İşğaldan azad edilən torpaqlarda yenidənqurma işlərinə cənab Prezident xüsusi olaraq yanaşır. Burada gedən bütün işlərə dövlət başçısı özü rəhbərlik edir və təşəbbüslər də onun tərəfindən edilir. Bu, artıq yeni bir şəhər, qəsəbə, kənd anlayışını özündə ehtiva edir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bildirib.
Onun fikrincə, Qarabağda tətbiq edilən yeni idarəçilik forması Azərbaycan modeli kimi gələcəkdə digər ölkələr üçün bir nümunə olacaq:
“Bu yanaşmalar gələcəyin şəhərinin, kəndinin, qəsəbəsinin real təzahürü hesab olunur. Zəngilanın Ağalı kəndində tətbiq edilən layihədə bunu açıq görmək mümkündür. Ağdam şəhərinin bünövrəsinin qoyulmasında da bu prinsiplər əsas götürülüb. Təqdimatlar göstərir ki, Ağalıda, Şuşada, Ağdamda və digər azad olunan ərazilərdə gələcəyin idarəçilik prinsipləri tətbiq olunacaq. Bu yanaşmalar Azərbaycan Prezidentinin bir novator ölkə rəhbəri olduğunu da göstərir. Eyni zamanda özünə inamın, güvənin və gələcəyə olan baxışların bir daha ifadəsidir. Bunlar sözsüz ki, dünyanın diqqətini cəlb edəcək proyektlərdir”.
Millət vəkili hesab edir ki, bu layihələrin icrası üçün dost ölkələrin qabaqcıl, modern imkanlara malik şirkətləri prosesə cəlb olunub:
“Rəqəmsal texnologiyanın son yenilikləri bu ərazilərdə tətbiq ediləcək. Bu, Azərbaycan vətəndaşının da daha müasir formada biliklərə sahiblənməsini şərtləndirəcək. İnsan kapitalının inkişafına da mühüm töhvə olacaq. Təkcə ağıllı kənd, şəhər layihəsi ilə iş bitməyəck. Yeni, müasir düşüncəli insanların yetişməsi üçün ciddi baza da yaranacaq. Yaxın 10 illiklərdə bunun uğurlu nəticələrini də müşahidə edəcəyik”.
Musa Quliyev Qarabağda quruculuq, abadlıq işlərində qardaş Türkiyənin iştirak imkanlarından bəhs edib:
“Bütün bunlar “Bir millət, iki dövlət” ideyasının real təcəssümüdür. Gələcəkdə iki qardaş dövlət birlikdə fəaliyyət göstərəcək. Bu fəaliyyət sülhə, əməkdaşlığa töhvə vermək və regionda təhlükəsizliyi dərinləşdirmək üçün bir faktor olacaq. Qardaş Türkiyənin Qarabağın işğaldan azad olunmasında mənəvi dəstəyini xalqımız heç vaxt unutmur. Cənab Prezident tərəfindən bu məsələ hər zaman xüsusi olaraq vurğulanır. Şuşada Uzeyir Hacıbəylinin adını daşıyacaq məktəbin tikintisi də bu sadalananların ifadəsidir. Bununla bir daha bütün dünyaya bəyan edilir ki, Azərbaycanla dost ölkələr quruculuq, abadlıq işlərində yer alacaq”.