12 İyun 2021 14:13
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un sualllarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, müharibə bitsə də, sərhəddə erməni təxribatları səngimir. Düşmən minaların xəritəsini vermək istəmir. Minaların partlaması nəticəsində isə Azərbaycan vətəndaşları zərər görür. Bəzi təşkilatlar isə bunlara baxmayaraq yenə də Azərbaycanı ittiham etməyə fürsət axtarır. Ölkəmizə qarşı bu cür yanaşmanı necə izah etmək olar?

- Mina partlayışı əslində erməni hərbi qüvvələrinin Azərbaycana qarşı öz xəyyallarında apardıqları müharibənin tərkib hissəsidir. Ümumilikdə onlardan hər hansı bir xəritənin əldə olunması qeyri-mümkündür. Yalnız o zaman məsələ reallaşa bilər ki, Azərbaycan Ermənistana öz xəritəsini qəbul etdirəcək. Bundan sonra minasız ərazilər də öz-özlüyündə bərqərar olunacaq, tanınacaq. Əks halda ermənilər "bizim olmayıbsa, heç kimin olmasın" - prinsipi ilə hərəkət edirlər. Minalamaq əsas olaraq mülki insan itkiləri və yaxud da hərbçilərin ölümü üçün edilməyib. Əsas başlıca hədəf odur ki, ermənilər bu ərazilərə faktiki olaraq özlərininki kimi baxmayıblar. Amma Azərbaycan bu cür mina basdırma siyasətindən istifadə etməyib. Ermənilərin əksəriyyəti elə Azərbaycanın ədalətli müharibəsində üz-üzə gedən döyüşlərdə məhv edilib. Kəmfürsət və digər hüquqdan uzaq vasitələrlə savaş aparmaq qəbul edilmir.

- Azərbaycan üçün hazırda əsas istiqamət necə olmalıdır?

- Əsas istiqamət müharibənin qalibi kimi düşmənə bu coğrafiyada azərbaycanlılarla yaşamaq şərtinin yalnız ərazi bütövlüklərinin tanınması ilə olacağını qəbul etdirməkdən ibarətdir. Biz indi 2020-ci ilin sentyabrın 26-dan müqayisə olunmayacaq dərəcədə yaxşı bir vəziyyətdəyik. Bunu hamı qəbul edir. Növbədə yalnız öz baş nazirini və yaxud o vəzifəni icra edəcək şəxsi özünü güllələməyə çağıran sabiq rəhbərlər varsa, avtomatik onlar müharibəni uduzduqlarını bəyan edirlər. Heç olmasa bu nöqtədə bizim daxildə nəticələrə fərqli baxan insanlar da leksikonlarını bir qədər düzəltsinlər. Hə, demək olar Qarabağda olan hərbi birləşmələrin son qalıq dəstələri oradan çıxarılsın. Tələb etmək olar ki, oradakı sülhyaradıcı qüvvələrin mandatı, məsuliyyət dairəsi müəyyən olunsun. Yaxud da hansı nöqtələrdə tam nəzarət imkanı bərqərar oluna bilməyibsə, həmin məsələ də həll olunsun. Məsələn, məhz Kəlbəcər istiqamətindən düşmən kəşfiyyat dairələri belə bir təhlükəni törədiblər. Ancaq indiki vəziyyətdə 3 itkimiz hər an bizi ağrıtsa da, bununla bərabər bizim 90-cı ilərdəki görkəmi almaq, qələbəni əldən vermək, müharibənin nəticələrini bu və ya digər formada şübhələndirmək kimi bir mövqeyə gələsi deyilik. Yəni, ermənilər düşünürsə ki, bir addımlıqda gəlib bizim insanımızı, gənc oğullarımızı öldürəcəklər, yanılırlar. Düşünmürlərmi ki, bir qədər aralıda - Xankəndində özləri necə salamat yaşayacaqlar? Bilirsiz ki, Laçın dəhlizi də yalnız bir nəfəslik kimi Qarabağ ermənilərinə Azərbaycan konstitusiyasını tanıyacaqları və cinayətkar olmayacaqları təqdirdə hərəkət üçün verilib. Bu, Ermənistan ermənilərinə, təxribatçılara, diversantlara, mina daşıyanlara verilməyib. Bu məsələni ermənilər birdəflik beyinlərinə həkk etməlidirlər.

- Erməni təxribatlarına qarşı hansı şəkildə cavab verilməlidir?

- Azərbaycan son itkilərin əvəzini mütləq çıxacaq. Buna heç kəsin şübhəsi olmasın. Bunu qətiyyən razılaşmanın şərtlərini pozaraq edəsi deyilik. Mütləq həmin o minalar üzərində fəaliyyət planlaşdıran, bəlkə də bununla seçkilərin gedişinə təsir etməyə çalışan qüvvələr mütləq elə Kəlbəcərdə zərərsizləşdiriləcək. Çünki düşmən həmişə belə tələyə düşür. 30 il bundan əvvəl də bir belə günün yəni, hesab gününün çatacağı söylənirdi. İnanmırdılar. Düşünürdülər ki, sadəcə Şərq aləmində, müsəlmanlar öz aləmlərində hansısa bir ilahi qüvvəni köməyə çağırır. Elə, belə də yaşayıb keçəcəklər. Amma bizim dediklərimiz oldu. Ona görə də mina terroru, mina müharibəsi ifadələrinin ardınca onlar bir də görəcəklər ki, həqiqətən də minalar özlərinin ayaqlarının altındadır. Bu, mütləq belə olacaq.

- Son təxribatlar bölgədə sülhün pozulmasına hansısa şəkildə təsir edə bilərmi?

- Faktiki olaraq regiondakı bu kövrək sülhü mina partlayışları ilə zərbə altında qoymaq olmaz. Bu ermənilərə ziyandır. Çünki erməni xalqı sayca çox deyil. Ali Baş Komandan, cənab İlham Əliyevin söylədiyi hər bir sözün, hər bir fikrin bir tarixi mənası var. Əgər Ali Baş Komandan qeyd edirsə ki, biz mütləq Naxçıvana yolu açacağıq, Zəngəzur dəhlizi işləyəcək, kommunikasiyalar çalışacaq, deməli, mütləq olacaq. Ona görə də, məsələyə yalnız bu şərtlər altında baxmaq lazımdır. Deməli, bunun strateji planda təzyiq üçün müxtəlif rıçakları və alətləri var. O üzdən kimsə elə hesab etməsin ki, bu onları yalnız siyasi təhdid və hədəfdə saxlamaq üçündür. Bizim resurslarımız həddindən artıq çoxdur. Düşmən tərəfi iki əsgərini ölkəmizə cəsusluqda qınayaraq həbs edib. Bunlara yazılan o qədər böyük ittihamlar var ki, sanki bütün məğlubiyyət elə o iki əsgərin bizə məxfi xidmətindən keçib. Azərbaycan Ordusunun kəşfiyyat gücü yetərincə çox olub. Bu mühüm üstünlükdür. 90-cı illərdən fərqli olaraq ilk dəfədir ki, Azərbaycan düşmənin arxa cəbhəsində fəal iş aparmaq qüdrətindədir. Ancaq bununla bərabər Ordumuzun nailiyyətini başqa üçüncü, beşinci amillərlə eyniləşdirmək olmaz. Real döyüşdə, üz-üzə hərbi əməliyyatlarda Azərbaycan əsgəri sücaət və igidlik göstərib. Ona görə də 3 mülki şəxsin şəhidliyi düşmənin qansız, amansız zərbəsi qəti bir şəkildə ictimai fikri, milli düşüncəni, özünəgüvəndən, dövlətə inamdan Prezidentin həyata keçirdiyi mühüm tədbirlərin uğurlu nəticələrindən kənara çıxara bilməz. Azərbaycan orada, o ərazilərdə əkin işləri aparır artıq. Ermənilər isə torpağa ölüm əkir. Yəni, fərq ilk öncə bundadır. Azərbaycan xalqından ermənilərin prinsipial fərqi bundadır. Biz uzun illərdir ki, bunu söyləyirdik. Ona görə də Kəlbəcəri və yaxud digər əraziləri bizim üçün ölüm məkanına çevirə bilməzlər. Ora Vətənimizdir.

- Baş verən erməni təxribatlarında din amilinin, xristian düşüncəsinin hansı dərəcədə təsiri var?

- Ermənilər gəlib Xudavəngdə guya göz yaşı tökürlər. Müxtəlif dini rituallar icra edirlər. Amma onun bir addımlığına dini libasda olanların balaları mina əkir. Onların fərqi sözün əsl mənasında budur. Ona görə də Azərbaycan xalqı Xudavəng ətrafında təzim edən rahiblərin hansı oyunu həyata keçirdiklərini çox yaxşı bilir. Rahib libası geyinənlərinin çoxunun hərbi rütbəsi var. Ona görə də xalqımız hazırkı dövrdə itkilərimizin yerini dolduraraq, dövlətimizin qarşısında dayanan cari mühüm vəzifələrini, pandemiya və qələbədən sonra sosial-iqtisadi məsələləri həll etməkdədir ki, insanlarımız super əhval-ruhiyyədə azad edilmiş torpaqlarda yaşayış üçün bütün işləri görsünlər. Yoxsa o ərazilərdə bomba, minalar var deyə bir təhlükə saçıb "Böyük Qayıdış"dan xalqımızı daşındırmaq mümkün deyil. Əgər 30 il bundan əvvəl gördüklərini yarıb keçən millət minasız Qarabağ, məkan qurmağı da bacaracaq. Qarabağı da artıq minaya çevirmək mümkün deyil.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər