14 İyun 2019 09:01
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ildə, xüsusilə Emmanuel Makronun prezident seçilməsindən sonra Fransa ilə həm Ermənistan, həm də qondarma Dağlıq Qarabağ rejimi arasında münasibətlər xeyli intensivləşmişdi. Hətta iş o yerə gəlib çatmışdı ki, Fransanın bəzi şəhərləri, kommuna və regionları Dağlıq Qarabağın Şuşa, Xankəndi şəhər və Xocavənd rayonunun “bələdiyyələri” ilə əməkdaşlıq və dostluq haqqında xartiyalar imzaladılar. Bu sazişlər bir-birinin ardınca imzalandı. Fransızların bir dəstəsi gəlirdi, müqavilə imzalayıb gedirdi, onun ardınca bir başqası gəlirdi. Sanki kimlərsə bu işi konveyerə qoymuşdular.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, əlbəttə, burada erməni lobbisinin fəal iştirakından söhbət gedirdi:

“Sanki Fransa özünün Minsk qrupunun həmsədri olmaq kimi missiyasını unutmuşdu. Dövlət səviyyəsində yerli bələdiyyələrin özfəaliyyətinin, təşəbbüskarlığının qarşısını alan bir addım da atılmırdı. Azərbaycan Xarici İşlər Nazirliyi xüsusi nota ilə Fransanı xəbərdar etdi. Fransadakı səfirliyimiz diplomatik kanallarla Fransa XİN-i və bələdiyyələrlə məşğul olan müvafiq dövlət qurumunu Azərbaycan tərəfinin bu işi belə qoymayacağını, bunun bütövlükdə beynəlxalq hüquqa zidd olduğunu və münaqişənin nizamlanması prosesində ciddi əngəllər yaratdığını onların nəzərinə çatdırdı. Amma çox təəssüf ki, Fransanın beşədək şəhəri, kommuna və regionları ilə qondarma Dağlıq Qarabağın müəyyən rayon və yaşayış məntəqələri arasında dostluq xartiyaları imzalandı”.

Q.Hüseynlinin sözlərinə görə, bir sözlə Azərbaycan Fransaya ciddi surətdə iradını bildirdi və qeyd etdi ki, Minsk qrupunun həmsədri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan bir ölkə bu cür pozucu fəaliyyətlə məşğul olmamalıdır:

“Görünür, Azərbaycan tərəfinin bu iradları Fransanı “ayıltdı” və qeyd etdiyiniz kimi Qrenobl şəhər məhkəməsi Dağlıq Qarabağda yaradılmış qondarma qurumun “subyektləri” ilə Fransanın şəhər, kommuna və regionları arasında imzalanmış daha 4 “dostluq xartiyası”nı ləğv etdi. Beləliklə, Qrenobl şəhər məhkəməsi bir daha sübut etdi ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ərazi bütövlüyü çərçivəsindən kənarda imzalanmış hər hansı müqavilə hüquqi xarakter daşımır, onun heç bir hüquqi qüvvəsi olmur”.

Q.Hüseynli qeyd edib ki, Fransanın bu addımı qondarma DQR-ə tez-tez gəlib gedən digər ölkələrin nümayəndələrinə də bir dərs olacaq:

“Bütün bunlar onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünə azacıq da olsa edilən həmlələrin qarşısını almağa qadirdir və alır. Bundan sonra belə presedentlərin yaranmasına imkan verilməyəcək”.

Qeyd edək ki, Fransanın Qrenobl şəhər İnzibati Məhkəməsi “DQR”də mövcud olan qondarma subyektlərlə Fransanın şəhər, kommuna və regionları arasında imzalanmış daha 4 “dostluq xartiyası”nı ləğv edib. Bu barədə ermənilərin Fransada fəaliyyət göstərən “armenews.com” saytı məlumat yayıb.

Bundan bir neçə gün öncə – mayın 29-da isə Fransanın ədliyyə orqanları, daha doğrusu Serji-Pontuaz (Cergy-Pontoise) İnzibati Məhkəməsi bu ölkənin Arnuvill şəhəri və Dağlıq Qarabağda yaradılmış qondarma qurumu təmsil edən Şeher inzibati bölgəsi arasında imzalanmış “dostluq xartiyası”nı qeyri-qanuni elan edib və onu ləğv edib. Qrenobl şəhər məhkəməsinin qərarı Serji-Pontuaz İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərarın məntiqi davamı kimi qiymətləndirilə bilər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər