ABŞ-da qısa müddətdə Donald Trampın gördüyü bütün işlərin gündəmdən çıxarılması prosesinə start verilib. Yeni prezident Co Baydenin rəhbərliyi altında tamamilə başqa, yəni Demokratların düşündüyü istiqamətdə hadisələrin idarə olunacağı gözlənilir. Artıq bunlar özünü göstərməyə başlayıb. Baydenin ilk addımlarından biri ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına qayıtmasıdır. Paris Konvensiyasına, Barak Obamanın səhiyyədə başladığı islahatların davam etdirilməsinə diqqət ayrılacaq. Dövlət məktəblərinə daha çox yardım göstərmək də prioritetlərdən olacaq.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.
Onun fikrincə, bütün bunların əksini D.Tramp edirdi:
“Miqrantların Amerikaya buraxılması və “Qrin” kartların yenidən verilməsi nəzərdən keçirilə bilər. Bu üzdən də Bayden Tramp siyasətinin tam əskini həyata keçirəcək. C.Bayden çıxışında dünya problemlərinə daha aktiv müdaxilə etmək niyyətində olduğunu açıqlayıb. Dünya müstəvisində ABŞ-ın siyasətində dəyişikliklər olacaq. Öncə daxili müstəvidə məsələlərə diqqət ayrılacaq. Beynəlxaq müstəvidə Amerika-Avropa münasibətləri təhlil olunacaq. ABŞ-Rusiya münasibətlərinə çox ciddi yanaşmaların olacağı da gözlənilir. Çinlə bağlı məsələlər də gündəmin əsasını təşkil edəcək. Trampın Çinlə bağlı kəskin mövqeyinin əskinə siyasət yürüdüləcək. C.Bayden Çinlə münasibətləri kəskinləşdirməkdə maraqlı deyil. ABŞ-ın yeni dönəm siyasi istiqamətində Cənubi Qafqaz regionuna da diqqət ayrılacaq. Çünki yeni prezidentin ətrafında Qafqaz regionunda vaxtilə işləmiş adamlar yer alıb. ABŞ-ın yeni administrasiyasında təmsil olunan şəxslərin Azərbaycanla birbaşa maraqlanacağı proqnozları var. Cənubi Qafqaz dünyanın ən cəlbedici regionlarından biridir. Ona görə də bu regiona xüsusi diqqət atırılacaq. Ona görə Azərbaycan o işini daha aktiv qurmalıdır. Post-müharibə dövrünün bütün reallıqlarına uyğun addımlar atılması üçün hədəflərimizi dəqiqləşdirməliyik”.
Səməd Seyidov bildirib ki, ABŞ-ın Cənubi Qafqaz regionu üçün həyata keçirəcəyi aktiv siyasətdən ermənilərin də yararlanacağı gözləniləndir:
“Bu aktivliyin olması müstəvisində Azərbaycan rol almalıdır. Adətən Demokratların içərisində ermənipərəst qüvvələr daha çox olur. Bu, heç kəs üçün sirr deyil. Ermənipərəst qüvvələrin hansısa formada fəaliyyəti ABŞ-ın milli maraqalarına ziddiyyət təşkil edə bilməz. Hakimiyyətə gələnə qədər müəyyən fikirlər səslənə bilər. Bununla xal qazanmağa çalışılır. Reallıqda Demokratlardan Menendez, Kaliforniyadan olan deputatlar, konqresmenlər hər zaman ermənilərə xidmət edib. Artıq burada başqa bir reallıq yaranıb. O insanlar indi hakimiyyətə gəlib. Onlar öz dairələrindən başqa ümumi Amerikanın maraqlarına xidmət etməlidirlər”.
Millət vəkili qeyd edib ki, ermənipərəst qüvvələrin maraqlarına xidmət edərək Amerikanın nəsə qazanacağı gözlənilmir:
“Burada heç bir ümumi qazancdan söhbət gedə bilməz. Çünki bu gün Azərbaycanın imzaladığı beynəlxalq əhəmiyyətli sazişlər tək ölkəmiz üçün deyil, bütövlükdə Avropanı, dünyanı maraqlandırır. Eyni zamanda onların da bu regionda güclənməsini təmin edir. ABŞ-ın indiki siyasi rəhbərliyi ermənipərəst olmasına baxmayaraq, reallıqda Azərbaycana yanaşmada özlərinə zərər gətirəcək fəaliyyətdən çəkinəcək”.