28 Noyabr 2019 20:13
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən Türkiyənin Rusiyadan yeni S-400 komleksləri almasını yeni və əlahiddə hadisə kimi təqdim edilməsinə normal yanaşmıram. Tərəflər müqavilə bağlayıb və bu müqaviləyə əsasən 2020-ci ildə Rusiya Türkiyəyə son partiya S-400 komplekslərini göndərəcək. Bunu tərəflər arasında bağlanan müqavilənin yeni mərhələsi kimi qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, tərəflərdən biri müqavilədən imtina edərsə, qarşı tərəf onu Beynəlxalq Orbitraj Məhkəməsinə verə bilər".

Bu fikirləri Teleqraf.com-a siyasi şərhçi Oqtay Qasımov Türkiyənin Rusiyadan yeni S-400 hava hücumundan müdafiə kompleksi alacağı haqda xəbərləri şərh edərkən deyib.

Oqtay Qasımov əlavə edib ki, bu hal Qərbdə Türkiyəyə qarşı əlavə qıcıq yaratmamalı və ABŞ-Türkiyə münasibətlərində yeni problemlərə yol açmamalıdır: “Artıq bu məsələlərə bağlı indiyə qədər nə mümkündürsə deyilib və ABŞ tərəfindən də hətta sanksiyalar tətbiq edilib. 29 oktyabrda Türkiyənin cümhuriyyət bayramında ABŞ Konqresində iki qətnamə keçib. Bunlardan biri S-400 lərlə bağlı müqaviləyə görə Türkiyəyə sanksiyaların tətbiqi, digəri də “Sülh çeşməsi” əməliyyatını əsas götürərək saxta erməni soyqrımı qərar layihəsi idi. Bu baxımdan mən daha sərt sanksiyaların olacağını zənn etmirəm. Əlbəttə, belə sərt sanksiyalar gündəmə gətirilə bilər və Türkiyədə buna hazırdır”.

Siyasi şərhçi xatırladıb ki, Türkiyə prezidenti son ABŞ səfəri zamanı elan edib ki, onlar həm də Patriot hava hücumundan müdafiə sistemi ala bilər: “Əgər bu sistemləri alınacaqda bu zaman S-400 sistemləri anbarlarda qalacaq. Hələlik Türkiyə manevrlər edir və bu istiamətdə danışıqlar aparır. Hazırda ABŞ-ın əlində yalnız saxta erməni soyqrımı qanun layihəsi qalıb. Avropa dövlətləri onsuz da ABŞ-ın yedəyində gedir. Türkiyənin Suriyada həyata keçirdiyi əməliyyatlarla bağlı faktiki Avropa dövlətləri ABŞ-la eyni mövqedən çıxış edib. Yəni gərginlik özünün pik həddinə çatıb və bundan daha artıq nə olacaqsa, olacaq”.


Müəllif: Cavad