Milli Məclis Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, qanun haqqında deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Vitse-spiker Əli Hüseynli deyib ki, dəyişikliklər asan viza alınması ilə bağlıdır.
Onun sözlərinə görə, indi Azərbaycana gələn turistlər 3 saat ərzində elektron qaydada viza ala bilirlər. Hava limanında yerindəcə viza proseduru həyata keçirilir.
Əli Hüseynli əlavə edib ki, təkliflərdən biri Azərbaycan-Gürcüstan sərhədində viza şöbəsinin yaradılmasına dair olub:
“Mən, bu təklifi qanunu təqdim edən subyektin nəzərinə çatdırmışam. Amma vurğulayım ki, Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə indi 3 saat ərzində elektron viza almaq mümkündür. Yerində viza almaq üçün müraciətlərin sayı çox azdır. Analizlər göstərib ki, son illər ölkəmizə gələn turistlər elektron viza almağa üstünlük verirlər”.
Komitə sədri qeyd edib ki, digər təklif viza rüsumunun hər ölkə üçün qeyd edilməsi və bunun milli valyuta şəklində həyata keçirilməsi haqda olub:
“Birdəfəlik vizalar üçün vahid tarif var. Bu, 20 avrodur. Çoxtərəfli vizaların qiyməti isə fərqlidir. Bunun bir səbəbi odur ki, ölkələr bunu qarşılıqlı formada razılaşdırırlar. İkinci səbəb də bizim vətəndaşlarımıza münasibət necədirsə, bizim də oradan gələn turistlərə münasibətimiz buna uyğun olur. Hesab edirəm ki, bu, normal yanaşmadır”.
Layihəsi səsə qoyularaq qəbul edilib. Bununla yanaşı “Turizm” haqqında qanun da qəbul olunub.