8 Mart 2021 14:50
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir. Partiyamızın sədri cənab İlham Əliyev 2018-ci ildə keçirilən prezident seçkilərində parlaq qələbə qazandıqdan sonra ölkəmizdə genişmiqyaslı islahatlara start verdi. Bu islahatlar bütün sahələri, o cümlədən siyasi sferanı da əhatə etdi. Cəmiyyətimiz bu islahatların müsbət nəticələrini daim hiss etməkdədir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, sosial-iqtisadi sahədə genişmiqyaslı islahatlar aparılıb:

“Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Artıq bu istiqamətdə böyük nailiyyətlər əldə olunub. Ən əsası 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Dövlətimizin başçısı, partiyamızın sədri İlham Əliyevin söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır. Artıq bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən islahatlar siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərir. Yeni Azərbaycan Partiyanın VII Qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər. Ölkəmizin qarşısında müəyyən hədəflər dayanır və partiyamız bu prosesdə öz rolunu oynayacaq. Ötən dövrdə beynəlxalq müstəvidə bir çox nailiyyətlər əldə etmişik. Belə ki, Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi".

Sevinc Fətəliyeva qeyd edib ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb:

"Müharibəsinin nəticələri ölkəmizin yeni dövrə qədəm qoyması baxımından yeni imkanlar açıb. Eyni zamanda, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və bütün dinlərdən, mədəniyyətlərdən olan millətlərin nümayəndələri ölkəmizdə dinc, mehriban yaşayırlar. Azərbaycanda milli həmrəyliyin möhkəmlənməsi, dostluq, mehriban münasibət mühitinin qorunub saxlanması istiqamətində işlərin daha da gücləndirməlməsinə töhfə verilmək üçün siyasi təşkilat olaraq Yeni Azərbaycan Partiyası bu məsələlərdə də öz fəaliyyət istiqamətlərini zamanın tələblərinə uyğun müəyyənləşdirməlidir”.

Millət vəkili əlavə edib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir:

“VII Qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir. Partiya sədri, Prezident İlham Əliyev Qurultayda proqram xarakterli çıxış etdi. Möhtərəm sədrin tövsiyə və tapşırıqları hər bir partiya üzvü üçün fəaliyyət proqramı kimi qəbul olunmalıdır. Partiya üzvləri yeni mərhələdə ictimai-siyai proseslərdə daha fəal iştirak etməli, ölkəmizin inkişafına, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq işlərinə öz töhfələrini verməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər