30 Noyabr 2019 13:32
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan XİN Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.

Teleqraf.com Report-un XİN sözçüsünə ünvanlanmış sualı və onun cavabını təqdim edir:

- Ermənistan baş nazirinin milli təhlükəsizlik strategiyası üzrə iclasda çıxışı zamanı Ermənistanın strateji maraqlarına uyğun olaraq münaqişənin həlli prosesində öz mövqeyini təqdim etməyə nail olması ilə bağlı səsləndirdiyi fikrinə münasibət bildirməyinizi xahiş edirik.

- Həmişəki kimi, Ermənistan baş nazirini anlamaq çox çətindir. Əlbəttə, baş nazir N.Paşinyanın bu fikirlərinin daxili auditoriyaya yönəldiyi heç bir şübhə doğurmur. Maraqlıdır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir irəliləyişin əldə olunmadığı və beləliklə də gərginliyin hər an artması riskinin mövcud olduğu bir halda N.Paşinyan hansı strategiyadan danışır? Əgər Ermənistanın strateji maraqları münaqişənin həlli prosesinə zərbə vurmaqdırsa, o zaman Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan etməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla beynəlxalq ictimaiyyət müvafiq nəticə çıxarsın. Ermənistan hökumətinin rəhbərinin nə dediyindən asılı olmayaraq, münaqişənin həlli ilə bağlı BMT TŞ-nin qətnamələrində, digər təşkilatların çoxsaylı qərarlarında, eləcə də Minsk Qrupu həmsədrlərinin bəyanatlarında aydın şəkildə əks olunan mövqe ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalı, azərbaycanlı məcburi köçkünlər isə oz evlərinə geri qayıtmalıdırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər