10 İyun 2019 18:44
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan getdikcə sələfi Serj Sərkisyanın siyasi gedişlərini təkrarlamağa başlayır. Paşinyan xalqın sosial etirazları nəticəsində hakimiyyətə gəldi. Amma o, ötən bir il ərzində sosial problemlərin həlli istiqamətində verdiyi vədlərin heç birini yerinə yetirə bilmir. Belə ki Ermənistanda iş yerləri açılmır, maaşlar artırılmır, insanlar özlərini təhlükəsiz mühitdə hiss etmir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir irəliləyiş, yəni İrəvanın mövqeyinin möhkəmlənməsi yoxdur. Bu baxımdan Paşinyan da Sərkisyanın atdığı addımları atır.

Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə Teleqaf.com-a açıqlamasında belə deyib.

O qeyd edib ki, N.Paşinyan vaxtaşırı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə və cəbhə xəttində atəşkəs rejimini pozmaqla gündəmdə qaldığını sübut etməyə çalışır:

“Dağlıq Qarabağdakı Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi quluqqçusu Elşən Xəlilovun şəhid edilməsi göstərir ki, Paşinyan bu gün öz hakimiyyətini möhkəmləndirməkdən ötrü bu cür təxribatlara əl atır. Əlbəttə, Azərbaycanın səbri tükənməz deyil və bu cür hərəkətlərin cavabını Ermənistan mütləq alacaq. Ancaq bir tərəfdən bu addımları atmaq, digər tərəfdən isə sülhə hazır olduğunu bəyan etmək bir-biri ilə ziddiyyət təşkil edir”.

A.Mirzəzadənin sözlərinə görə, eyni zamanda bu cür təxribatların xarici işlər nazirlərinin görüşü ərəfəsində və ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı edilməsi göstərir ki, Paşinyan artıq əvvəlki sosial problemləri həll edəcək “qəhrəman” imicini kirlətdi:

“Həmçinin, rəy sorğuları göstərir ki, Paşinyanın reytinqini günü-gündən aşağı düşür. Bu zaman o müharibə çağırışları etməyə və ən əsası cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışır. Ancaq bununla o Ermənistanın özünə zərbə vurduğunun fərqinə varmır”.

Politoloq qeyd edib ki, Ermənistanda keçirilən digər rəy sorğusuna görə, bu gün Dağlıq Qarabağ məsələsini Ermənistanın bir nömrəli məsələsi hesab edənlərin sayı cəmi 25 faizdir:

“Yəni, əhalini sosial problemlər, iş yerləri, gələcəyə inam daha çox maraqlandırır, nəinki Dağlıq Qarabağ məsələsi. Odur ki, bu cür ucuz vasitələrlə Paşinyan çətin ki əvvəlki nüfuzunu bərpa edə bilsin”.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verdiyini və bu əməliyyatı icra edən erməni hərbçilərini yüksək mükafata təqdim etdiyini bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan isə Sankt Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində təxribatlara hər hansı aidiyyətinin olması barədə sualı təkzib edib. Paşinyanın, ardınca isə Tonoyanın açıqlamaları göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır və sülh danışıqlatının imitasiyasdır. Lakin bütün hallarda Ermənistan öz yalanları ilə artıq həmsədrləri, beynəlxalq ictimaiyyəti aldada bilmir. Beynəlxalq ictimaiyyət də öz növbəsində Ermənistanın təxribatlarına sərt reaksiya verməli və bu ölkənin işğalçı siyasətinin, sülh danışıqlarını sabotaj etməsinin qarşısını almalıdır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər