparılan bütün müzakirələr zamanı ölkəmizin milli maraqlarına əsaslanan mövqeyi səsləndirilir.