Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə üzv ölkələrin xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna xarici işlər naziri Vadim Pristayko ilə görüşüb.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, nazirlər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.
Görüş zamanı iki ölkə arasında bir çox sahələrdə, o cümlədən iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib. Bölgədə həyata keçirilən strateji layihələr barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və Ukraynanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə edib və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.
Elmar Məmmədyarov həmkarını Azərbaycana səfər etməyə dəvət edib.