Artıq Ermənistanın şıltaq mövqeyindən əksər ölkələr bezib. Bu ölkələr anlayır ki, Ermənistan tərəfi güzəştlərə meyil etmir. Deməli, münaqişə danışıqlar yolu ilə həll olunmursa, yeganə yol müharibədir.
Bu fikirləri Teleqraf.com-a analitik Əli Abbasov ABŞ-ın NATO-dakı səfiri Key Beyli Batçisonun son mövqeyini şərh edərkən deyib.
Xatırladaq ki, ABŞ-ın NATO-dakı xanım səfiri bildirib ki, Şimali Atlantika Alyansı indi ABŞ və Rusiyanın etdiklərini etməyə çalışır. Yəni məqsədimiz Dağlıq Qarabağdakı silahlı qarşıdurmanı dayandırmaqdır. Problemin 30 ildir davam etdiyini xatırladan səfir əlavə edib ki, Minsk Qrupunun həmsədrləri münaqişəni ilkin mərhələyə, erməni əhalinin yaşaya biləcəyi suveren Azərbaycan sərhədlərinə qaytarmağa çalışır. Problem Azərbaycan sərhədləri və süverenliyi çərçivəsində həll edilməlidir.
Professor Əli Abbasov qeyd edir ki, səfir bunu deməklə əslində danışıqların necə nəticələnəcəyi ilə bağlı mesaj verib:
“Yəni sonda ortaya hansı planlar çıxacaq, bu planların başında kim duracaq. Biz görürük ki, Minsk Qrupu o qdər də fəal deyil”.
ABŞ-ın NATO-dakı səfirinin bəyanatının Azərbaycanın maraqlarını təmin etdiyini xatırladan professor əlavə edib ki, problemin həlli üçün bu bəyanatlar vacibdir:
“Artıq Qarabağın erməni əhalisinin suveren Azərbaycan sərhədləri daxilində yaşaya biləcəyi məsələsi gündəmdədir. Bu, böyük bir plan kimi götürülə bilər. Ancaq hazırda ən vacib məsələ, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir".