6 Oktyabr 2020 21:40
1 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Məlahət xanım, hazırda cəbhədə döyüşlər gedir. Azərbaycan öz haqlı və ədalətli mövqeyinin bərpası uğrunda müharibə aparır. Ölkədə ümumi əhval-ruhiyyəni necə qiymətləndirirsiniz?

- Bu gün ölkəmizdə insanların əhval-ruhiyyəsi çox yüksəkdir. 7-dən 70-ə hər kəs vətən, torpaq sevgisini açıq ifadə edir. Ön cəbhədə torpaqlarımızın azadlığı uğrunda böyük savaş gedir. İnsanlarımızda torpaqlarımızın azadlığı uğrunda aparılan müharibə bir bayram ovqatı yaradıb. Uzun illər bu qələbənin sevinci, həsrəti oduğu üçün yaşanan hisləri bəzən sözlə ifadə etmək olmur. Hər bir vətəndaşımız bu gün Qarabağın azadlığı uğrunda haqq davasına qatılmağa hazır olduğunu bəyan edir. Cəmiyyətimiz yumruq kimi monolit bir qüvvə olaraq dövlətimizin, Ali Baş Komandanımızın, ordumuzun arxasındadır. Heç bir siyasi düşüncə fərqliliyi bu gün vətənin azadlığı ilə bağlı aparılan mübarizədə önəm kəsb etmir. Hər kəs vətənimizin bütövlüyü uğrunda aparılan mücadiləyə öz töhvəsini verməyə çalışır. Eyni zamanda bu tarixi hadisə digər xalqlar üçün də bir örnəkdir. Çünki 30 ilə yaxın torpağı işğalda olan bir xalq yenidən öz milli ruhunu ortaya qoyaraq ərazi bütövlüyü uğrunda mübarizəyə başlayıb.

- Riyakar düşmənin status-kvonu uzatmaqda məqsədi nə idi?

-İşğalçı Ermənistan və ona havadarlıq edənlər düşünürdülər ki, işğal prosesi uzansın və yaddaş təzələnsin. Məqsəd də ondan ibarət idi ki, yeni nəsil formalaşacaq və onlar üçün tarixi keçmiş, torpaq o qədər də maraqlı olmayacaq. Düşmən çox hiyləgər plan qurmuşdu. Amma Azərbaycan xalqı min il keçsə belə, öz milli kimliyindən, tarixindən, qan yaddaşı olan torpaqlarından uzaqlaşmayacaq. Bu gün qaçqın və məcburi köçkün kimi yurd-yuvasından uzaq düşmüş və çətin şəraitlərdə böyümüş gənclərimiz Qarabağın azadlığı uğrunda savaş aparır. Qarabağda doğulmayan gənclərimiz öz ata-baba yurdlarını düşməndən azad etmək üçün könüllü şəkildə cəbhəyə yollanır. Ona görə biz xalq olaraq daha güclüyük və bu birliyimiz fonunda da düşmənə vuracağımız zərbə onların xəyallarını belə alt-üst edəcək.

Bu gün Azərbaycan həm regional həm də beynəlxalq arenada böyük gücə sahibdir. Bu güc isə iqtisadi, siyasi müstəvidə dövlətimizin maraqlarının təminatını əsaslandırır. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqafın ən güclü ordusudur.

- Ermənilərin tarixi Azərbaycan torpaqları ilə bağlı strateji planları nədən ibarət olub?

- Ermənilər düşünürdülər ki, ötən əsrin əvvəllərində işğal etdikləri Azərbaycan ərazilərində özlərinə dövlət qurdular, məskən saldılar bunlara heç bir reaksiya olmadı. Bundan sonra da onlara yeni ərazilər tutduqlarına görə, etiraz və hansısa bir cəza müstəvisində reaksiya verilməyəcək. Məhz cəzasızlıq mühitində onlar daha da iştahlanaraq, azğınlaşaraq Azərbaycanın ərazilərinə yeni iddialar irəli sürməyə başladılar. 90-ci illərin əvvəllərində işğal etdikləri Azərbaycan ərazilərinin hesabına da öz ərazilərini genişləndirmək niyyətlərini ortaya qoydular. Ermənilər həmçinin digər region dövlətləri üçün də ərazi iddiasındadırlar. Dənizdən-dənizə, böyük ermənistan xəyallarını reallaşdırmaq üçün ən çirkin və iyrənc planlar düşünürlər. Sözsüz ki, həm qonşu dövlətlər, eyni zamanda birbaşa hədəf olaraq seçilmiş Azərbaycan düşmənin bu riyakar planlarından xəbərdardır. Ermənilər unudurlar ki, indiki dövlətləri tarixi Azərbaycan ərazilərində yerləşir.

Bu mənfur xalq məhz Türkmənçay müqaviləsindən sonra bu ərazilərdə kütləvi şəkildə məskunlaşmağa başlayıblar. Bundan sonra isə onlar hətta birlikdə yaşadıqları xalqlara qarşı belə düşmən mövqeyindən yanaşdılar. Təsadüfi deyil ki, tarixi ata-baba torpaqlarında yaşayan azərbaycanlılar dəfələrlə erməni fitnəsinin qurbanı olaraq deportasiyaya məruz qalıblar. Eyni zamanda türk-müsəlman toplumu hər zaman ermənilər üçün hədəf olub. Hətta Stalinin ölümündən sonra xalqlar üçün verilmiş ümumi bəraət azərbaycanlılara şamil olunmadı. Bu isə xalqımızın öz tarixi torpaqlarından, dəyərlərindən uzaq salınması üçün hazırlanmış bir plan idi.

- Ermənistan 12 iyulda niyə Qarabağ cəbhəsindən deyil, dövlət sərhədi istiqamətindən Azərbaycana qarşı təxribat törətdi?

- İşğalçı Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan dövlətinin gücünü və qüdrətini bilirdi. Amma heç bu siyasi yükü daşımaq qabiliyyəti olmayan bir şəxsə özündən əvvəlkilərin cinayətlərini qanuniləşdirmək missiyası tapşırılmışdı. Paralel olaraq o ölkəsini düşmüş olduğu rəzil durumdan çıxarmaq iqtidarında da deyil. Məhz bunların fonunda işğalçı Ermənistanın baş naziri mövcud reallıqları düzgün qiymətləndirə bilmədi.

Hətta cəbhə xəttində öz ordusuna belə inamı olmayan rəhbərdən nəsə bir müsbət xarakter gözləmək sadəlövlük olardı. Əsgərinin ayağına qandal bağlayıb səngərdə saxlayan bir ordu rəhbərinin cəbhədə uğur qazanması qeyri-mümkündür. Eyni zamanda həmin ordunun da döyüş ruhunun hansı səviyyədə olduğunu da bu mənzərədən açıq görmək olur.

Ona görə də, riyakar ölkənin hiyləgər baş naziri çalışırdı ki, Azərbaycanı mümkün qədər daha çox təxribata çəksin. Üçüncü ölkələrin prosesdə iştirakı təmin edilsin və bununla da o, öz üzərinə düşən iyrənc missiyadan biraz da olsa qurtulmuş olsun.

Eyni zamanda düşmən tərəf məkirli planlarını icra etmək üçün hərbi proqramlarını daha da genişləndirirdi. Bununla bağlı cənab Prezident BMT-nin ali tribunasından da səsləndi ki, Ermənistan müharibəyə hazırlaşır. Cənab Prezident çağırış etdi ki, düşmən tərəf açıq müharibə ritorikasına köklənib, buna reaksiya verilməlidir və xəbərdarlıq edilməlidir. Amma çox təəssüf ki, bununla bağlı beynəlxalq ictimaiyyətdən Ermənistana qarşı heç bir reaksiya verilmədi.

Çünki düşmən bütün gücünü Qarabağdan kənarda təxribat törətməyə yönəltmişdi. Eyni zamanda Tovuzdan beynəlxalq əhəmiyyətli kommunikasiya xətləri keçir. Düşmən məhz həmin istiqamətdə təxribat tərətməklə Azərbaycanın artan nüfuzuna da zərbə vurmağa çalışırdı.

- Tovuz hadisələrindən də sonra işğalçıya heç bir reaksiya verilmədi. Sentyabr 27-də onlar yenidən təxribata əl atdılar və Azərbaycanın güclü əks-hücum əməliyyatları ilə qarşılaşdılar...

- Azərbaycanın müasir tarixində qəhrəmanlıq salnaməsi yazılır. Dövlətçilik tariximizdə Azərbaycan dövləti indiki qədər güclü olmayıb. Bu gün xalqımız çox böyük qürur hissi keçirir. Ulu öndər Heydər Əliyevin dönəmində vurğulanırdı ki, o, həm tarix yazır, həm də tarixin qəhrəmanıdır. Bu gün o tarixi qəhrəman cənab Prezident İlham Əliyevdir. Türk dünyasının tarixini yenidən yazan cənab Prezidentdir. Bizlər də özümüzü çox xoşbəxt hiss edirik ki, bu tarixin şahidi oluruq. Bu şanlı tarixin yazılmasında sözsüz ki, qurbanlar veririk, şəhidlərimiz var. Bu gün torpaq uğrunda şəhid varsa, o bizi bu torpağa, dəyərlərə daha sıx bağlayır.

Son 30 ildə mandat gəzdirən dövlətlərdən Azərbaycan torpaqlarının azad edilməsi üçün heç bir addım atılmadı. Məhz bu konteksdə də düşmən cəzasızlıqdan istifadə edərək, yeni ərazi iddiaları ilə çıxış etməyə başladı. Tovuz təxribatından sonra işğalçıya qarşı sərt reaksiyalar olsaydı bəlkə də o yenidən təxribatlara əl atmazdı. Sözsüz ki, bu gün düşmən öz təxribatının layiqli cavabını alır və düşmüş olduğu ağır məğlub duruma görə indiki Ermənistan hakimiyyəti məsuliyyət daşıyır.

-1994-cü ildə Horadiz əməliyyatı, 2016-cı ildə aprel döyüşləri və nəhayət Qarabağ uğrunda vətən savaşı. Ardıcıllığı necə şərh etmək olar?

- Horadiz əməliyyatının müasir Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var. Eyni zamanda istənilən halda dövləti idarə edən şəxsin liderlik bacarığı çox önəmlidir. Bu əməliyyatın həyata keçirilməsinə qədər xalqımızın mübarizə əzmi qırılmışdı. Xalqın özünə inamını bərpa etmək, düşmənə qarşı durmaq əzmi məhz Horadiz əməliyyatında nümayiş edildi. 2016-cı ilin aprel döyüşlərində isə müasir Azərbaycan tarixində qələbəyə olan ümidi bərpa edildi. Məhz Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı xalqın birliyi ilə güclü zərbə vuruldu. Dövlətimiz bütün dünyaya nümayiş etdirdi ki, Qarabağın indiki taleyi ilə heç bir halda razılaşmayacaq. Sentyabrın 27-də isə ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda vətən müharibəsinə başladı. İnşallah yaxın zamanlarda Azərbaycan xalqı öz qələbə sevincini yaşayacaq.

- Bəzi beynəlxalq təşkilatların, dövlətlərin Azərbaycanın haqlı mübarizəsinə yanaşmaları birmənalı deyil. Bunun səbəbləri nələrdir?

- Burada problemin tənzimlənməsində məsuliyyət daşımalı olan ATƏT-in Minsk Qrupunun mövqeyi olduqca önəmlidir. Vaxtilə bu təsisat formalaşdıqda Avropanı təmsil edəcək bir olkə kimi Fransanın da burada iştirakı gündəmə gətirildi. Ona görə, Fransa Minsk Qrupunda təmsil olunmağa başladı. Onu da vurğulayım ki, burada da ermənipərəst qüvələrin, erməni lobbisinin diqtəsi ilə Fransa Avropa birliyi adından bu təsisata qoşuldu. O dövrlər siyasi arenada o qədər də güclü bir mövqeyə sahib olmamağımız məhz Fransa kimi dövlətin Minsk Qrupunda təmsilçiliyinə imkan yaratdı. Hazırda isə Fransa açıq şəkildə Ermənistana, onun işğalçılıq, vandalizm siyasətinə dəstək verir. Belə olan halda Fransanın birtərəfli mövqe tutması qəbul edilməzdir. Minsk Qrupunda Fransanın qalması da arzuolunan deyil. Ona görə də yaxın vaxtlarda ATƏT-in toplantısının çağırılması və Fransanın həmsədrlikdən uzaqlaşdırılması daha məqbul olardı. Eyni zamanda regionu daha yaxşı bilən və problemlərə daha yaxın olan qardaş Türkiyənin Minsk Qrupunda təmsilçiyi daha məqbuldur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər