26 Aprel 2021 11:06
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yalan və saxtakarlıq edən ermənilər bir çox hallarda siyasətçiləri də öz çirkin oyunlarına alət edirlər. 100 ildən çoxdur ki, az qala bütün dünyanı bezdirən bu zehniyyət öz mövqeyi, gücü olan dövlətləri təzyiq altında saxlamağa çalışır. Çox təəssüf ki, bəzən siyasi liderlər məsələnin mahiyyətinə varmadan erməni yalanlarına açıq ələt olur. Dünyada özünü demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının təminatçısı kimi təqdim edən bir dövlət liderinin erməni yalanlarına alət olması qəbuledilməzdir.

Bunu Teleqraf.com-a YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, ABŞ prezidenti Co Bayden "soyqırımı" deməklə həqiqətə, reallığa nə dərəcədə önəm verməsini nümayiş etdirdi:

“Bu gün dünyada qardaş Türkiyə söz sahibidir. Onun gücü həm regional, həm də beynəlxalq müstəvidə qəbul olunur. Türkiyə qlobal bir güc mərkəzidir. Sözsüz ki, yerləşdiyi bölgədə olan proseslər, terrorizmə, separatçılığa qarşı barışmaz bir mövqenin olması çoxlarını narahat edir. Türkiyənin İraqın şimalında terrorçulara və separatizmə qarşı apardığı əhəmiyyətli mübarizə bir çox qüvvələrin ciddi narahatlığına səbəb olub. Eyni zamanda qardaş ölkədə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən islahatlar, Türkiyəni beynəlxalq güc sahibinə çevirib. Dövlət idarəetmə sisteminin dəyişdirilməsi, parlamentli ölkədən prezident üsul idarəsinə keçid sözsüz Türkiyədə hədəfləri olan qüvvələri məyus etdi. Bir çox hallarda Türkiyədə olan siyasi qüvvələr hesabına öz maraqlarını bu və ya digər formada diktə etməyə cəhd edənlərin qarşısına ciddi sədd çəkildi. Ölkədə monolit bir idarəetmə sistemi formalaşdı. Türkiyə yerləşdiyi regionda öz qonşuları və tərəfdaşları ilə ciddi əlaqələr qurdu”.

Cavid Osmanov hesab edir ki, ABŞ Türkiyənin bir çox dövlətlərlə açıq münasibətlərindən narahatlığını gizlətmir:

“F-35 təyyarlərinin proqramından Türkiyənin uzaqlaşdırılması, Rusiya ilə olan münasibətlər fonunda baş verdi. S-400 raketlərinin Türkiyə tərəfindən alınması, “Patriot” müdafiə sistemlərindən imtina, sözsüz ki, ABŞ-ın maraqları ilə uzlaşmır. Çünki ABŞ hər zaman onun maraqlarına uyğun siyasət yürüdən ölkələri dəstəkləyir. Onun maraqlarına zidd olan prinsiplər olduğu halda isə təzyiq və təqiblər həyata keçirilir”.

Millət vəkilinə görə ABŞ həqiqətən də tarixdə soyqırımı və terror izləri axtarırsa, mərkəzi ofisi Bostonda yerləşən erməni terrorizminin nüvəsini təşkil edən "Daşnaksütyun" partiyasının arxivinə diqqət etsin:

“Bütün dünya ermənilərin terrorundan, onların əli ilə həyata keçirilən qanlı cinayətlərin mahiyyətindən məlumatlıdır. Amma ABŞ prezidenti erməniçiliyin və erməni lobbisinin diqqətində olub. Azərbaycan cəmiyyəti də C.Baydeni ölkəmizə qarşı məlum qərəzli “907-ci” düzəlişdən yaxşı xatırlayır. ABŞ- “erməni ittifaqının” yaxın dostu olan C.Bayden ABŞ prezidenti kürsüsündən saxtakarlığa və yalana hesablanmış bir oyuna alət olursa, bu, təəssüf doğurur”.

Deputat xatırladıb ki, türklərə və azərbaycanlılara qarşı qanlı terror aktları məhz ermənilər tərəfindən həyata keçirilib:

“Bir sıra xarici ölkələrdə Türkiyə səfirlərinə və nümayəndələrinə qarşı erməni terrorçularının, “ASALA”nın qanlı qətliamları unudulmayıb. XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı sonradan Ermənistanda siyasi hakimiyyətdə olan bir səhra komandirinin rəhbərliyi ilə həyata keçirilib. Sərkisyanın bununla bağlı özünün etirafı var ki, Xocalıdakı qətliama qədər azərbaycanlılar onlara qarşı mərhəmətli olacağımızı düşünürdülər, amma biz o sterotipləri qırdıq. Bütün bunlar ortada ola-ola yüz ildən çox zaman üzərində keçmiş və heç bir həqiqəti özündə əks etdirməyən iddialara alət olmaq və bunun bir tərəfi kimi çıxış etmək tarixin utancverici hissəsidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər