1 May 2020 12:07
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı haqqında məsələni müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmədov təqdim edib.

Hesabatda qeyd edilir ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. Yeni qanunun tələblərinə uyğun olaraq, 28 uyğunluq, 7 maliyyə, 8 maliyyə və uyğunluq auditi və ilk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb: "Audit prosesi müxtəlif mərhələyə malik olan prosesdir və bu proses zamanı kənar dövlət maliyyə nəzarəti obyekti ilə müəyyən edilmiş hər pozuntunun müxtəlif səviyyələrdə müzakirəsi həyata keçirilib".

Hesabatda 43 maliyyə və uyğunluq auditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilərək, ayrı-ayrı audit olunan qurumlar üzrə say və ümumi məbləğdə xüsusi çəkisi müəyyən edilib. Ötən il Hesablama Palatasının auditorları tərəfindən 561 nöqsan müəyyən olunub. Aşkar edilən nöqsan bir auditə orta hesabla 13,1 nöqsan deməkdir. Əvvəlki illə müqayisə etsək, 2019-cu ildə nəticələri üzrə müəyyən edilmiş nöqsanlar təsnifləşdirilmiş nəzarət tədbirlərinin sayı 18,9 faiz, nöqsan sayı isə 21,4 faiz azalıb, nəticədə 2018-ci illə nisbətən 1 tədbirə düşən nöqsan sayında azalma təqribən 3 faiz təşkil edib.

Palata sədri bildirib ki, maliyyə və uyğunluq auditinin nəticələri göstərdib ki, əvvəlki illərdə olduğu kimi əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə, eləcə də mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntular üstünlük təşkil edir:

“Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəyə nəzarətin təşkilindən keçir. 2019-cu ildə 21,3 milyon manat vəsaitin bərpası təmin edilib ki, həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 milyon manatı büdcədənkənar dövlət fondunun büdcəsinə və 335,4 min manat vəsait qurumların hesabına daxil olub.

2019-cu ildə 3 milyon manat dəyərində mal-materialın natura formasında bərpası təmin edilib, 1,1 milyon manat görülməmiş işlər yerinə yetirilib, 2,8 milyon manat artıq ödənilmiş vəsait sonrakı ödənişlər hesabına əvəzləşdirilib, 5,4 milyon manat məbləğində debitor borcun bağlanılması və 376 min manat məbləğində əsasız kreditor borcun ləğv edilməsi təmin olunub. Hesabat ilində səmərəlilik auditi ilə yanaşı, son illərdə olduğu kimi, səmərəsiz xərc hesab etdiyimiz bəzi əməliyyatları da icmallaşdırılıb və bu əməliyyatlar ümumilikdə 75 milyon manat məbləğində qiymətləndirilib:

“Səmərəsiz istifadə dedikdə, ayrılan vəsaitin il ərzində istifadə edilməməsini, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalmasını, daha az xərclə oluna biləcək alış və xidmətlərin həyata keçirilməməsini, dövlət vəsaitinin istifadəsi zamanı dövlət alışları üzrə bağlanmış müqavilənin münasib şərtlərinin seçilməməsini, dövlət proqramında müəyyən edilmiş hədəflərə nail olunmaması və ya qismən nail olunması nəzərdə tutulur”.

Hesabatı təqdim edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov vurğulayıb ki, sənəd qanunun tələblərinə uyğun hazırlanıb. Mütərəqqi təcrübə öyrənilib, hesabatda 2018-2020-ci illər üzrə qəbul edilmiş Strateji İnkişaf Planı ilə nəzərdə tutulmuş məqsədlərə dair tədbirlər, Hesablama Palatasının ötən ildəki həm nəzarət, həm də inzibati fəaliyyəti üzrə əsas nəticələr əks etdirilib.

Qeyd olunub ki, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihəsi, eləcə də dövlət büdcəsinin icrasıyla bağlı Milli Məclisdən daxil olan qanun layihələrinə dair Hesablama Palatasının verdiyi rəylərdə həm icra, həm də layihə sənədləri ciddi təhlil edilib, mümkün risklər sadalanıb, problemlər göstərilib və onların aradan qaldırılması məqsədilə tövsiyələr verilib. Həmin tövsiyələrin 19-u büdcə qanunvericiliyi, 16-sı gəlirlərin inzibatçılığı, 18-i maliyyə inzibatçılığı və hesabatlılıqla bağlı olub.


Müəllif: Cavad

Oxşar xəbərlər