Ötən ay rəsmi Kabilin rolu olmadan Talibanla ABŞ-ın sülh sazişi əldə etmələri əfqanıstanlılar üçün yeni və ciddi suallar doğurdu. Əfqanıstan hökumətinin i təvəqqesi bu idi ki, Talibanla ABŞ arasında əldə edilmiş hər hansı bir saziş hökumətin tələblərini də ehtiva etməli və sözügedən saziş bir paket formatında hamı üçün məqbul və keçərli olmalıdır. Əfqanıstanlıların birinci etirazı19 ildir ABŞ tərəfindən təqib edilən Talibanın məlum sazişdə iki əsas tərəfdən biri olmasıdır. İkinci etiraz isə Əfqanıstanda illərdir ABŞ koalisiyası tərəfindən irəli sürülən demokratik prinsiplərin həyata keçirilməsinin son məlum sazişlə şüar olaraq qalmasıdır. Talibanla Tramp Administrasiyasının əldə etdiyi saziş hərəkatla yerli hökumətin hələ bundan sonra əldə edəcəyi sazişlə fərqli proseslərdir və bir-birinə demək olar ki aid deyillər. Artıq Taliban əcnəbi qüvvələrə hücum etməyəcəyini, ABŞ isə 14 ay ərzində Əfqanıstandan tam şəkildə çıxacağını bildirib. Hökumət isə kənarda qalıb.
Bu fikirləri Teleqraf.com-a şərqşünas Samid Paşa Əfqanıstandakı durum və Taliban Hərəkatı ilə Tramp administrasiyası arasında baş tutan razılaşmanı şərh edərkən deyib.
Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Zalmay Xəlilzadla Talibanın siyasi ofisinin rəhbəri Molla Bəradərin görüşü kameralar qarşısında baş tutub.
Şərqşüas qeyd edib ki, rəsmi Kabil ölkədə yeganə legitim qüvvə olsa da, onunla sazişin əldə edilməsi hələ ki real görünmür:
“Taliban son 19 ildə yerli hökumətə qarşı hücumlarını belə əsaslandırırdı ki, bu hökumət əcnəbi işğalçılarla əməkdaşlıq edir. Amma indi özü Tramp administrasiyasının sülh sazişinə tərif deyir. ABŞ-la sülh sazişi bağlayır, amma yerli hökumətlə danışıqlarda ağır şərtlər qoymaqla danışıqların gecikməsinə və qarşıdurmanın davam etməsinə zəmin yaradır. Sazişin nəticəsi olaraq, əcnəbi qüvvələrə hücumları dayandırır, lakin yerli hökumət qüvələrinə hücumları heç bir saziş olmadığına görə davam etdirəcəyini deyir və bunu davam etdirir də. Aparılan müşahidələr də bunu göstərir ki, sazişdən sonra Talibanın hökumət qüvvələrinə hücumu dayanmayıb, hətta Faryab və Qəndəhar kimi əyalətlərdə daha da artıb. Hazırda tərəflərin qarşılıqlı hücumları ilə yanaşı, əsir və məhbusların mübadiləsi də məhdud və tədrici şəkildə aparılır. Taliban 5 min hərəkat məhbusunun azad edilməsindən sonra müzakirə masasına oturacağını bildirir. Hökumət isə təzminat olmadan bu sayda Taliban üzvünün buraxılmasına mühafizəkarlıqla yanaşır”.
Samid Paşa əlavə edir ki, ABŞ Dövlət Departamentinin diplomatlarından sızan məlumatlara görə, Prezident Donald Tramp son aylarda Talibanla sülh sazişinin əldə edilməsi və ABŞ hərbçilərinin təhlükəsizliyi istiqamətində bir anlaşmanın baş tutması üçün tabeçiliyində olan aidiyyatı rəsmilər və qurumlara təzyiqlər göstərir, anlaşmanın tez bir zamanda reallaşmasını tələb edirdi:
“Trampın birinci prezidentlik müddətinin son ilində belə təşəbbüs və təzyiqlərlə çıxış etməsi səbəbsiz ola bilməz. Baxmayaraq ki, o, Yaxın Şərqdə olan ABŞ hərbçilərinin geri çağırılması təşəbbüsü ilə çıxış edən, Suriyadakı qüvvələrin sayını iki mindən altı yüzə endirilməsinin səbəkarıdır, amma bir çoxları bunun Yaxın Şərqin vəziyyətilə bağlı deyil, əsasən də ABŞ-ın daxili siyasətinə hesablandığını bildirirlər. Görünən budur ki, Tramp Yaxın Şərqdə, xüsusilə də Suriya və İraqdakı qüvvələrini, bölgədəki müttəfiqləri Səudiyyə Ərəbistanı və İsrail kimi dövlətlərin istəyi və maliyyəsilə tam olaraq geri çəkmir. Bunu Əfqanıstanla bağlı ondan istəyən və tələb edən yoxdur. İqtisadiyyatı düşünən Tramp Əfqanıstandakı hüzurunu əsla sərfəli hesab etmir. Əfqanıstandakı siyasi durum onu iqtisadi məsələlər qədər maraqlandırmır. Bəs ona indi nə lazımdır?! Hamı, elə Taliban da bunu yaxşı bilir ki, Trarmpın Əfqanıstanda sülh sazişi qarşıda gələn prezident seçkilərində özünü sülh çarçısı kimi göstərmək, güya 20 ildir sürən əbəs müharibəni dayandıran Nobelə layiq adam kimi göstərməkdir. Amma seçkidən sonra nə olacaq, bir Allah bilir”.