Sentyabrın 27-dən etibarən Azərbaycan özü yeni bir reallıq yaradıb. Ordumuz 4 şəhərimizi işğalçılardan azad edib. Ona görə, beynəlxalq aləm bunu nəzərə almaya bilməz. Bu gün biz bu reallığı cəbhə xəttində görürük. Oktyabrın 29 Cenevrədə keçiriləcək görüşdə mövzu tamamilə başqa müstəvidə olacaq.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın AŞPA Nümayəndə Heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, artıq təmas xətti mövcud deyil:
“Cəbhədə tamamilə başqa bir vəziyyətdir. Beynəlxalq təşkilatlar yenə də köhnə ab-hava ilə hərəkət edirlər. Yenə də hesab edirlər ki, işğal altında qalan torpaqlar necə vardısa, elə də qalıb. Bu faktlar da özlüyündə həmin təşkilatların nə dərəcədə "çevik" fəaliyyətdə olduğunu göstərir.
Millət vəkili vurğulayıb ki, aktiv döyüş əməliyyatlarının getdiyi bir dövrdə ATƏT-dən heç bir xəbər çıxmadı:
“Minsk Qrupu da gedişata səssiz qaldı. Danışıqlar aparmaq istəyənlər mövcud reallığı nəzərə almalıdırlar. İndi isə tamamilə başqa bir reallıqdır. Cəbhədə artıq erməni əsgəri qaçır. Torpaqlarımız işğaldan azad olunur. Azərbaycan əsgəri ərazi bütövlüyümüzü bərpa edir. Ona görə də bundan sonra aparılacaq danışıqlarda söhbətlər tamamilə başqa bir səmtdə təşkil olunacaq”.
Səməd Seyidovun sözlərinə görə, aktiv döyüş əməliyyatlarının getdiyi bu günlərdə dünyada sanki siyasi proseslərə yanaşma dəyişib:
“Topaqlarımızın azad edilməsi yeni geosiyasi mənzərənin yaradılmasını təmin edib. ATƏT, BMT aktiv fəaliyyətə keçib. Azərbaycan Ordusu bütün dünyaya səs saldı. Cənab Prezident sərkərdə kimi Azərbaycanın milli maraqlarını dünyada sübut etdi. Ona görə də bu günlər müasir Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq”.