2 İyul 2020 00:37
2 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla müsahibəni təqdim edir:

- Rasim müəllim, Rusiya Ermənistana satdığı qazın qiymətini artırır. Halbuki, Ermənistan Baş naziri Paşinyan Moskva ilə danışıqlarda qiyməti endirməyə çalışırdı. İndiki halda Rusiya tərəfi nəinki qiyməti stabil saxlayır, hətta onu bahalaşdırır. Sizcə, Moskva ilə İrəvan arasında səhnə arxasında hansı oyunlar gedir?

- Əslində söhbət ondan getmir ki, Rusiya mavi yanacağın qiymətini qaldırır. Yox, qiymət eyni qalır, amma daxili alıcılar üçün qiymətdə artıma gedilir. Axı indi Ermənistanın bütün daxili qaz şəbəkəsi də “Qazprom”un əlindədir. Ermənistan tərəfi deyir ki, qiyməti qaldırma, “Qazprom”da deyir ki, qaldırmasan, minlərlə insanı işdən çıxarmalı, xətləri dəyişdirməməli, yeraltı anbarları isə təmir etməməliyəm. Bu, həm də təhlükəsizlik məsələsidir. Odur ki, Paşinyan hökuməti bu məsələdə məcbur olub geri çəkildi. Əlbəttə, daxili alıcılar üçün mavi yanacağın qiyməti baha - təxminən 230 dollar ətrafındadır.

- Hazırda Paşinyan-Rusiya münasiətlərini necə şərh edirsiniz?

- Paşinyan Kreml üçün yad ünsürdür. Onun danışması, yaltaqlanması ilə heç kəsi aldatmaq mümkün deyil. Sadəcə olaraq, Moskva Ermənistanı itirmək istəmir. Hazırda Paşinyana münasibət çox mənfidir. Bu, açıq-aydın görünür. Amma Paşinyan da öz ağlına görə manevrlər edir. Məsələn, müstəqilliyini nümayiş etdirir. Amma düşünürəm ki, sonda onun aqibəti heç də yaxşı olmayacaq.

- Ermənistan baş nazirinin 24 iyunda Moskvaya getməməsi onun müstəqilliyini nümayiş etdirmək istəyindən doğurdu?

- Onu Moskva paradına dəvət etmişdilər. İndi belə fikirlər var ki, Moskvaya parada dəvət alan şəxslər hava limanında yoxlamadan keçməli idi. Bu yoxlama nəticəsində koronavirusa yoluxanlar və yaxud yoluxub sağalanlar müəyyən ediləcəkdi. Yəni analiz hər şeyi ortaya çıxaracaqdı. Paşinyan da əvvəlcədən bəyan etmişdi ki, virusa yoluxub və sağalıb. İndi Moskvaya getsəydi, ola bilsin analiz nəticəsində müəyyən ediləcəkdi ki, Paşinyan ümumiyyətlə virusa yoluxmayıb və oyun oynayırmış. Odur ki, parada gəlmədi, düşündü ki, zibili açılacaq.

- Ermənistan müxalifətinin son dövrlər fəallaşması, Paşinyan hökuməti qarşısında istefa tələbləri səsləndirməsi daxili prosesidir, yoxsa burada Kremlin də barmağı var?

- Sözsüz ki, bu proseslərdə Moskva dolayısı yolla iştirak edir. Yəni Paşinyana qarşı olan müxalifətə dəstək verir. Ancaq açıq müdaxilə etmək müşahidə edilmir və əslində belə müdaxilələr üçün imkanlar da məhduddur. Sadəcə biz baş verənlərə baxıb nəticə çıxara bilərik. Məsələn, Putin Ermənistana səfəri zamanı nümayişkəranə şəkildə həbsdə olan Robert Köçəryanın xanımı ilə görüşdü. Hazırda Paşinyanın korrupsioner adlandırdığı, Ermənistandan Rusiyaya qaçan şəxslər Moskva tərəfindən geri verilmir. İndi Rusiya televiziya kanallarında Paşinyana qarşı açıq təbliğat aparılır. Bunların hamısı var. Eyni zamanda ruslar Paşinyanın rəqiblərinə deyirlər ki, pulunuz var, zəhmət çəkin, mübarizə aparın.

- Şimaldan küncə sıxılan Paşinyana Qərbdən dəstək verildiyi müşahidə olunurmu?

- Orada da Paşinyana deyirlər ki, sən özünü inqilab, demokratik prosesin lideri kimi təqdim edirsən, amma gedib Rusiyanın qucağında oturmusan. Qeyd edilir ki, Avropa Birliyinin qarşısında götürdüyün öhdəliklərlə bağlı addım atmamısan. Paşinyan Avropaya gedərkən demişdi ki, ya bizi tərif etməyin, ya da tərifinizə uyğun pul ayırın. Paşinyan istəyir ki, Gürcüstan və Ukraynaya ayrılan kimi ona da böyük pullar verilsin. Amma Ermənistana belə maliyyə yox, tula payı verirlər.

ABŞ da deyir ki, rusun qucağında oturmusan. Bu halda məndən nə istəyirsən? Onlar da pul vermirlər. Beləcə Paşinyan əsində əli aşından da, vəli aşından da olmuş vəziyyətə düşüb. Üstəlik, ölkəyə investisiya da gəlmir. Səbəb odur ki, perspektiv yoxdur. Daxildə pulu olanlar böyük obyekt tikə bilməsə də, gedib kazino, otel və ya ticarət mərkəzi tikə bilərdi. Amma pullu adamlar görürlər ki, Paşinyan əvvəlki hakimiyyətə yaxın olanların hamısını incidir, onları korrupsioner adlandırır. Düşünürlər ki, ən yaxşısı pullarını ölkədən çıxarmaqdır. Əslində Ermənistan investisiyaların qıtlığı, maliyyə prolemləmləri ilə üzləşir. Üstəlik bir tərəfdən koronavirus pandemiyası da tüğyan edir. Həmçinin, əvvəllər Rusiya və Ukraynadan pul köçürmələri hesabına ölkə yaşayırdı. İndi pul köçürmələri də azalıb. Bəli, Avropa Birliyi 90 milyon avro pul verib, digər fondlardan pul alacaqlar. Yəni 2020-ci ili yola verə biləcəklər, amma bununla belə paralel ölkədə böhran dərinləşəcək. Bu, qaçılmaz prosesdir.

- Ötən gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında videokonfrans formatında görüş oldu. Tərəflərin apardığı müzakirələr və gözləntilər haqqında düşüncəniz necədir?

- Əslində tərəflər bir saat müzakirə aparıb. Mənim fikrimcə, bu söhbət daha çox həmsədrlərin ermənilərə hesablanmış addımı idi. Yəni siz ağzınıza gələni danışırsınız, deyirsiniz ki, işğal edilən ərazilərdən çıxmayacağıq, Madrid prinsiplərini tanımırıq və s. Fikrimcə, bu addımla ermənilərə qulaqburması vermək istəyirdilər. Təbii ki, Azərbaycana da mesaj verildi ki, siz onların dediklərini müharibəyə başlamaq üçün əsas kimi qəbul etməyin, danışıqlar davam etməlidir. Bu videokonfransın mahiyyəti ondan ibarətdir ki, danışıqlar davam etməlidir.

- Sizcə, həmsədrlər istəklərinə nail oldumu?

- Nəzərə alın ki, xarici işlər nazirlərinin vəzifəsi danışıqlar aparmaqdan ibarətdir. Xarici işlər nazirləri müharibə aparan fiqurlar deyil. İndi tərəflər danışıqları başlayırlar. Sözsüz ki, bu dialoq görüntü xarakterli olduğu halda, Bakı üçün qəbuledilməzdir. Nazir Elmar Məmmədyarov açıq xəbərdarlıq etdi ki, danışıqların arxasında ermənilər gəlib işğal edilən Azərbaycan ərazilərində iş görəcəklərsə, Bakı bunu qəbul etməyəcək. Əslində Bakı həmsədrlərə də çatdırıb ki, işğal edilən ərazilərdə hansısa işlər görüləcəyi təqdirdə zərbə endiriləcək.

- Siz danışıqların perspektivini necə görürsünüz?

- Açığı, mən danışıqların perspektivinə o qədər də inanmıram. Paşinyan özündən əvvəlki Köçəryan və Sərkisyandan fərqli olaraq, Qarabağ dalğası ilə kürsüyə çıxmayıb. Paşinyan kompramist yola gedə bilərdi. Sadəcə olaraq populistdir və biləndə ki, bu, cəmiyyət tərəfindən qəbul edilmir, onun reytinqi və hakimiyyətinin itirilməsinə səsəb ola bilər, buna getməyəcək. Digər tərəfdən, hazırda Paşinyan “Qarabağ klanı”nı zərərsizləşdirməklə məşğuldur. Bu klanın təmsilçilərini həbs edir, pulunu alır, qorxudur və s. Özü də qorxur ki, rəqibləri onun hansısa addımından istifadə edərək hücuma keçəcəklər. Bir var, sən hücum edirsən, deyirsən ki, korrupsiya ilə məşğul olduğumdan indi məni əzmək istəyirlər. Bu halda sözsüz ki, cəmiyyət sənə dəstək verməyəcəklər. Bir də var deyirsən ki, Paşinyan Qarabağı satır və ona maneə olmamaq üçün üstümüzə gəlir. Bunlar fərqli şeylərdir. Odur ki, Paşinyan hələlik ehtiyatlanır. Mən ondan yaxın zaman üçün kampromistə gedəcəyini gözləmirəm. Amma biz onları işğal edilən ərazilərdə qəsəbə salmaq, yol çəkmək kimi qələt etmək istəklərindən çəkindirməliyik. Çəkinmədiyi halda hərbi baxımdan onlara şapalaq vurmalı olacağıq.


Müəllif: Nemət Orucov

Oxşar xəbərlər