18 Fevral 2021 14:53
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşada olan tarixi Azərbaycan xalçalarını oğurlayıb İrəvanda nümayiş etdirmək Ermənistanın növbəti təxribatıdır. Bu, Azərbaycanın etnoqrafiyasına, folkloruna qarşı daha bir mənimsəmə, hücüm, özününküləşdirmə aktıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Onun fikrincə, bu hadisə dünya ictimaiyyətinin gözü önündə baş verir: “Azərbaycan xalçası bu gün bütün dünyada, o cümlədən YUNESCO-nun özündə ölkəmizin qeyri-maddi mədəni irsi kimi qəbul olunur. Buna baxmayaraq, ermənilər xalça və xalçaçılıq sənətini dünyaya özlərinin mədəniyyət nümunəsi kimi təqdim olunur”.

Millət vəkili Azərbaycan tərəfinin qısa bir müddətdə bununla bağlı kəskin etiraz bildirməsindən də bəhs edib: “Artıq bununla bağlı dövlətimizin rəsmi mövqeyi mövcuddur. Ölkə ictimaiyyəti də bu hadisədən narahatlıq keçirir. Bu faktın dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsi də arzuolunandır. Dünya mədəni irsinin qorunması üçün mühüm layihələr icra edən YUNESKO kimi böyük bir təşkilat Ermənistanın növbəti barbar siyasətini düzgün qiymətləndirməlidir”.

Jalə Əliyeva YUNESKO-nun Ermənistana mədəni irsin oğurlanması, təhrif edilməsi və özününküləşdirmə cəhdləri bağlı layiqli cavab verməli olduğunu söyləyib: “YUNESKO-dan belə bir addımı gözlənilir”.

Qeyd edək ki, erməni mətbuatı 20 fevral tarixində Ermənistanın Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən 1 noyabr tarixində çıxarılan xalçaların sərgisi keçiriləcək.

Sərgidə təqdim olunan “Arsax” adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi Qarabağa məxsus milli irs nümunələridir. Bu sərgi ermənilərin növbəti oğurluğu və qeyri-qanuni mənimsəməsidir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər