5 İyun 2021 09:16
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Baş Komandanın rəhbərliyi ilə Müzaffər Ordumuz 30 il erməni işğalında qalan Qarabağı azad etdi. Bu gün azad edilən ərazilərdə ermənilərin mənfur niyyətlə basdırdıqları minaların təmizlənməsi və quruculuq-abadlıq işləri çox geniş və ardıcıllıqla həyata keçirilir. İşğaldan azad edilmiş bölgələrimiz bu gün tikinti meydançasını xatırladır. Artıq bu ərazilərdə daha mütərəqqi ideyaların tətbiqi üçün mühüm layihələr reallaşdırılır.

Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafına yeni yanaşmalar mühüm töhvə verəcək:

“Həyat inkişaf edir. Dünyada baş verən yeniliklər demək olar ki, hər gün həyatımızda belə hiss edilir. İnkişaf etmiş dövlətlərin özündə belə artıq yeni iqtisadi yanaşmalar tətbiq olunur. Bu tək Avropa ölkələrinə aid deyil. İnkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər iqtisadi tarazlığı saxlamaq, kənd təsərrüfatında, aqrar sektorda daha mütərəqqi addım atmaq üçün böyük təşəbbüslər edirlər”.

Professor bildirib ki, “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları bu gün azad edilmiş Azərbaycan torpaqlarında geniş şəkildə tətbiq edilir:

“Bu, gələcəyə hesablanmış bir konsepsiyadır. Elm tutumlu sahələrin inkişafı sözsüz ki, daha çox məhsuldarlığın əldə olunmasına imkan yaradacaq. Bu, eyni zamanda Azərbaycanın özünün iqtisadi əsaslarının daha etibarlı formada təminatında da mühüm töhvə hesab edilir. Dünyada bu gün ərzaq təhlükəsizliyi məsələsinin gündəmdə olduğu dövrdə Azərbaycan iqtisadi əsaslara malik olan layihələrlə çıxış edir. Bu, ənənəvi kənd təsərrüfatından imtina etmək demək deyil. Sadəcə olaraq müasir və keyfiyyətli aqrotexniki vasitələrlə daha çox məhsul əldə etməyə imkan yaradılır. Sözsüz ki, məhsulun yetişdirilməsi ilə yanaşı onun yığımı da önəmlidir. Bu sahədə də yeni texnologiyalar tətbiq edilir. Həmçinin “ağıllı suvarma" nəticəsində daha az su ilə böyük sahələrin suvarılmasına imkan yaranacaq”.

Eldar Quliyevə qeyd edib ki, Qarabağın məhsuldar torpaqlarının istifadəsi Azərbaycanda kənd təsərüffatı məhsullarının istehsalına, qeyri-neft sektorunun daha da genişlənməsinə, ölkə iqtisadiyyatının çox spektirli inkişafına zəmin yaradacaq:

“Qarabağ torpağı hər zaman məhsuldar olub. Azərbaycanın bu bölgəsi özünün su ehtiyyatları, faydalı qazıntıları, təbii resursları ilə zəngindir. Kəlbəcərdə olan müalicəvi əhəmiyyatli su ehtiyatları dünyada məhşurdur. Eyni zamanda əvvəllər Qarabağ bütün dünyada at cinsləri ilə tanınırdı. Xalçaçılıq və digər ənənəvi sahələr bu bölgədə ixtisaslaşmışdı. Ermənilərin ekologiyaya vurduqları zərbə nəticəsində təbiətin də ahəngi pozulub. Amma bütün bunlar geridə qaldı. Artıq bu ərazilərə yenidən həyat qayıdıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər