Hesab edirəm ki, İdlibdə yaranan son durum olduqca təhlükəlidir. Rus generallar deyəsən, Əsəddən pul alaraq Rusiyanı çox təhlükəli bir yola çəkirlər. Onların belə xasiyyətləri var, Əmək haqqından savayı rüşvətlə də hansısa fəaliyyət göstərir, addımlar atırlar. Biz bunu Qafqazda bir dəfə müşahidə etmişik. Suriyada da bu kimi halları istisna etmirəm.
Bu sözləri Teleqraf.com-a sabiq dövlət müşaviri, analitik Rasim Musabəyov Türkiyə ilə Rusiya arasında yaranan gərgin münasibətlər və kritik vəziyyətdən çıxış yolları haqqında danışarkən deyib.
Rasim Musabəyovun sözlərinə görə, Suriya rejiminin lideri Bəşər Əsəd anlayır ki, Rusiya və İranın imkanlarından maksimum istifadə edib öz hakimiyyətini möhkəmləndirmədiyi təqdirdə uzun müddət rəhbərlikdə qala bilməyəcək:
“Odur ki, hazırda orada Vaqner muzdlu döyüşçüləri var. Əlbəttə, Rusiyanın Suriyadakı hərbi təyyarələrindən Bəşər Əsəddə də var. Amma onlar bir şey bacarmırlar. Əminəm ki, rusların burada iştirakı var və Türkiyə bunu da bilir. Sadəcə, Rusiya ilə müharibəyə girmək nə Türkiyənin, nə də Rusiyanın maraqlarına cavab verir. Çünki qarşılıqlı böyük layihələr var. Söhbət “Türk axını”, “Akkuyu” Atom Elektrik Stansiyası, turizm, ticarətdən gedir. Tərəflər bunların hamısını qurban vermək istəmirlər. Halbuki Suriyada Türkiyənin mövqeyi daha üstündür”.
Politoloq əlavə edib ki, əslində Türkiyəni Suriyada toqquşmalara sövq edirlər, ancaq nə ABŞ, nə də NATO Türkiyənin arxasında dayanmır:
“Bütün hallarda Türkiyə orada Rusiyanı təkbaşına da yerində oturtmaq imkanındadır. Amma bunun böyük fəsadları da ola bilər. Odur ki, Türkiyə özünü ehtiyatlı aparır. Lakin hesab etmirəm ki, Rusiya orada əl-qol açaraq, Türkiyəni ordan vurub çıxarmaq imkanına malikdir. Türkiyə də buna heç vaxt getməz. Əslində diqqət edəndə görünür ki, Suriyada Bəşər Əsədə qarşı vuruşanların hamısı İdlibə toplaşıb.
Əsəd İdlibə daxil olsa, nə baş verəcək? Bu silahlı qruplar 100 minlərlə qaçqınlarla birlikdə Türkiyə ərazisinə keçəcəklər. Türkiyə də buna yol verə bilməz. Türkiyə indiyə qədər 3 milyondan çox qaçqın qəbul edib, bundan sonra 2,5 milyon insanı da qəbul etməyə imkanı yoxdur. Hələ onu demirəm ki, bu qaçqınların daxilində əlində silah olan minlərlə insan olacaq. Odur ki, Türkiyə sərt mövqe nümayiş etdirəcək, Bəşər Əsədi darmadağın edəcək. İndi Rusiya bu məsələdə Əsədi ağıla gətirməyəcəyi təqdirdə rus hərbçiləri də zərərsiz qalmayacaq”.