Pandemiya beynəlxalq hüquq münasibətlərində dəyişikliyə səbəb olmayacaq. Amma ehtimal var ki, pandemiya ilə bağlı mübarizəyə dair xüsusi konvesiya hazırlana bilər. Bu konvensiyada nələrin tənzimlənməsi, bu kimi hallarda dövlətlərin bir-birinə qarşılıqlı yardımı necə olmalıdır kimi məsələlər öz əksini tapa bilər. Məsələn elə vəziyyət yarana bilər ki, bir dövləti blokadaya almaq ehtiyacı ortaya çıxar. Əlbəttə, blokadaya almaq düşməncə hesab olunur, amma pandemiya ilə bağlı blokadaya almaq belə şəkildə qiymətləndirilməməlidir. Konvensiyada belə məqamlar yer ala bilər. Düzdür, blokadanın iqtisadi sanksiya tərəfi var. Bu da ola bilər. Elə virus ola bilər ki, əşyalarla daşınması ehtimalı ortaya çıxa bilər. Bu halda iqtisadi sanksiyanın tətbiqi də mümkün satılar.
Bu fikirləri Teleqraf.com-a mütəxəssis Fərhad Mehdiyev “Pandemiyadan sonra dünyada nələr dəyişəcək” sualına cavabında deyib.
Beynəlxalq əlaqələr üzrə mütəxəssis daha sonra əlavə edib ki, pandemiyanın beynəlxalq hüquq baxımından başqa hansısa təsir və dəyişikliyə səbəb olacağını düşünmür:
“Daxili hüquq baxımından təsirlər ola bilər. Diqqət etsəniz pandemiya halında dövlətlər fövqəladə vəziyyət elan edir. Bunun pandemiyaya yönəlik başqa cəhətləri də daha detallı şəkildə tənzimlənə bilər. Çünki dünyada indi yaşanan hadisə kimi olay əvvəl yaşanmayıb. Dövlətlər baxacaq ki, nələrə ehtiyacı olub, hansı əksikliklər olub. Buna baxıb ola bilsin ki, daxili qanunvericiliklərinə düzəliş edə bilərlər”.
F. Mehdiyev qeyd edib ki, pandemiyanın beynəlxalq münasibətləri dəyişəcəyi haqda fikirlərin çoxu sadəcə olaraq iddialardır: “İnsanlar müxtəlif ehtimal və versiyalar səslənirir. Mən bu haqda bir söz deyə bilmərəm, deyilənlərə də inanmıram. Biz elm adamıyıq, elmdə belə məsələlər keçmir. Hipoteza sübut olunmalıdır. Amma bu fikirləri istisna etməsəm də, ciddiyyət kimi qəbul etmirəm”.
Pandemiyanın iqtisadi münasibələrə təirini qiymətləndirən mütəxəssis hesab edir ki, artıq koronavirus dünya iqtisadiyyatına hər gün zərbə vurur:
“Amma deyirlər ki, Avropa İttifaqı dağılıb, çünki İtaliya incikdir. Bu ciddi versiya deyil. Virus Çindən başlayıb. Çin uzun müddət bu virusu dünyadan gizlədib. Onlarda noyabrın sonunda bu virus haqda məlumat olub, amma ilk dəfə bu məlumatı yanvarda veriblər. Bununla bağlı müyyən tədbirlərin görüləcəyini istisna etmirəm. Ola bilsin ki, bəzi ölkələr Çini məhkəməyə verməyə cəhd göstərsin. Çünki Çinə görə, yüzlərlə dövlətin iqtisadiyyatı ciddi zərərə məruz qalıb. Bu məsələdə Çini ittiham etmək mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səlahiyyətləri dəyişə bilər. ABŞ Prezidenti Donald Tramp bəyan etdi ki, koronavirusdan sonra ÜST ilə məşğul olacaqlar. Çünki ÜST-nin mütəxəssisləri bir ara Çinə gediblər. Lakin belə qərara gəlmişdilər ki, virus insandan insana keçmir və təhlükəsizdir. Yəni ya Çinin ÜST-ni aldatması, ya da öz səhlənkarlıqları nəticəsində bu təhlükəni zamanında görə bilməmişdilər”.