Problemimiz odur ki, özümüzün olana iddia edəndə dodaq büzənlər, ironiya ilə yanaşanlar, hətta lağ edənlər olur. Ermənilərdə isə özlərinə aid olmayan əraziyə iddia edənlərə heç kəs irad bildirmir, əksinə hamısı bir nəfər kimi dəstəkləyir. Hesab edirəm ki, Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılması gecikmiş addımdır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında yeni elan olunan Qərbi Azərbaycan (İrəvan) Respublikasının İdarə Heyətinin üzvü Aqil Səmədbəyli deyib.
Onun sözlərinə görə, işğala məruz qalan bütün torpaqlarımızı işğaldan azad etməliyik: "İrəvan qədim türk yurdudur. Biz öz torpaqlarımıza qayıtmalıyıq.
Bizim problemimiz çoxdur. Ermənilərin "Böyük Ermənistan" ideyasını süpürgəçisi də, prezidenti də, ziyalısı da, avarası da, fahişəsi də, namuslusu da müdafiə edir. Biz Qərbi Azərbaycandan sonuncu dəfə 1989-cu ildə qovulmuşuq. Mən orada doğulub böyümüşəm, orta məktəbi orada bitirmişəm. Niyə bizim öz ata evinə dönüş arzumuza bu cür yanaşılsın ki? Bir milləti yaşadan ideyası və hədəfləridir. İrəvan Elçibəyin bizə miras qoyduğu Bütöv Azərbaycan ideyasının bir parçasıdır. Biz övladlarımızı bu ruhda tərbiyə etməliyik. O torpaqlar gec və ya tez, nəyin bahasına olur-olsun, azad edilməlidir".
Politoloq vurğulayıb ki, bu ideyanın Türkiyədə səslənməsi erməniləri bərk narahat edib: "Bilirlər ki, Türkiyə güclü dövlətdir. Əgər Türkiyə bu ideyaya dəstək versə, rahat reallaşar. Ona görə də bu ideyanın Türkiyəyə zərbə vuracağı barədə dedi-qodulara fikir vermək lazım deyil".
Aqil Səmədbəyli qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyət olduğundan mühacir hökuməti hələ geniş ictimaiyyətə təqdim edilməyib: "Hər şey tam hazır olandan sonra təqdimat və görüşlər mərhələsi başlayacaq. Əminəm ki, Türkiyədə xalq tərəfindən də ciddi dəstək olacaq. Çünki burada da İrəvan kökənli 3 milyona yaxın insan yaşayır".
O bildirib ki, həm siyasi partiyalarla, həm QHT-lərlə, həm universitetlərdə görüşlər olacaq: "Televiziyalarda bu məsələni müzakirə edib cəmiyyəti məlumatlandıracağıq. Paralel olaraq dünyanın bir çox yerinde təşkilati işlər aparılacaq".
Aqil Səmədbəyli onu da əlavə edib ki, bu məsələ korrupsiyaya qarşı mübarizəyə və ya kadr dəyişikliklərinə mane olmur.