27 Noyabr 2019 19:50
3 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Qarabağ münaqişəsinin həll prosesindəki aktivliyi müsbətdir. Xüsusən də, Türkiyə və Rusiya arasındakı isti münasibətlər bu məsələyə birbaşa təsir edir. Fikir verirsinizsə, Türkiyə və Rusiya yaxınlaşdıqdan sonra Rusiyanın Qarabağla bağlı mövqeyində kifayət qədər fərqliliklər nəzərə çarpır”.

Ağ Partiyanın başqanı Tural Abbaslı belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Az öncə Türkiyə və ABŞ prezidentləri arasında keçirilən görüşdən sonra artıq Ankara Vaşinqtondan hədələnmir, sanksiya məsələsi də gündəmdə deyil. Hesab etmək olarmı ki, Prezident Ərdoğan istəyinə nail oldu?

- Ərdoğan görüşdən sonra keçirilən mətbuat konfransında bildirdi ki, Türkiyə bu danışıqlardan uğurla çıxdı. Ən azı Amerikanın Türkiyəyə təhdidlərini aradan qaldırdı, ehtimal olunan sanksiyaların qarşısının alınması ilə bağlı razılıq əldə olundu. Üstəgəl, ABŞ Suriya məsələsində Türkiyə ilə anlaşmaya getdi və Türkiyənin mövqeləri qarşısında geri çəkildi. Başqa sözlə, demək olar ki, Türkiyə diplomatiyası bu mərhələni uğurla adladı. Düzdür, ABŞ dünyanın super gücü olsa da, bəzi reallıqlarla barışmağa məcburdur.

- Amma bir məsələ də var ki, bu görüş Ankaranın “S-400”-lərlə bağlı geri addım atacağı iddiasını müzakirəyə çevirdi. Həmin iddialardan birinə görə, Türkiyə Rusiyadan aldığı bu sistemi aktiv fazada saxlamayacaq.

- Söhbət bu sistemlərin aktivləşdirilməməsindən getmir. Bir neçə gün əvvəl isə Türkiyə mediaya açıq formada “F-16” qırıcıları və “S-400” hava hücumundan müdafiə sistemlərinin iştirakı ilə hərbi təlimlər keçirdi. Yəni, Türkiyə özünün “F-16” qırıcılarını “S-400” raketlərinə tanıtdı. Düzdür, bu texniki xarakterlidir, amma bu, onu göstərdi ki, bu sistemlər bəzək üçün, Rusiyaya xoş gəlmək və ya ABŞ-a mövqe sərgiləmək üçün alınmayıb. Türkiyə öz təhlükəsizliyini təmin etmək çərçivəsində bu addımı atıb.

Vaxtında ABŞ Türkiyəyə “Patriot” sistemlərini satmadı, Türkiyə də öz hava məkanının təhlükəsizliyini təmin etməli idi. İnanmıram ki, Türkiyə milyardlarla dollar pul xərcləyib aldığı bu sistemləri anbarda saxlayacaq. Hesab edirəm ki, bu sistemlər aktiv fazada saxlanılacaq və Türkiyənin hava məkanını qoruyacaq.

- ABŞ-Türkiyə münasibətlərinin yumşalma trendinə uyğun olaraq, FETÖ lideri Fəthullah Gülən Ankaraya ekstradisiya edilə bilərmi? Ankara hələ də təkidlə Güləni Vaşinqtondan istəyir.

- Gülən məsələsi artıq simvolik xarakter daşıyır. Biz də bilirik ki, Amerika Güləni Ankaraya verməyəcək. Çünki Amerika bu addımı atsa, etibarsız dövlət kimi tanınacağından ehtiyat edir. İlk dəfə deyil ki, ABŞ Gülən kimi fiqurlara sığınacaq verir. İran şahının oğlu da, Dalay Lama da Amerikadadır. Yəni Güləni versə, ABŞ etibarsız tərəfdaş kimi tanına bilər. Ümumiyyətlə, Gülənin orada qalıb-qalmaması vəziyyətə o qədər təsir etmir. Əgər razılıq varsa ki, FETÖ-nün Türkiyədəki fəaliyyətinin qarşısı alınsın, Gülən istəyir Amerikada min il qalsın, bu, əhəmiyyətli olmayacaq.

Söhbət bu terror təşkilatının fəaliyyətinin məhdudlaşdırılmasından gedir. Əlbəttə, Türkiyə siyasətin prinsiplərinə uyğun olaraq, onu tələb etməlidir, edir, Amerika da verməməlidir, vermir də. Bunlar daha dərinlikdə olan razılaşmalardır, cəmiyyətə hesablanmış, cəmiyyətin görməsi üçün atılan addımlardır.

- Son proseslər Türkiyənin bölgədə əsas söz sahibi və geosiyasi oyunçu olduğunu sübut etdi. Bu məqamda xarici işlər naziri Mövlud Çavuşoğlunun Qarabağ münaqişəsi ilə bağlı bir fikri diqqət çəkdi. O, bundan sonra Türkiyənin münaqişənin həll prosesində aktiv olacağını dedi. Bu fəallıq məsələnin həllində dönüş yarada bilərmi?

- Əlbəttə, Türkiyənin münaqişənin həll prosesindəki aktivliyi müsbətdir. Xüsusən də, Türkiyə və Rusiya arasındakı isti münasibətlər bu məsələyə birbaşa təsir edir. Fikir verirsinizsə, Türkiyə və Rusiya yaxınlaşdıqdan sonra Rusiyanın Qarabağla bağlı mövqeyində kifayət qədər fərqliliklər nəzərə çarpır. Yaxın günlərdə Mariya Zaxarova “Qaçqınlar Qarabağa qayıtmalıdır” kimi bir bəyanat verdi.

Rusiya da böyük gücdür, Türkiyə də regionda söz sahibidir. İnanmıram ki, Rusiya Qarabağ məsələsinə görə Türkiyə ilə münasibətlərini pisləşdirmək istəsin. Əksinə, bəlkə də Türkiyə ilə münasibətlərini dərinləşdirmək üçün Qarabağ məsələsinin həll prosesini tezləşdirsin. Çünki Azərbaycan istər tarixi, istərsə də siyasi baxımdan Türkiyəyə daha yaxındır. Dolayı yolla, Rusiyanın Türkiyə ilə münasibətləri yaxşı olacaqsa, Azərbaycanla da yaxşı olacaq. Buna görə də düşünürəm ki, Rusiya-Türkiyə, Putin-Ərdoğan münasibətlərinin istiləşməsi Qarabağ məsələsində Azərbaycanın mövqeyinin güclənməsi deməkdir. Hesab edirəm ki, ikitərəfli münasibətlər dərinləşdikcə, bunun şahidi olacağıq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər