"Hər bir ölkə bu və ya digər məsələ ilə bağlı fövqəladə və səlahiyyətli səfirini məsləhətləşmək üçün çağırmaq qərarını verə bilər".
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Yunanıstanın Azərbaycandakı səfirini məsləhətləşmək üçün ölkəsinə çağırması ilə bağlı KİV-in sorğusuna cavab olaraq yaydığı məlumatda bildirilir.
"Müxtəlif ölkələrdən, o cümlədən Yunanıstandan erməni mənşəli vətəndaşların Azərbaycanın işğal olunmuş ərazilərinə yola düşməsi ilə bağlı tərəfimizdən verilən açıqlamalara gəldikdə vurğulamaq istərdik ki, bu məlumatlar açıq informasiya mənbələrinə istinadən təqdim edilib və Yunanıstan tərəfinə bu məlumatın həqiqətə uyğun olub-olmaması ilə bağlı müraciət edilib", deyə, məlumatda qeyd olunur.