“1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi ortaya çıxanda, bu, Avrasiya materikinin siyasi pərdəsini dəyişmişdi. İndi məsələnin həllindən sonra mənzərə yenidən dəyişməyə başlayıb. ATƏT-in Minsk Qrupu formatı özünü nə Azərbaycan, nə Ukrayna, nə Gürcüstan, nə də Moldovada doğrultdu. Əksinə, münaqişələri uzatmaqla məşğul oldu. Bütün dünya başa düşdü ki, münaqişələri regional oyunçuların iştirakı ilə həll etmək mümkündür, ən doğrusu da budur”.
Politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Fransa savaşdan sonra aktivləşib. İşğalçının mövqeyini əks etdirən bir davranış sərgiləyir. Bunun səbəbləri nədir?
- Fransa ermənipərəst ölkədir, bunun da bir neçə səbəbləri var. Bunun səbəblərindən biri, çox sayda erməninin Fransada yaşamasıdır. İkinci səbəb, erməni lobbisinin Fransa hökumətində kök atmasıdır. Bu, bir fərd və ya bir siyasətçi ilə bağlı deyil, Fransanın ümumi siyasətində belədir. Məsələ bundandır ki, onlar Fransanın siyasətində çox dərindədirlər. Bəzi bölgələrdə isə seçkilərin nəticələri erməni əhalisinin kimə səs verəcəyindən asılı olur.
Başqa bir məqam da budur ki, Rusiyada olduğu kimi, Fransada da ermənilərin geniş media resursları var. Bunlar ictimai rəyə diktə edən media orqanlarıdır. Fransada anti-türk və anti-İslam fikrinin formalaşmasında müstəsna rol oynayan media resurslarından söhbət gedir. Bunlar Fransanın ictimai-siyasi həyatında “5-ci kolon” rolunu oynayan, dövlətin siyasətinə təsir edə bilən, seçkilərdə kənar oyunçuların vasitə kimi istifadə edə biləcəkləri bir qüvvədir. Yəni Fransanın Ermənistanı dəstəkləməsini mövsümi olaraq dəyərləndirmək doğru deyil. Fransa Ermənistanın ənənəvi dəstəkçisidir.
- Paris və Ankara arasındakı gərginlik, belə desək, Fransanın Türkiyəyə qarşı əsassız basqıları da bura daxildirmi?
- Əlbəttə! Fransa-Türkiyə münasibətlərindəki mövcud duruma da baxmaq lazımdır. İki ölkənin maraqları Aralıq dənizinin şərqində toqquşur. Münasibətlər təkcə bu regionla bağlı yox, digər istiqamətlərdə də kəsişir. Məsələ budur ki, uzun illərdir imperiya siyasəti yürüdən Fransa Şimali Afrika ölkələrini öz müstəmləkəsi altında saxlayıb. Bu günün özündə də, bölgədə elə dövlətlər var ki, Fransaya xərac ödəyirlər. Həmin ölkələrdə gedən ictimai-siyasi proseslərdə, reallaşdırılan transmilli layihələrdə Fransa aparıcı qüvvədir. Amma son illərdə Ərdoğan və ya Türkiyənin İslam faktoru və bu ölkənin regional güc statusu üzərindən apardığı siyasət bölgədə mənzərəni dəyişib. Bu da Fransanın Türkiyəyə qarşı münasibətini gərginləşdirir. Türkiyə Fransanın təzyiqlərinə baxmayaraq, öz regional siyasətini uğurla həyata keçirir və bölgədəki nüfuz dairəsini genişləndirir.
Əslində Fransa və digər Avropa dövlətlərinin iki milyon miqranta ev sahibliyi edib, onların qitənin digər ölkələrinə getməsinə mane olduğu üçün, Türkiyəyə vəfa borcları var. Fransada seçkilər keçirilirdi və kənardan gələn miqrantlar ölkədə tarazlığı dəyişə bilərdi. Məsələn, Mari Le Pen kimi ifrat millətçilər bundan istifadə edib hakimiyyətə gələ bilərdilər. Amma həmin dövrdə Türkiyə Avropanın yiyə durmaq istəmədiyi miqrantlara sahib çıxdı. Məsələ budur ki, miqrantların və ya qaçqınların ehtiyacları üçün BMT, Avropa İttifaqı və digər qurumlar Türkiyəyə maddi yardım ayırmalı idi, amma indiyədək bunu tam ödəməyiblər. Fransa həmişə Avropa İttifaqının aparıcı ölkəsi kimi, Türkiyədəki qaçqınlar üçün bu yardımların ayrılmasına mane olub.
- Yəni Fransa Türkiyəyə olduğu kimi, bizə qarşı da səmimi deyil.
- Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi də, heç vaxt Ermənistan-Azərbaycan münaqişəsinin həll prosesində səmimi olmayıb. Həmişə öz maraqlarını diktə etməyə çalışıb, bu maraqlarını da, “ümumi işin xeyri”nə göstərmək kimi riyakar bir siyasət yürüdüb. Fransa təkcə Dağlıq Qarabağ məsələsinə yox, digər regional münaqişələrə də riyakar niyyətlərlə yanaşır. Bu, hətta seçki proseslərində də özünü göstərir. Məsələn, keçmiş sovet blokuna daxil olan ölkələrdə keçirilən seçkilərə münasibətdə Fransanın necə riyakar siyasət yürütdüyünü görürük. Həmişə proseslərə “demokratik çərçivə”dən baxdığını desə də, əslində demokratiya və insan haqları kimi məsələləri özünə çətir edərək, maraqlarını təmin etməyə çalışıb. Biz bunu son olaraq, Belarus və Ukraynada gördük. Biz bunu xüsusən də, Fransanın Avropaya üz tutan ərəb miqrantlarına münasibətində müşahidə etdik.
- Bəs eyni anda bir neçə cəbhədə özünü göstərməyə çalışan Fransa nəyə nail olmaq istəyir?
- Fransa qlobal geosiyasətdə aparıcı rollardan birinə malik olmaq niyyətindədir. Bu baxımdan da, Cənubi Qafqazda formalaşan yeni geosiyasi düzəndə rol almaq istəyir. Bu rolu da Ermənistan vasitəsilə əldə etməyə çalışır. Nəyə görəsə Fransa fikirlər ki, bölgənin ən zəif və ən gücsüz ölkəsi – Ermənistan vasitəsilə, yaxud Azərbaycana təzyiq etməklə regionda formalaşam nizamda özünə yer edə bilər. Bu, səhv yanaşmadır. Cənubi Qafqazdakı mövcud geosiyasi durum hansısa kənar oyunçunun burada gedən prosesdə yer almaq səylərini heçə endirir. Daxili oyunçuların - Gürcüstan, Rusiya, Azərbaycan və Türkiyənin bölgədəki rolları kənar oyunçuların bura daxil olmasına imkan vermir. Ümumiyyətlə, buna lüzum a yoxdur. Son proseslərdə Türkiyənin artan rolu da, bu səylərə mane olur.
Son illərdə gedən proseslər göstərdi ki, kənar oyunçular bölgənin təhlükəsizliyinə hədədir. Məsələn, Fransanın iştirakı ilə Ermənistanın atdığı addımlar regionun təhlükəsizliyini təhdid edir. Başqa sözlə, Fransanın bölgənin yeni düzənində yeri yoxdur. Fransanın bunun üçün ümid etdiyi məqamlar özünü doğrultmayacaq və doğrultmur.
Hesab edirəm ki, Makronun rəhbərlik etdiyi Fransanın anti-Azərbaycan baxışları getdikcə sərtləşəcək. Artıq Fransadan “DQR”-in tanınacağı ilə bağlı xəbərlər gəlməyə başlayıb. Paris meriyası bunu tanısa belə, bu, Fransanın daxili məhkəmələrində mübahisələndiriləcək bir məqamdır.
- Müharibədən sonrakı dövrdə, yəni indi Türkiyə bölgədə gedən proseslərdə hansı yerdə durur? Azərbaycan cəmiyyətinin Ankaradan gözləntisi var, bu, özünü doğruldacaqmı?
- Qeyd etdiyim kimi, Cənubi Qafqazda yeni konfiqurasiya formalaşır. Bu konfiqurasiya regional oyunçuların iştirakı ilə qurulur. Burada kənar oyunçulara yer yoxdur, çünki onlar bölgədə sabitliyi pozan məqamlardır. Mövcud oyunçular bunu istəmirlər və istəməyəcəklər.
Türkiyəyə gəldikdə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsində bu ölkə ciddi rol oynadı. Sıravi Azərbaycan vətəndaşı arxasında güc hiss etdi. Baxmayaraq ki, prosesi Azərbaycan prezidenti, xalqı və ordusu apardı, amma hər Türkiyənin mənəvi dəstəyini hiss etdi. Bu dəstəyin tarixi, milli və mənəvi əsasları var. Yəni bu gözlənti artıq özünü doğruldub. Müharibədən sonra başlayan siyasi prosesdə Türkiyənin rolu olacaq. Azərbaycan da bunu istəyir. Türkiyənin özü də burada olmaqda maraqlıdır. Türkiyənin burada olması vacibdir.
Məlumdur ki, Türkiyə Rusiya ilə birlikdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üçün patrul xidməti həyata keçirəcək. Artıq Türkiyə parlamenti Prezident Ərdoğanın Azərbaycana qoşun göndərməklə bağlı təklif etdiyi sənədi təsdiqləyib. Türkiyə qanunvericiliyinə görə, türk hərbçiləri burada bir il qalacaqlar. Bir ildən sonra isə parlamentin qərarı ilə müddət uzadıla bilər. Türkiyənin bundan sonrakı addımlarına gəldikdə, hesab edirəm ki, türklər də ruslarla paralel hərəkət edəcəklər. Artıq bölgədə yeni reallıqlar formalaşıb və bu reallıqda Türkiyə var və olacaq. Məntiqlə Türkiyənin rolu daha da dərinləşəcək.
- Bəs ATƏT-in Minsk Qrupu yenidən fəallaşa bilərmi, yoxsa bu format artıq tarixə qovuşdu? Çünki son zamanlarda həmsədr ölkələrdən, xüsusən də ABŞ və Fransadan prosesin yenidən bu formata daşınması ilə bağlı açıqlamalar verilir.
- Minsk Qrupu artıq ölmüş bir formatdır, birmənalı olaraq fəallaşmayacaq. Minsk Qrupu 27 il Dağlıq Qarabağ münaqişəsinin uzadılması ilə məşğul oldu. Minsk Qrupu ATƏT coğradiyasındakı regional münaqişələrin həllində özünü doğrultmadı. 27 ildən sonra Azərbaycanın özünün bu münaqişəni həll etməsi, ATƏT-in nüfuzunu zədələdi. Məsələ budur ki, bu münaqişə ATƏT coğrafiyasında idi. Günün günorta vaxtı ATƏT-ə üzv olan bir ölkə (Ermənistan) bu qurumun digər üzvünün (Azərbaycan) mülki əhalisinə ballistik raketlərlə hücum etdi. İnsan haqları təşkilatları buna irad bildirmədi, etiraz etmədilər. Dağlıq Qarabağ münaqişəsi regionda bir çox şeyi dəyişdi.
1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi ortaya çıxanda, bu, Avrasiya materikinin siyasi pərdəsini dəyişmişdi. İndi məsələnin həllindən sonra mənzərə yenidən dəyişməyə başlayıb. ATƏT-in Minsk Qrupu formatı özünü nə Azərbaycan, nə Ukrayna, nə Gürcüstan, nə də Moldovada doğrultdu. Əksinə, münaqişələri uzatmaqla məşğul oldu. Bütün dünya başa düşdü ki, münaqişələri regional oyunçuların iştirakı ilə həll etmək mümkündür, ən doğrusu da budur. Məsələn, ABŞ istəsə də, bu münaqişəni həll edə bilməzdi. Çünki regional oyunçu deyil.