13 Aprel 2021 15:00
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında son yüz illik tariximizin qısa xülasəsini verməklə milli yaddaşımızı bir daha obyektiv əsaslarda yeniləmiş oldu. Əlbəttə, bu ilk baxışda keçmiş Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən hadisələr üzərindən şərh edilsə də, əslində yüz illik siyasi tariximizin kritik mərhələlərində alınan siyasi qərarların izahı və təhlili idi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O deyib ki, dövlət başçısı konseptual yanaşma, analiz-sintez və tarixi-müqayisəli analiz metodları vasitəsilə dərin analitik təhlil apararaq nə qədər mürəkkəb mərhələlərdən keçərək ərazi bütövlüyümüzü bərpa edə bildiyimizi izah etmiş oldu:

“Bu çıxış zamanı istər Xalq Cümhuriyyəti, istərsə də sovet dövründə ermənilərin bütün mümkün vasitələrdən istifadə etməklə Qarabağı nəzarətimizdən çıxarmağa cəhd etdikləri bir daha aydın şəkildə ifadə edildi. Prezident İlham Əliyevin sovet dövrü tariximizə qısa ekskurs etməsi və bir daha Qorbaçov dönəmində, yəni 1987-ci ildə böyük dövlət xadimi Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa etməsindən sonra ermənilərin Qarabağ məsələsini gündəmə gətirmə cəsarətini göstərmələrini Heydər Əliyevin yoxluğunu fürsət bilmələri ilə əlaqələndirdi. Doğrudan da ermənilər hesab edirdilər ki, artıq Heydər Əliyevin proseslərə təsir imkanları məhdudlaşdırılıb və onlar asanlıqla Qarabağı ələ keçirə bilərlər. Ona görə də Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan ilk dəfə Fransada bu məsələni qaldırmaqla prosesə start verdiyini zənn etdi”.

Hikmət Babaoğlu qeyd edib ki, ancaq ermənilər yenə səhv etmiş, Heydər Əliyev faktorunu düzgün qiymətləndirə bilməmişdilər:

“Tarix məhz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin tarixi ədaləti bərpa edə bildiyini sübut etdi. Ermənilərin və onların havadarlarının yüz il ərzində qurduqları işğalçılıq strategiyasını və Qarabağı Azərbaycandan qoparmaq niyyətlərini alt-üst edib tarixin arxivinə göndərdi. Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, biz bu tarixi qüruru əbədi olaraq yaşayacağıq”.

Milli Məclisin deputatı əlavə edib ki, Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi, Azərbaycan Ordusunun gücünün, qüdrətinin göstəricisi, eyni zamanda erməni işğalçı ordusunun biabırçı məğlubiyyətinin bütün dünyaya nümayişi oldu.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər