13 İyul 2021 15:19
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf etməkdədir. Ötən illər ərzində tərəflər qarşılıqlı əlaqələrin inkişafı istiqamətində vacib addımlar atıblar. Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə Komissarı Oliver Varhelyinin ölkəmizə səfəri də məhz bu kontekstdə dəyərləndirilməlidir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O bildirib ki, ölkəmizə səfəri çərçivəsində Oliver Varhelyi bır sıra görüşlər keçirib, faydalı müzakirələr aparılıb:

“Avropa İttifaqının nümayəndəsi Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş və güclü ölkə kimi səciyyələndirib. Cənab Oliver Varhelyi Ələt Beynəlxalq Dəniz Ticarət Limanını da ziyarət edib və bu limanın Şərq-Qərb nəqliyyat marşrutu üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Eyni zamanda, Azərbaycanın enerji sahəsində Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğu qeyd edilib. Ən önəmli məqam Avrpoa İttifaqının münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına töhvə vermək istəyidir. Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə Komissarı Oliver Varhelyinin ölkəmizə səfəri zamanı bu istiqamətdə də müzakirələr aparılıb. Eyni zamanda, ötən ay Avstriya, Rumıniya, Litva xarici işlər nazirləri və Avropa İttifaqının nümayəndə heyətinin regiona, o cümlədən ölkəmizə səfəri zamanı post-münaqişə dövründə sülh və əməkdaşlıq təşəbbüsləri xüsusi diqqət mərkəzində oldu. Bu, o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə öz töhfələrini verməyə hazırdır".

Deputat qeyd edib ki, bütün bunlar ölkəmizin yeni şəraitdə Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərində önəmli məqamlardır:

“Bütövlükdə, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivləri nöqteyi-nəzərindən önəmli dividentlər vəd edir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb”.

Sevinc Fətəliyeva əlavə edib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir:

“Bir neçə il əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Beləliklə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində bu sənəd də hüquqi baza rolunu oynayıb. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü bərpa edib. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə gücünü daha da artıran amillərdən biridir. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafında yeni reallıqlar öz əksini tapacaq, ölkəmizin Avropa İttifaqı üçün önəmi daha da artacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər