Ukrayna Xarici İşlər Nazirliyi rusiyalı rejissor və televiziya aparıcısı Tiqran Keosayanın Donetskə səfəri ilə əlaqədar onun ölkəyə girişinə qadağa qoyulmasına təşəbbüs göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Oleq Nikolenko bildirib.
“Rusiyalı təbliğatçılar Donetskə gəliblər... Milli təhlükəsizliyimizə qarşı fəaliyyəti ilə əlaqədar olaraq Keosayanın Ukraynaya girişinə qadağa qoyulması üçün prosedura başlayırıq. Simonyanın (“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin, “Sputnik” radiosunun və RT-nin baş redaktoru Marqarita Simonyan) və Babayanın (“Qovorit Moskva” radiosunun baş redaktoru Roman Babayan) girişinə çoxdan qadağa qoyulub”, - deyə Nikolenko “Twitter”də yazıb.
Ukrayna Mədəniyyət Nazirliyi 2015-ci ilin avqust ayında Rusiya Federasiyasından olanlar da daxil olmaqla milli təhlükəsizliyə təhlükə yaradan mədəniyyət xadimlərinin “qara siyahısı”nı yayımlayıb. Həmin vaxt siyahıya daxil edilən artistlər sırasında Oleq Qazmanov, İosif Kobzon, Valeriya Perfilova, Sergey Penkin, Aleksandr Rozenbaum, Yuliya Çiçerina da var idi. Siyahı müntəzəm olaraq genişlənir.
Tiqran Keosayan Marqarita Simonyanın əridir. Onların Maryana və Maro adlı iki qızı, Baqrat adlı bir oğlu var.
Marqarita Simonyan hələ 2016-cı ilin may ayında 17 rusiyalı KİV rəhbəri ilə birgə prezident Petro Poroşenko tərəfindən şəxsi sanksiyaya məruz qalıb, onun Ukraynaya girişi qadağan edilib.