Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova özünün sosial şəbəkədəki hesabında maraqlı qeyd paylaşıb.
Teleqraf.com xəbər verir ki, B.Muradova yazıb:
“Bu gün işə lap erkən gəlmişdim. Saat 8-i təzəcə keçmişdi. İlk olaraq televizoru yandırdım. Hər zamankı kimi AzTV-ni seçdım. Əvvəl mənə elə gəldi ki, hansısa başqa kanaldır. Amma tanış üzləri və səsləri gördükdən sonra anladım ki, səhv etməmişəm, bu doğrudan da bizim doğma kanalımızdır. Tamamilə yenilənmiş səhər studiyasındakı müasir dizayn, musiqi tərtibatı, aparıcıların əhvali-ruhiyyəsi, geyimi, davranışı, rənglər, bir sözlə hər şey göz oxşayırdı. Qonaqla söhbət üçün seçilmiş mövzu da aktual idi. 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş müzakirələri sonadək izlədim.
Ardınca “Gün başladı” proqramı diqqətimi çəkdi. Hər zaman görmək istədiyim və insan əhvalına gözəl təsir edən bir rəngarənglik var idi. Məncə, hər şey günə yaxşı başlamaq üçün gözəl düşünülmüş və əla yerinə yetirilməkdə idi”.
Milli Məclis sədrinin müavini bu hala çox sevindiyini bildirib:
“Sözün doğrusu çox sevindim. Hər zaman ekran və efir məkanımız üçün örnək, yeni media qurumlarımız üçün isə əsl məktəb rolunu oynayan ana televiziyamızın mahiyyətinə uyğun yeni və müasir forma kəsb etməsinə ürəkdən şad oldum. Ölkəmizin inkişaf ahənginə daha dinamik şəkildə qoşulan, getdikcə daha baxımlı, məzmunlu verilişlərlə tamaşaçıların zövqünü və tələbatını ödəmək imkanlarını genişləndirən, eyni zamanda milli adət və dəyərlərimizə sadiqliyi ilə seçilən, ailəvi olaraq rahat izlədiyimiz doğma kanalımızı, onun yaradıcı kollektivini bu nəzərəçarpan uğurlarına görə alqışlayır, daha kreativ, yeniliklərə daha açıq olmalarını arzulayıram”.