Ermənistan o qədər dünya ictimaiyyətinə yalan danışıb, müxtəlif beynəlxalq qurumlarından sui-istifadə edərək onları pis vəziyyətdə qoyub ki, indi özləri qurduqları tələyə düşüblər. Bunu artıq hər kəs müşahidə edir. Yaddan çıxarmaq olmaz ki, hazırda Azərbaycan tamamilə başqa bir gücdədir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov bildirib.
Onun sözlərinə görə, bu gün xarici əlaqələrimiz, beynəlxalq səviyyədə nüfuzumuz, təsir gücümüz, dünyadakı gündəliyi müəyyən etmək iqtidarımız, diaspor təşkilatlarımız artıq öz bəhrəsini verməkdədir: “Heç ölkəmiz 2016-ci ilin Aprel döyüşlərində düşmənin təsəvvüründə olan Azərbaycan da deyil, çox güclüyük”.
Səməd Seyidov qeyd edib ki, hazırda BMT-nin gündəliyini ölkəmizin də sədrlik etdiyi Qoşulmama Hərəkatı müəyənləşdirir:
“Türk dövlətləri birliyi, bizim beynəlxalq təşkilatlarla əlaqələrimiz bugünkü reallıqları müəyyənləşdirən şərtlərdəndir. Ən vacib amil isə burada bir neçə faktorun üst-üstə düşməsidir. Digər vacib məsələ isə Ermənistanın regionda, həmçinin ölkə daxilində və xaricdə apardığı siyasətin tam şəkildə iflasa uğramasıdır. Burada Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin birbaşa təsiri var. Müəyyən bir dönəm, xüsusilə Avropa və Qərb dünyasında gedən proseslərdən, adətən ermənilərin öz maraqlarına uyğun istifadə etmək imkanları mövcud idi. İndi isə Ermənistan dünyada gedən proseslərə tamamilə zidd olaraq meydana çıxır”.
Komitə sədri bildirib ki, Azərbaycanın nüfuzunun daha da güclənməsi ilə bağlı proseslər davam etdiriləcək.
O qeyd edib ki, bu proseslər yalnız Avropa və Amerika, Rusiya və başqa ölkələrdə keçirilən nümayişlər, mitinqlərlə kifayətlənməyəcək:
“Çünki bu çağırışlar münasibətlər, şüarlar daha sonra formalaşaraq hüquq müstəvisində beynəlxalq təşkilatların gündəliyinə çevriləcək. Bununla da biz həmin təşkilatların daxilində məhz bu müzakirlərləri müşahidə edə biləcəyik. Artıq Avropa Şurasında buna nail olmuşuq. Sentyabrdan başlayaraq bu məsələ ciddi şəkildə müzakirə olunacaq. Həmçinin digər beynəlxalq təşkilatlarda da bu məsələlər açıq müzakirələrə çıxarılacaq”.
Səməd Seyidovun fikrincə, ATƏT-in Minsk Qrupu da öz işində dönüş yaradacaq.
O bildirib ki, bu hal baş verməsə, təşkilat proseslərdən özünü kənarlaşdırmış ola bilər:
“Eyni zamanda başqa bir rakursdan da dövlətlər tərəfindən işğalçı Ermənistana qarşı müvafiq addımların atılmasının şahidi olacağıq. Bunu mütləq hər kəs görəcək. Çünki bu proseslərin aktivləşməsi heç də təsadüfi deyil. Ermənilər qazdıqları quyuya özləri düşüblər. Provakasiyanı tamamilə başqa məqsədlər üçün həyata keçirmişdilər. Onların içərisində Azərbaycanla bağlı çirkin niyyətlər də var idi. Düşünürdülər ki, Azərbaycanın içərisində bir çaxnaşma, xaos yaratmaqla xain planlarına nail olsunlar. Amma onlar bunun tam əksini, hakimiyyətlə xalq birliyini gördülər”.
Səməd Seyidov vurğulayıb ki, hər kəs Azərbaycan xalqının ölkə başçısı ətrafında birləşdiyinin bir daha şahidi oldu:
“Xalq-iqtidar birliyini, xalqımızın bir mövqedən çıxış etməsi düşmənin gözləmədiyi əks effekt yaratdı. Azərbaycanın haqq sözü, beynəlxalq səviyyədə ümumi geosiyasi məsələlərin dəyişməsi və ermənilərin yalanlarının üzə çıxması proseslərin istiqamətinin tamamilə dəyişməsinə gətirib çıxardı”.