1 Aprel 2021 21:26
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Ukrayna və Rusiya arasında müharibə vəziyyəti hökm sürür. Ukrayna düşdüyü durumla razılaşmaq istəmir. Yəni ərazi bütövlüyü məsələsini həll etmək niyyətindədir. Odur ki, Qərb müttəfiqlərinə bel bağlayaraq Rusiyaya qarşı çıxış edir. Bu da ümumən prosesləri müsbət istiqamətə aparmır, müharibə ehtimallarını artırır. Rusiya da tutduğunu buraxmır. Bu mənada müharibə mənzərəsi getdikcə ciddiləşir.

Bu fikirləri Teleqraf.com-a professor Rüstəm Məmmədov Ukrayna və Rusiya arasında mövcud olan hərbi-siyasi gərginlik haqda danışarkən deyib.

Xatırladaq ki, Rusiya Ukrayna ilə dövlət sərhədlərinə, xüsusilə Krım istiqamətində böyük hərbi qruplaşmalar və hərbi texnika yerləşdirir.

Rüstəm Məmmədov isə düşünür ki, əgər Ukrayna ordusu Donbasa hücum edərsə, bu zaman Rusiya prosesə müdaxilə edəcək: “Bu, pis durumdur. Rusiya-Ukrayna müharibəsi əslində III Dünya Müharibəsini yaxınlaşdıra bilər. Əgər müharibə olacaqsa, bu zaman Qərb dünyasının Rusiyanın əleyhinə olacaq. Unutmayın ki, Rusiya Ukrayna və Polşanı ələ keçirmək istəyəndə tarixdə müharibələr olub. Sanki bu tarix yenidən təkrarlanır. Bu hal həm də dünya müharibəsi situasiyasını yaxınlaşdırır”.

Professor hesab edir ki, indiki halda tərəflər ağıllı davranmalı və müharibədən mümkün qədər qaçmalıdırlar: “Açığı, ukraynalılar çalışır ki, Azərbaycanın Qarabağda etdiyini təkrarlasınlar. Amma bu, o qədər də asan məsələ deyil. Mən sizə açığını deyim ki, bu, dünyada nüvə qorxusu yaradır. Ukrayna daha çox Krım məsələsinə görə qızğındır. Ruslar gəlib Krımı kobud şəkildə ilhaq etdi. Tarixə nəzər salaraq Krımın əhəmiyyətini anlamaq olar. 1940-cı illərdə ABŞ yəhudiləri Stalinlə danışıqlar apararaq Krımda yəhudi dövlətini yaratmaq istəyirdilər. Stalin onlarla oynadı, pullarını aldıqdan sonra bundan vaz keçib. Beləcə yəhudilər öz dövlətini Krımda yarada bilməyib. Sonradan Xruşşov həmin yolu getdi. Səhv etmirəmsə, Yaponiya ilə sərhəd yaxınlığında yəhudi muxtar respublikası yaratmaqla bağlı saziş imzalamışdı. Amma sonradan bundan imtina etdi. Ruslar sonradan düşündü ki, Xruşşov səhv edərək Krımı Ukraynaya verib. Odur ki, kobud şəkildə Krımı ilhaq etdi.

Ukrayna isə rusa tabe olmaq istəmir. Bu knyagina Olqa dövründən belə gəlir. Məntiq budur ki, tarixi ənənələr davam edir və Ukrayna hər vəchlə Rusiyanı yerində oturtmaq, ərazilərini geri qaytarmaq istəyir. Buna müəyyən qədər də hazırlaşıblar. Amma bu iki ölkə arasında müharibə böyük fəlakətlərə yol aça bilər. Amma görünən budur ki, Ukrayna da sakit dayanmayacaq, ərazilərini geri qaytarmaq üçün hər varianta əl atacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər