7 May 2020 23:38
4 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin rəhbəri təyin edilir. Bu barədə onunla prezident Vladimir Zelenski arasında razılıq əldə olunub.

Milli İslahat Şurası 2014-cü ildə prezident Pyotr Poroşenkonun fərmanı ilə yaradılıb. Bu orqan Ukraynada vahid islahat siyasətinin həyata keçirilməsi üzrə mövqelərin razılaşdırılması və strateji planlaşdırma məsələləri üzrə prezident yanında xüsusi məsləhət-məşvərət orqanıdır. Şuraya prezident özü rəhbərlik edir, üzvləri isə nazirlərdən və digər dövlət orqanlarının rəhbərlərindən ibarətdir.

Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, M.Saakaşvili Mill İslahat Şurasının icraedici rəhbəri qismində bu orqanı ayda bir dəfədən az olmayaraq toplantıya çağıracaq, rəsmi statusda Nazirlər Kabinetinin iclaslarında iştirak və çıxış edəcək.

Ekspert bildirib ki, əvvəl M.Saakaşvilinin baş nazirin müavini postuna təyin olunması nəzərdə tutulmuşdu, lakin bu təyinat Ali Radanın təsdiqini tələb etdiyi üçün müəyyən problemlər yarandı. Nəticədə prezident onu parlamentin təsdiqi tələb olunmayan vəzifəyə gətirdi.

"Saakaşviliyə rəsmi vəzifə verilməsini prezident Zerlenski tərəfindən atılmış cəsarətli addım kimi qiymətləndirmək olar. Çünki Rusiya və onun Ukraynadakı “5-ci kolonu” Saakaşvilinin təyinatının qəti əleyhinə idi. Bu söhbət ortaya çıxandan bəri istər Rusiya mediasında, istərsə də Ukraynada Kremlin maraqlarına xidmət edən oliqarx Viktor Medvedçuka məxsus mediada güclü əks-təbliğat kampaniyası başlayıb. Digər tərəfdən, Ukrayna siyasətində də Saakaşvilinin qüdrətli əleyhdarları var. Bu sırada daxili işlər naziri Arsen Avakovu, sabiq prezident Poroşenkonu, oliqarx İqor Kolomoyskini qeyd etmək olar. Bundan əlavə, Gürcüstan hökuməti də Ukraynaya xəbərdarlıq ünvanlamışdı ki, Saakaşvilinin yüksək vəzifəyə gətirilməsi iki ölkə münasibətlərinin pisləşməsi ilə nəticələnəcək. Tiflis hətta Kiyevi təhdid etmişdi ki, bu halda öz səfirini geri çağıracaq. Lakin göründüyü kimi, Zelenski bu xəbərdarlıqların heç birini nəzərə almadı. Çünki onun da öz maraqları var", deyə Ş.Cəfərli bildirib.

Şərhçi əlavə edib ki, Zelenski Ukraynanın tarixinə müsbət dəyişikliklərə nail olmuş lider kimi düşmək istəyir: "Ukraynada dəyişikliklərə nail olmaq üçünsə radikal islahatların aparılması qaçılmazdır. Bu sahədə Saakaşvilinin həm böyük təcrübəsi var, həm də onun Ukrayna daxilində islahatlara müqavimət göstərən çevrələrlə münasibətləri korlamaq kimi bir qorxusu yoxdur: əvvəl-axır o, öz vətəni Gürcüstana qayıdacaq. Yəni Zelenski Saakaşvilini qabağa verməklə islahata müqavimət göstərənlərin bütün zərbələrini məhz onun qarşılamasını istəyir. Bir növ, ondan zireh kimi istifadə etmək niyyəti var. Zelenski islahatların cəfasını Saakaşvilinin çəkməsini, səfasını isə özünün görməsini istəyir. Gürcüstanlı siyasətçi təbii ki, bunu anlayır və belə görünür ki, bu rola razıdır.

İkincisi, Zelenski yuxarıda bəhs etdiyimiz – hökumət içərisindəki və xaricindəki bəzi qüvvələrin gücünü və təsirini balanslaşdırmaq üçün Saakaşvili faktorundan yararlanmaq fikrindədir. Yəni Saakaşvili balanlaşdırıcı güc kimi çıxış edəcək, lazım gəlsə, o qüvvələrin üzərinə gedəcək, Zelenski isə bu toqquşmalardan kənarda qalacaq, ehtiyac olsa, arbitr qismində müdaxilələr edəcək.

Üçüncüsü, Saakaşvili Qərbdə reformator kimi müsbət reputasiyaya malikdir. O, ölkəyə kreditlərin və yatırımların cəlb olunmasında mühüm rol oynaya bilər. Zaman-zaman Ukraynanın beynəlxalq maliyyə qurumlarından kredit cəlb etmək məsələsində problemləri yaranır, Zelenskinin həmin qurumlarla permanent rejimdə çalışmağı və qarşılıqlı təmasları Saakaşviliyə tapşıracağı gözlənilir".

Ekspertə görə, bu təyinat Saakaşviliyə də çox lazım idi:

"O, yenidən siyasətin mərkəzinə gəlir və nümayiş etdirir ki, mən hələ ölməmişəm. Saakaşvili yəqin ki, rəsmi statusda Avropaya, ABŞ-a səfərlər edəcək, oralarda yüksək səviyyədə qəbul olunacaq. Bu isə onun çəkisini və nüfuzunu yenidən artıracaq, bəlkə də payızda Gürcüstanda keçiriləcək parlament seçkilərində Vahid Milli Hərəkat Partiyasının yaxşı nəticə göstərməsinə təsir edəcək. Hər halda, İvanişvili hökumətinin onun təyinatına sərt reaksiya verməsi təsadüf deyildi…"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər