7 Oktyabr 2020 09:05
5 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğalçı torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa qol çəkməli, bunu da dünya ictimaiyyəti və beynəlxalq hüquq qarşısında, çərçivəsində etməlidir. Bundan sonra gələcək danışıqlar üçün masa arxasında oturmaq haqda düşünmək olar. Lakin bu dəfə erməni lobbisinin əlində olan ölkələrlə deyil, doğrunun tərəfini tutan, bizim maraqlarımızı müdafiə edən ölkələrdə masaya oturulmalıdır. Minsk qrupunun tərkibi dəyişdirilməli, Türkiyə mütləq şəkildə yeni formatda yer almalıdır”.

Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı uğurlu anti-terror əməliyyatları davam edir. Gözləntiniz nədir - əməliyyatlar hara qədər davam edə bilər?

- Azərbaycan otuz ildir ki, öz torpaqlarını düşmən tapdağı altından çıxarmağa çalışırdı, bu gün buna nail olur. Artıq kəndlərimiz, rayonlarımız işğalçılardan təmizlənir. Əlbəttə, dünya ictimaiyyəti, ən əsas da erməni lobbisinin əlində olan və onlardan maliyyə dəstəyini alan ölkələr, onların başçıları bunu həzm etmirlər. Bu, onlar üçün o qədər də xoşagələn bir durum deyil. Bu səbəbdən də təzyiqlər etməyə çalışırlar, lakin bu dəfə beynəlxalq hüquq və ictimai rəy bizim tərəfimizdədir, yəni zərərçəkən ölkənin.

Biz bu savaşda haqlıyıq, öz haqlarımızı və hüquqlarımızı sona qədər qoruyacağıq. Savaş hər zaman çətin olub, itkilər qaçılmazdır. Biz hər zaman bunu da bilirdik ki, Qarabağın azad edilməsi asan olmayacaq. Amma xalqımız bu gün göstərir ki, hər cür çətinliyə, Qarabağı azadlığa aparan savaşa hazırdır. Göründüyü kimi, düşmən döyüşləri genişləndirməyə cəhdlər edir. Xisləti faşist və vəhşi olan bu millət – ermənilər həmişə silahsız insanlara zərər verməkdən çəkinməyiblər. Müharibəni poliqonda yox, mülki insanların yaşadıqları yerdə aparmağa cəhd etməklə, öz işğalçı sifətini dəyişdirməyə - Azərbaycanı dünyaya “qəsbkar ölkə” kimi göstərməyə çalışırlar. Amma bu dəfə işğalçının bu ənənəvi çirkin oyununun baş tutmayacağına, torpaqlarımızın azad ediləcəyinə inanıram.

- Ermənistan Baş naziri Nikol Paşinyan hər gün bir dünya liderinə zəng edir. Amma görünən budur ki, istədiyini ala bilmir. Sizcə, niyə Paşinyanın səyləri adekvat cavab tapa bilmir?

- Ermənilər üçüncü dövləti bu savaşa cəlb etmək üçün dinc əhalini və şəhərlərimizi bombalayırlar. Dünya ictimaiyyəti isə buna reaksiya vermir. Amma biz Ermənistan və ona yaxın əraziyə bir güllə atsaq, bizi qınaq obyektinə çevirərdilər. Əlbəttə, bu savaşın tez bir zamanda bitəcəyini düşünmürəm. Çünki işğalçı tərəf şərtləri qəbul etmir. Biz bu gün əməliyyatları dayandırsaq, işğalçı yenə də torpaqlarımızı öz xoşuyla qaytarmayacaq. Amma biz onları ağ bayraq qaldırmağa məcbur etməliyik, bunu etmək gücündəyik.

İşğalçı torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa qol çəkməli, bunu da dünya ictimaiyyəti və beynəlxalq hüquq qarşısında, çərçivəsində etməlidir. Bundan sonra gələcək danışıqlar üçün masa arxasında oturmaq haqda düşünmək olar. Lakin bu dəfə erməni lobbisinin əlində olan ölkələrlə deyil, doğrunun tərəfini tutan, bizim maraqlarımızı müdafiə edən ölkələrdə masaya oturulmalıdır. Minsk qrupunun tərkibi dəyişdirilməli, Türkiyə mütləq şəkildə yeni formatda yer almalıdır.

- Rusiya niyə neytral mövqe seçdi?

- Əlbəttə, Rusiyanın budəfəki mövqeyi hər kəsdə maraq doğurur. Rusiyadan dəstək ala bilməyən ermənilərin özləri də çaş-baş qalıblar. Biz Rusiyanın hər zaman Ermənistanı dəstəklədiyini də bilirik. Amma bu dəfə birbaşa savaşa müdaxilə etmir. Bunun da səbəbləri var. Bu, ilk növbədə Ermənistanın və onun rəhbərliyinin son iki ildə yürütdüyü anti-Kreml siyasəti və Türkiyə faktoru ilə bağlıdır.

- Amma Fransa Rusiyadan fərqli olaraq, aşkar şəkildə işğalının tərəfində dayandığını açıqladı...

- Azərbaycan və Ermənistan Cənubi Qafqaz dövlətləridir. Amma bu iki ölkənin geosiyasi və strateji əhəmiyyəti böyük dövlətlər üçün eyni deyil. Azərbaycan bu gün həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan regionun ən öndə gedən dövlətidir. Bu gün regionda Azərbaycansız heç bir iqtisadi və siyasi layihəyə imza atılmır. Azərbaycan Şərqlə Qərbin qapısıdır. Biz heç kimdən heç nə gözləmirik, iqtisadi və enerji layihələrinə maliyyə dəstəyini belə özümüz təmin edirik. Yəni fərq göz qabağındadır.

Ermənistana isə hər zaman ən yaxın dövlət Rusiya olub, yəni ondan başqa bu dövlətə iqtisadi, siyasi, eləcə də hərbi baxımdan heç kim lazımi yardımı edə bilməz . Yəni Ermənistan hər zaman ona-buna əl açan və asılı bir dövlət olub. Təbii ki, burada lobbinin rolu var. Biz bunu Rusiya, Fransa və ABŞ rəhbərlərinin verdikləri bəyanatlardan görə bilirik. Bunlar erməni lobbisinin ən çox çalışdığı və təsir imkanları olan dövlətlərdir. Lakin unutmaq olmaz ki, Türkiyə faktoru artıq proseslərdə böyük rol oynayır.

Yəni Türkiyənin bu gün Azərbaycana verdiyi dəstək bu dövlətlərin təzyiqlərinin qarşını alır. Bilirsiniz ki, Türkiyə NATO dövlətidir və ABŞ-la bu blok daxilində müttəfiqdir. Suriya və Liviyada Rusiya, Aralıq dənizində isə Fransa ilə üz-üzə gəlir. Türkiyənin özünün də problemləri az deyil, lakin buna baxmayaraq bu gün bütün dünya artıq 2000-ci ildən sonra dünya arenasında güclənən bir Türkiyə görür. Başqa sözlə, Türkiyənin yürütdüyü siyasət və hərbi gücü Azərbaycanın mövqeyini gücləndirir. Bunların hər birini üst-üstə gətirsək, görə bilərik ki, bu gün iki dövlət arasında seçim olunsa, bu, Azərbaycandan yana olmalıdır.

- Türkiyənin bu məsələdə Azərbaycana dəstəyini necə qiymətləndirirsiniz?

- Bilirik ki, nə Rusiya, nə İran, nə Fransa, nə də ABŞ Türkiyənin Cənubi Qafqazdakı varlığından razıdır. Bura qədər həmin ölkələr Türkiyənin Yaxın Şərq və Aralıq dənizindəki varlığından narahat idi. İndi də Cənubi Qafqazda özünü göstərməsi onları bir qədər də narahat edir. Buna görə də Türkiyəni mümkün qədər buradan uzaqda saxlamağa çalışacaqlar. Yəni müxtəlif bəyanatlarla müharibənin miqyasının genişlənməməsinə çalışacaqlar. Çünki Azərbaycanın Türkiyədən hərbi dəstək alması mümkündür, bu da həmin dövlətlərin maraqlarına uyğun deyil. Amma Türkiyənin qarşısını ala bilmirlər. Çünki illərdir verdikləri bəyanatların və sözlərin işə yaramadığının şahidiyik. Artıq real vəziyyət başqadır, Azərbaycanın özü kimsənin köməyi olmadan torpaqlarını azad etməklə məşğuldur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər